Məhkəmə qərarları › İş №2(004)-1166/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1166/2021

22.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1166/2021 22.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş “xxxx” MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş “xxxx” MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MMC ilə onun arasında bağlanmış 08.16.2017-ci il tarixli X5 əsasında lizinqə verilmiş RAVON NEXİA R3 markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh1 istifadəsinə verilmişdir. Digər Cavabdeh2 həmin sürücünü onunla tanış etmişdir və onun öhdəliklərinin tam olaraq yerinə yetirilməsinə dair şifahi öhdəlik götürmüşdür. Cavabdeh1 avtomobili idarə edərkən müqavilənin şərtlərini kobud şəkildə pozaraq 12 fevral 2019-cu il tarixdə yol hərəkəti haqqında qanun tələblərinə riayət etməyərək yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində X6 vəfat etmişdir. Həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İbtidai İstintaq və məlikəmə tərəfindən təyin edilmiş ekspert rəyinə və qüsur aktına əsasən ona 13090 manat məbləğində ziyan dəyməsi Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 20.09.2019-cu il tarixli, 1(005)-270/2019 saylı hökmü ilə öz təsdiqini tapmışdır. Aralarında bağlanmış 08.16.2017-ci il tarixli müqaviləyə əsasən avtomaşının istifadə və istismar qaydalarına riayət etmək, yol-nəqliyyat, yanğın və oğurluq hadisələri zamanı avtomaşına dəyən ziyanı ödəmək, avtomobili hər hansı bir səbəbdən icarəyə verənə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 dəfələrlə müqavilədə üzərinə götürmüş olduğu öhdəliyin icra olunmasını tələb etsə də, dəymiş ziyanın ödənilməsindən qərəzi şəkildə boyun qaçırır. “xxxx” MMC ilə onun arasında bağlanmış 08.06.2017-ci il tarixli X5nin 9.3.1-ci bəndinə əsasən lizinq obyektini sublizinqə və kirayəyə vermək hüququ ona verilmişdir. Göstərilənlərə əsasən məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13090 manat dəymiş zərərin əvəzinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirak olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) qeydiyyatda olduğu ünvan üzrə bildirişlər göndərilmiş, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Eyni zamanda məhkəmə tərəfindən bildirişlər cavabdehlərin qeydiyyatda olduğu yer üzrə Mənzil Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmş müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş “xxxx” MMC-nin nümayəndəsi izahatında bildirmişdir ki, 08.06.2017-ci il tarixdə X7 ilə “xxxx” MMC arasında X5 bağlanmışdır. Müqavilə əsasında «Ravon Nexia R3» minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 istifadəsi və sahibliyinə verilmişdir. X5nə 3 saylı əlavəyə əsasən X7 48 ay müddətinə illik 12 faiz olmaqla, ayda 363.42 azn olmaqla ümumilikdə 17443.81 azn ödəməyi öz öhdəsinə götümüşdür. X5ndən irəli gələn öhdəlikləri X7 icra etməkdədir. İddia tələbinə etirazları yoxdur və iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tam və obyektiv araşdıraraq, sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Lizinq alan X7 lizinq verən “xxxx” MMC arasında bağlanmış 08.06.2017-ci il tarixli, AL-1300saylı X5ndən görünür ki, tərəflər lizinq obyektini əldə edilməsini və 48 ay müddətində lizinq ödənişlərini həyata keçirilməsini öhdələrinə götürmüşlər. 19.11.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh1, “xxxx” MMC ilə X7 arasında bağlanmış 08.06.2017-ci il tarixli X5 əsasında lizinqə verilmiş Ravon Nexia R3» minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh1 19.11.2018-ci il tarixdən 08.12.2018-ci il tarixədək etibarnamə verilmişdir. AC seriyalı, 952114 nörməli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Ravon Nexia R3 minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi “xxxx” MMC-dir. “xxxx” MMC-nin 27.05.2019-cu il tarixli qüsur aktından görünür ki, «Ravon Nexia R3» minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği ümumilikdə 13090 manat müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-270/2019 saylı, 18.09.2019-cu il tarixli hökmündən görünür ki, Cavabdeh1 12.02.2019-cu il tarixdə Ravon Nexia R3 minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə o, AR CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə ona 05 il 03 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Ədliyyə Nazirliyi MEM-nin 9/1652 saylı, 27.04.2021-ci il tarixli ekspert rəyindən görünür ki, “xxxx” MMC tərəfindən təqdim edilmiş 27.05.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı Ravon Nexia R3 minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12259 manat müəyyən edilmişdir. “xxxx” MMC-nin məhkəməyə ünvanladığı 04.06.2021-ci il tarixli məktubdan görünür ki, X7 AL-1300 saylı X5 üzrə borcu tam olaraq ödəmiş və lizinq alanın qeyd edilən lizin müqaviləsi üzrə heç bir öhdəliyi qalmamışdır. Məhkəmə baxışı zamanı iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, lizinq alan X7 lizinq verən “xxxx” MMC arasında bağlanmış 08.06.2017-ci il tarixli, AL-1300saylı X5nə əsasən tərəflər lizinq obyektini əldə edilməsini və 48 ay müddətində lizinq ödənişlərini həyata keçirilməsini öhdələrinə götürmüşlər. “xxxx” MMC tərəfindən X5 əsasında lizinqə verilmiş Ravon Nexia R3» minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh1 19.11.2018-ci il tarixdən 08.12.2018-ci il tarixədək etibarnamə verilmişdir. Cavabdeh1 12.02.2019-cu il tarixdə Ravon Nexia R3 minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş və bu hal Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-270/2019 saylı, 18.09.2019-cu il tarixli hökmü ilə öz təsdiqini tapmışdır. Həmin hökmə əsasən sonuncu, AR CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə ona 05 il 03 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Hadisə nəticəsində lizinq müqaviləsinə əsasən X3 istifadəsində olan Ravon Nexia R3 minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymiş və Ədliyyə Nazirliyi MEM-nin 9/1652 saylı, 27.04.2021-ci il tarixli ekspert rəyinə əsasən dəymiş ziyanın məbləği 12259 manat müəyyən edilmişdir. İş materialları ilə eyni zamanda iddiaçı X3 AL-1300 saylı X5 üzrə borcu tam olaraq ödəməsi və lizinq alanın qeyd edilən lizin müqaviləsi üzrə heç bir öhdəliyinin qalmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-nin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, qüvvədə olan hökmlə müəyyən edilən qanunazidd hərəkətləri nəticəsində iddiaçının məruz qaldığı ziyandan məhz Cavabdeh1 məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.12.2017-ci il tarixli Qərarına əsasən sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər (V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərar). Qeyd olunduğu kimi, lizinq müqaviləsi üzrə lizinq verən lizinq obyektinin mülkiyyətçisi olaraq qalsa da, sahiblik və istifadə hüquqlarının lizinq alana verilməsi sonuncunu əmlakın qanuni sahibinə çevirir. Eləcə də mülkiyyətçi müqavilə əsasında özünə mənsub olan əmlaka dair sahiblik və istifadə hüququnu qarşı tərəfə vermişsə, münasibətlərin tənzimlənməsi zamanı tərəflərin qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən müqavilə şərtləri nəzərə alınmalıdır. Belə ki, müqavilə əsasında əmlakda sahiblik və istifadə hüququnu əldə edən tərəf əmlaka dair hansı həcmdə öhdəlik götürərək məsuliyyət daşıyırsa, o həcmdə də üçüncü şəxslər qarşısında tələb etmək hüququna malik olmaqla öz sahiblik hüquqlarını müdafiə edə bilməlidir. Mülki Məcəllənin 748-7.1-ci maddəsinə görə, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məhkəmə iddia tələbinin digər Cavabdeh2 da tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materialları ilə iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəymiş zərərin Cavabdeh1 tərəfindən yetirilməsi müəyyən edilmiş və eyni zamanda, həmin zərərin yetirilməsində digər cavabdehin hər hansı bir əməlinin olması barədə iddiaçı tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 maddi zərərin əvəzi olaraq 12259 (on iki min iki yüz əlli doqquz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X4 ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 maddi zərərin əvəzi olaraq 12259 (on iki min iki yüz əlli doqquz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X4 ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 6.35%-i, yəni 1 (bir) manat 90(doxsan) qəpiyi iddiaçı X4 aid edilsin, qalan 93.65%-i, yəni 28 (iyirmi səkkiz) manat 10 (on) qəpiyi isə Cavabdeh1 tutularaq iddiaçı X3 xeyrinə ödənilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərcinin 6.35%-i, yəni 6 (altı) manat 35 (otuz beş) qəpiyi iddiaçı X2, digər 93.65%-i, yəni 93 (doxsan üç) manat 65 (altmış beş) qəpik məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar