Məhkəmə qərarları › İş №2(004)-118/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-118/2025

10.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-118/2025 10.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: maddi zərər) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi ilə, İddiaçı Cavabdeh, Müstəqil tələb irəli sürməyən “X10” MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilinə dəymiş zərər nəticəsində 11405 manatın ödənilmiş 125 manat dövlət rüsumunun cəmi 11530 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 yanvar 2024-cü il tarixdə saat 13:45 radələrində Cavabdeh etibarnamə əsasında idarə etdiyi “Kia Optima” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi ilə hərəkətdə olarkən qarşıda svetoforun qırmızı işığında dayanmış X1 idarə etdiyi VAZ-210 markalı, **-BG- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxası ilə toqquşmuş, daha sonra yolu keçən piyada X4 vurmuş və digər avtomobillərə çırpılmışdır. Nəticədə piyada N.Həsənov, VAZ-2107 markalı avtomobilin sürücüsü M.Salihov, “Kia Optima” markalı avtomobilin sərnişinləri X7 və X9 xəsarət alaraq KTM-ə müraciət etmişlər. Müəyyən edilmişdir ki, Cavabdeh idarə etdiyi “Kia Optima” markalı avtomobillə Yasamal rayonu, Əsəd Əhmədov küçəsi ilə üzü Talıblı küçəsi istiqamətinə 70 km/saat sürətlə idarə edərkən astma xəstəliyi olduğuna görə özünü piss hiss etmiş və çaşdığından tormoz pedalı əvəzinə qaz pedalı basaraq qarşıda eyni cərgədə svetaforun qırmızı işığında dayanmış “Vaz-2107” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasına çırpılmış, həmin avtomobil isə qarşısında dayanmış “Opel Astra” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasına çırpılmış, sonra isə idarə etdiyi avtomobil sağ tərəfə istiqamətlənib yolun sağ kənarında dayanmış vəziyyət olan “Toyota Corolla” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan arxa hissəsinə çırpılmış və həmin avtomobil isə zərbədən irəli hərəkət edərək qarşısında dayanmış “Ford Fusion” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasına çırpılmış, sonra isə idarə etdiyi avtomobil yolun sol cərgəsində dayanmış “Xəzər” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasına dəyib yolun ortasında dayanmışdır. Nəticə etibarilə ona məxsus avtomobilə 11405 manat ziyan dəymişdir. Onu da qeyd edir ki, Cavabdeh avtomobili etibarnamı ilə idarə etsə də, avtomobilin əsl sahibi iddiaçıdır. Hadisə nəticəsində avtomobil demək olar ki, yararsız vəziyyətə düşmüşdür. Avtomobilin fotoşəkilləri iddia ərizəsinə əlavə olunmuşdur. Cavabdehə avtomobilin təmiri ilə bağlı müraciət etməsinə baxmayaraq bu günə qədər də onu müəyyən bəhanələrlə aldatmış, dəyən zərərin bu gün, sabah verəcəyini bildirmişdir.

3. Daha sonra cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq iddianın təmin olunmamasını xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı əsassız söz toplusundan ibarət iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və heç bir sübutu və əsası olmadan məndən pul tələb etmişdir. İddianın nə hüquqi, nə də faktiki əsası yoxdur. Ümumiyyətlə, iddiaçının həmin tələbi ona qarşı irəli sürmək üçün onun subyektiv hüququ olmalıdır. İddiaçı isə hansı yolla olursa olsun qanundan sui-istifadə edərək, ona qarşı tələb irəli sürmüşdür. AR Konstitusiya Məhkəməsinin müvafiq Qərarına (xx.xx.2008-ci il) əsasən subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar. 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ. 3. Müdafiə huququ. AR Konstitusiya Məhkəməsinin mövqeyinə görə subyektiv hüququn 2-ci elementləri 1-ci elementin mövcüdluğu ilə bağlıdır. 1ci element isə bəzən yalnız qanunla müəəyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, hazırki iddia tələbi üzrə iddiaçının tələb irəli sürməyə subyektiv hüququnun olub-olmamasını və onun iddiaya cavab verməli olub-olmamağını məhkəmə yoxlamalıdır. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, o, xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən “X15” MMCdən (Renat a Car) etibarnamə əasında KİA OPTİMA markalı, ** VX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün götürmüşdür. Avtomobil ilə Yasamal rayonu, Ə.Əhmədov küçəsi istiqamətində hərəkətdə olarkən astma xəstəliyinin anidən tutması səbəbilə özünü pis hiss etmişdir idarəetməmi itirmişdir və havanın da çiskinli olmasından irəli gələrək yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə yolun hərəkət hissəsində işıqforun qırmızı işığında dayanan digər avtomobillərə və şəxsə zərər dəymiş, həmin şəxslərə dəyən bütün zərər isə tərəfindən tam şəkildə ödənilmişdir. İş üzrə Bakı şəhəri Yasamal RPİ-də araşdırma aparılmış və nəticə olaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qanunvericliyin tələblərinə uyğun olaraq o, zərərçəkmiş şəxslərlə barışdığına və onlara dəymiş zərəri ödədiyinə görə yalnız inzibati məsuliyyətə cəlb edilməlidir. O inzibati xəta törətmişdir və bununla bağlı cəriməni də ödəmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi, o, nəqliyyat vasitəsini etibarnamə əsasında götürmüşdür və etibarnamə ona iddiaçı tərəfindən deyil, “X15” MMC tərəfindən verilmişdir. Yəni, o, iddiaçı qarşısında heç bir məsuliyyət və öhdəlik daşımır. Onların iddiaçı ilə aralarında heç bir müqavilə və s. danışıq olmamışdır. İş materiallarına əlavə edilən etibarnamələrin surətlərindən də görünür ki, iddiaçı nəqliyyat vasitəsini “X15” MMC-yə etibarnamə əsasında yalnız sürmək (idarə etmək) üçün vermişdir. Belə olan halda, iddiaçı öz əmlakını üçüncü şəxsə etibar etmiş olur, ona yox. Bununla bağlı artıq avtomobilə dair bütün məsuliyyət üçüncü şəxsindir və avtomobilə dəyəcək hər hansı zərərə dair avtomobili sığortalamalı idilər. O, avtomobili "yoldan keçən" hər hansı şəxsdən götürməmişdir icarəyə. "Rent a car" olan üçüncü şəxs avtomobilin kasko sığortasını qarşılamalı idi. Görünür ki, burada üçüncü şəxsin hər hansı marağı olmuş və ya onlar hüquqdan sui-istifadə öz məsuliyyətlərindən yayınmışlar. Hesab edir ki, ümumiyyətlə "X15" MMC-nin vergi ödəyicisi olub-olmaması və fəaliyyətinin qanun çərçivəsində olub-olmaması araşdırılmalıdır. Hesab edir ki, iddia tam əsassız və qanunsuzdur. İddiaçı hüquqdan suiistifadə edərək hansısa maraqlardan irəli gələrək heç bir subyektiv hüququ olmadan ondan pul tələb edir və bununla da ona ziyan vurmağa çalışır. Bu isə məhkəmənin və onun əsassız olaraq vaxtlarının alınması ilə nəticələnir.

İİ.Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək, ekspert rəyinə uyğun hissədə iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir.

7. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən “X10” MMC-nin nümayəndəsi izahat verərək bildirmişdir ki, qüsur aktı onların servisi tərəfindən tərtib edilmişdir. Maşın onların servisində təmir olunub və bütün qüsurları aradan qaldırılıb.

İİİ Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. xx.xx.2023-cü il tarixli nəqliyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən olunur ki, “Kia Optima” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir.

10. Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında xx.xx.2023-cü il tarixli 582629 nömrəli etibarnaməyə əsasən X6 mülkiyyətində olan “Kia Optima minik” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə etmək üçün 5 il müddətinə “X15” MMC-yə verilmişdir.

11. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 01 may 2024-cü il tarixli qərara əsasən 10 yanvar 2024-cü il tarixdə Cavabdeh idarə etdiyi “Kia Optima” markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, Ə.Əhmədov küçəsi ilə hərəkətdə olarkən qarşıda svetafonur qırmızı işığında dayanmış X1 idarə etdiyi VAZ-2107 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxası ilə toqquşması, daha sonra yolu keçən piyada X5 vurması və digər avtomobillərə çırpılması ilə bağlı toplanmış materiallar Cavabdeh hadisəni törətdikdən sonra zərərçəkmiş şəxslərlə barışdığından və ziyan ödənildiyindən cinayət işinin başlanması rədd edilmişdir.

12. “X18” tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 001234 nömrəli zərər aktına əsasən “Kia Optima” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir bərpası üçün ümumilikdə 11405 manar zərər dəymişdir.

13. 08 yanvar 2024-cü il tarixli etibarnaməyə əsasən müəyyən olunur ki, "xxxx" MMC ona məxsus olan “Kia Optima” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 yanvar 2023-cü il tarixədək idarə etmək üçün Cavabdeh vermişdir.

14. Azərbaycan Respublikası Ədiyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 noyabr 2024-cü il tarixli, 9/7603-8/2656 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, nəzəri hesablana yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktında 2013-cü il buraxılışlı “Kia Optima” minik markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 3880 manat məbləğində olduğu müəyyən edilmişdir. O cümlədən: dəyişilməli hissələrin dəyəri – 2380 manat, təmir işlərinin dəyəri – 1500 manat. "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktında göstərilən sol oynaq birləşməsi adlı ehtiyat hissəsi aydın olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır.

15. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2).

18. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

19. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

20. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

21. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsulyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir.Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.

23. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materialları əsas götürülməklə iddia qismən təmin edilməlidir.

24. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan da göründüyü kimi, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Həmçinin, hadisə baş verən vaxt Cavabdeh etibarnamə əsasında avtomobilə sahiblik etmişdir.

25. Məhkəmə tərəfindən təyin edilməsi labüd hesab edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyində "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Kia Optima” minik markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 3880 manat müəyyən edilmişdir. Məhkəmə "xxxx" tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən verilmiş rəydəki qiyməti, yəni 3880 manatı əsas götürülməsi daha məqsədəmüvafiq hesab edir.

26. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Məhkəmə iddiaçının avtomobilinə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin 3880 manat təşkil etdiyini, həmin məbləğin ağlabatan olduğunu və bu halı təkzib edən hər hansı bir sübutun mövcud olmadığını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, 3880 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

28. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu 59 manat hissədə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə İddiaçı özünə aid edilməlidir.

30. Həmçinin iddia qismən təmin edildiyindən keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

V Nəticə:

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 3880 (üç min səkkiz yüz səksən) manat məbləğində maddi ziyana görə pul və 59 (əlli doqquz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə İddiaçı özünə aid edilsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar