Məhkəmə qərarları › İş №2(004)-1181/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1181/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1181/2022 24.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı Cavabdeh qarşı pul və əldən çıxmış fayda tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 50 000 manat pulun, cavabdehin təqsirli hərəkətləri nəticəsində məhrum olduğu əldən çıxmış fayda kimi qiymətləndirilərək, əlavə 10 000 manat pulun, cəmi 60 000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış məlumata əsasən Yasamal Rayon Məhkəməsinin 19.07.2018-ci il tarixli 2(004)-4478/2018 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı eyni əsaslarla 50 000 manat pul tələbinə dair iddiası təmin edilmişdir. Hesab edirəm ki, iddianın 50 000 manat pul tələbinə dair hissəsi üzrə eyni tərəflər arasında, eyni predmet və eyni əsaslarla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Bundan əlavə cavabdehdən iddiaçının xeyrinə 10 000 manat əldən çıxmış faydanın tutulması hissəsində iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Lakin iddiaçı tərəfindən qanunun bu tələblərinə əməl edilməmiş, iddia ərizəsində tərəflərin məlumatları natamam göstərilmişdir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdehdən iddiaçının xeyrinə 50 000 manat pulun tutulması hissəsində iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Cavabdehdən iddiaçının xeyrinə 10 000 manat əldən çıxmış faydanın tutulması hissəsində iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş N 2(004)-1181/22 Yasamal Rayon Məhkəməsi Məhkəmə iclasından kənar prosessual hərəkət barədə Protokol Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı Cavabdeh qarşı pul və əldən çıxmış fayda tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 24 yanvar 2022-ci il tarixdə nəzərdən keçirib iddia ərizəsinin geri qaytarılması və iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi barədə qərardad qəbul etdim. Protokol 24.01.2022-ci il tarixdə saat 14.00-da tərtib edilib. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar