Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1164/2021 16.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6018,37 manat əsas borc, 7742,43 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 821,52 manat faiz borcu, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında xx xxxxxx 2014-cü il tarixli, 122.LN.2106.191214.00001 nömrəli kredit müqaviləsinə əsasən təmir-tikinti işləri məqsədi ilə cavabdehə 36 ay müddətinə, illik 22% dərəcəsi ilə 30.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin kredit müqaviləsi üzrə kreditin qaytarılmasını və faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində onun həmin müqavilə üzrə banka borcu yaranmışdır. Kredit borcunun qaytarılması barədə Cavabdeh dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faiz və cərimələr qaytarılmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh banka olan əsas borcu etiraf etdiyini, faiz borcu və cərimə borcu ilə razı olmadığını bildirmişdir. Məhkəmə tərəfləri dinləyərək iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etmədiyindən iddia əsas, faiz borcu hissəsində təmin olunaraq 6018,37 manat əsas borc, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 821,52 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə cavabdehdən 7742,43 manat məbləğində cərimə borcu tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, müqavilədə öhdəliyin icra edilmədiyi halda borcalanın dəbbə (cərimə, penya) ödəməsi öhdəliyinin üzərinə götürülməsi barədə müddəa nəzərdə tutulmamışdır. Odur ki məhkəmə hesab edir ki, cərimə tələbi təmin oluna bilməz və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 14 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6018,37 manat əsas borc, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 821,52 manat faiz borcu olmaqla, ümumilikdə 6839,89 (altı min səkkiz yüz otuz doqquz manat, səksən doqquz qəpik) manat borc, 14 (on dörd) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1164/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1164/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver