Məhkəmə qərarları › İş №2(004)-1190/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1190/2021

30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1190/2021 30.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh1 qarşı “borc” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “kredit müqaviləsinin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 10.12.2020-ci il tarixdə məhkəməyə müraciət edərək 23.10.2020-ci il tarixli kredit (borc) müqaviləsi üzrə 17600 (on yeddi min altı yüz) manat məbləğində pul Cavabdeh1 İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh1 01.02.2021-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı “pul” tələbinə dair iddiasının rədd olunması, İddiaçı ilə onun arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı 15.04.2021-ci il tarixdə ərizə verərək Cavabdeh2 əlavə cavabdeh kimi işə cəlb olunmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 19.04.2021-ci il tarixdə etiraz ərizəsi verərək qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirir ki, 23.10.2020-ci il tarixində İddiaçı və Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Aralarında bağlanmış kredit müqaviləsi Bakı şəhəri 12 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiqlənmişdir. Həmin müqavilənin 1-ci və 2-ci bəndinə görə, borcalan Cavabdeh1 İddiaçı aldığı 17600 (on yeddi min altı yüz) manat məbləğində pulu 10 noyabr 2020-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə, bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 pulu qaytarmır. Onuda qeyd edir ki, qarşılıqlı iddiada göstərilənlərin ilk iddiaya aidiyyatı yoxdur. Orada başqa şəxslərin adı keçir. Müqavilə isə Əlövsətlə Samir arasında bağlanmışdır. Cavabdeh1 bildirdiyi təzyiqlərə aid sübutu yoxdur. Notarius dövlət orqanıdır, müqavilə notariusda təsdiq olunmuşdur. Əgər təzyiq olsa idi, notariusda etiraz edə bilərdi. İddiaçı adi bir vətəndaşdır. Heç bir səlahiyyəti, hansısa təzyiq imkanı olmayan sadə vətəndaşdır. Əgər qarşı tərəfin hansısa şirkətlə aralarında mübahisəsi varsa, həmin şirkəti məhkəməyə verə bilər, müqavilə isə Əlövsətlə bağlanmışdır, hansısa şirkətlə bağlanmamışdır. İlkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirir ki, adı çəkilən borc müqaviləsi hədə qorxu, basqı altında bağlandığına və həmin müqavilə üzrə ona pul verilmədiyinə görə həmin müqavilə etibarsız hesab olunmalı və bu müqavilə heç bir hüquqi nəticə yaratmamalıdır. Qeyd etmək istəyir ki, qarşıqlıqlı iddia üzrə iddiaçı 2019-cu il noyabr ayınadək Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi olmuş Əli Həsənovun və onun tabeliyində işləmiş İlqar Ağakişiyevin uşaqları Şamxal Həsənovun və Cavabdeh2 şərikli olaraq təsis etdiyi “xxxx” MMC-də 01 noyabr 2019-cu il tarixdən başlayaraq əvvəl qeyri-rəsmi, 2020-ci ilin yanvar ayından isə əmək müqaviləsi bağlanmaqla ekspeditor işinə başlamışdır. Rəsmi olaraq ona aylıq maaş kimi 260 manat, lakin qeyri-rəsmi olaraq isə satdığı malın 8 %-i ona verilməliydi. Bunun üçün şirkətin direktoru Cavabdeh2 təklifi ilə o əlavə olaraq vergi orqanlarında sahibkarlıq fəaliyyəti göstərəcək fiziki şəxs kimi qeydiyyatdan keçərək, VÖEN alaraq “xxxx” ASC-nin Gənclik filialında razılaşdıqları gəlirin 8 %-i həmin hesaba köçürülməsi üçün hesab açmışdır. Bundan başqa, spirtli içkiləri obyektlərə paylamaq üçün ona həmin şirkətdə audit kimi işləyən şəxsin adında olan “FORD Tranzit” markalı **-UV-*** nişanlı yük avtomaşını təhkim olunmuşdur. Cavabdeh2 şərtinə görə həmin avtomaşının texniki xidməti və yanacaq təchizi onun hesabına görülməli spirtli içkiləri realizə etmək üçün isə o, özü ticarət obyektlərini tapmalı və pulları da o yığmalı idi. Bildirmək istəyir ki, satmaq üçün Cavabdeh1 verilən spirtli içkilər qeyri-rəsmi olaraq, hesab fakturasız olmuşdur, o, sənəd istəyəndə isə ona bildirilmişdir ki, bu vergidən yayınmaq üçün edilir, belə olmasa gəlir əldə etmək mümkün olmaz. O, bunu işində problem olmaması, yəni satmağa verdiyi spirtli içkilərin satış obyektlərindən pulunu götürən zamanı mübahisənin olmaması üçün sənədləşmənin tələb olunduğunu bildirəndə, ona deyilmişdir ki, pulu gətirmək onun vəzifəsidir, buna görə şirkət qarşısında heç bir şərt qoyula bilməz. Bununla belə bildirmək istəyir ki, maaş kartını Cavabdeh2 əlindən alıb, özündə saxladı və bildirmişdir ki, bu maaşın ona heç bir aidiyyati yoxdur, malın satışı ilə bağlı bütün xərclər həmin kartdan və satdığı mala görə əldə olunan 8% faiz gəlirdən çıxılacaq. Bu minvalla o, 2020-ci ilin may ayı da daxil olmaqla işləmiş, şirkətin 80 000 min manatdan yuxarı malını satmışdır, həmin pulu şirkətə təhvil vermişdir. Lakin “COVİD 19” Pandemiyasına görə qoyulan qadağalarla bağlı spirtli içkilərin satışı ilə məşğul olan obyektlər, xüsusilə də xırda ticarətlə məşğul olan obyektlər bağlandığına görə spirtli içkilərin satışı dayandı, bir çox obyektlər bağlandı və mal payladığı 12 obyektin sahibini tapa bilməmişdir. Çətinlik yaradan amil isə “xxxx” MMCnin malın sənədsiz olaraq paylaması olmuşdur. “COVİD 19 pandemiyasını bəhanə gətirərək ona və onun kimi ekspeditor kimi işləyən işçilərə “xxxx” MMC-nin rəhbərliyi nə maaşı, nə də ki realizə edilmiş malın səkkiz faizini verdi. Bu səbəbdən o və digər işçilər 2020-ci ilin avqust ayında “AVROPA İNFO” internet resursuna müraciət etmişdir və həmin saytda “xxxx” MMC-nin rəhbərliyinin işçiləri maaşsız işlətməsi ilə bağlı məqalə çıxmışdır. Bu yazının onun təşkilatçılığı ilə baş verməsindən “xxxx” MMC-nin rəhbərliyi 2020-ci ilin oktyabr ayının ortalarında xəbər tutdu. Bundan sonra o, 23 oktyabr 2020-ci il tarixdə MMCnin Bakı şəhəri Mətbuat prospektində yerləşən anbarına çağırılmış və orada onu məqalə barədə sorğu-sual edən MMC-nin direktoru Cavabdeh2 boğazını əlləri ilə sıxıb, onun qohumu İlqar və İddiaçı hərəsi bir əlindən tutaraq onu söyüşlə təhqir edib, ona və ailə üzvlərimin başına oyun gətirəcəkləri ilə onu hədələdilər. Cavabdeh2 ona açıq şəkildə bildirmişdir ki, Əli Həsənov uzun müddət vəzifədə olmuşdur, onun vəzifədən getməsi onların kimsəsiz olması demək deyil, onların hər yerdə, o cümlədən hüquq-mühafizə orqanlarında adamları var, istəsələr onu tutdura da bilərlər. Bu təhdidlərdən sonra Cavabdeh2 həmin günlə 23.10.2020-ci il tarixlə yazılmış yekun aktına ona imzalatmışdır. Həmin akta görə onun şirkətə 17621 manat məbləğində borcunun olması qeyd olunmuşdur. Bununla belə onlar onu 12 saylı notariat kontoruna apararaq orada əlinə 17 000 manat verib notariusun yanında cavabdeh İddiaçıla kredit (borc) müqaviləsinə imzalatmışdır. Notariat kontorundan çıxanda isə, Cavabdeh2 çöldə pulu əlindən aldı və onu azad edərək bir daha hədələyib, ağıllı olmaq xəbərdarlığını etmişdir. 23.10.2020-ci il tarixdən o, 500 manat maaşla sürücü vəzifəsinə keçirilmişdir və havayı, ona maaş verilmədən 12 dekabr 2020-ci il tarixinədək sürücü olaraq işləmişdir. Maaş kartından pul MMC tərəfindən götürülürdü. Sözün düzü o, Cavabdeh2 ona qurduğu bu oyunu ciddiyə almamış, lakin 2020-ci ilin dekabr ayında məhkəmədən yaşadığı ünvana bildiriş gələndən sonra onunla ədavət aparmasını və məqaləyə görə onu “cəzalandırmaq” niyyətində ciddi olduğunu görmüşdür. Bildirmək istəyir ki, bu hadisədən sonra şirkətin nümayəndələri onunla spirtli içki verdiyi, işləyən obyektlərə gedərək, MMC-yə olan borcların bir qismini, üç min manatdan yuxarı pulu yığdılar və maşında olan ,“UNİBANK”-dan aldığı, içində 900 manat olan kredit kartını şifrə ilə birlikdə götürərək, hesabdan pulları çıxartdılar. Bundan sonra ona bildirilmişdir ki, onun şirkətə 13 000 manat borcum qalır. Qəti şəkildə bildirmək istəyir ki, onun nə şirkətə, nə də ki, İddiaçı borcu yoxdur. Əksinə MMC-nin ona borcu var ki, qanuna müvafiq olaraq o, bu pulları şirkətdən tələb edəcəkdir. Maaş kartının əlindən alınması, MMC-nin sənədsiz mallarını realizə silməsi üçün nəqliyyatın istismar xərclərinin Cavabdeh1 üzərinə qoyulması və əməyinin uzun müddət məvacibsiz istismar olunması başdan ayağa qanun pozuntusudur. Qeyd edir ki, 23.10.2020-ci il tarixlə tərtib olunmuş yekun aktda “ərazidə qalan müştəri borcu qeydi ilə qarşısında olan 6619.643 manat obyektlərdə qalmış malların məbləği olmuşdur ki, həmin məbləğin yarısı MMC-nin işçiləri tərəfindən obyektlərdən yığılıbdır. Aktda “ötən dövrdən qalan şirkət borcu şirkət ondan tələb edə bilməz. Qeyd edir ki, hər ay sürdüyü “FORD Tranzit” yük maşının istismarının aylıq xərci 450-500 manata başa gəlirdi. Hər ay fərqlənmə nişanı üçün 70 manat, yağın dəyişdirilməsi üçün 65 manat, digər xərclər nasazlığa və yanacağa sərf olunurdu. Bundan başqa istismar müddətində onun tərəfindən hər birisi 80 manat dəyəri olan işlənmiş 4 ədəd təkər alınmışdır. Bununla belə bildirmək istəyir ki, o, ötən ilin sentyabr ayında könüllü olaraq milli ordu sıralarına yazılmışdır. Komisarlığa onu Orxan Ağakişiyev ötürmüş və ona yol pulu kimi 20 manat vermişdir. Onu toplantı yerinə ötürərkən Orxan onun şirkətə və yaxud şirkətin işçilərinə hər hansı borcunun olmasını deməmişdir. Bu məsələ qərəzli olaraq yalnız internet saytında məqalənin onun tərəfindən verilməsi müəyyən olduqdan sonra qabardılmışdır. İlkin iddianın rədd qarşılıqlı iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış, notarial qaydada təsdiq edilmiş 23.10.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 10.11.2020-ci il tarixədək qaytarmaq şərtilə faizsiz 17600 manat məbləğində borc verməyi, Cavabdeh1 isə borcu vaxtında qaytarmağı öhdəsinə götürmüşdür. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı oğludur. Dekabrın 12-də axşam evinin qarşısında meyvə satdığı köşkün yanında idi. 3 nəfər gələrək oğlunun şirkətə 17600 manat borcu olduğunu bildirmişdir. Onların içində Əlövsəti tanımışdır. Onlara bildirmişdir ki, Samirin borcu ola bilməz. Əlövsət dedi ki, dayı əsəbləşib sonra gələrik. Ümumiyyətlə Samirin cibində pulu olmur, ona yol pulunu o verir. Oğlu şirkətdən pul almırdı. Ona deyirdi ki, pul almırsa işdən çıxsın. Onlara məhkəmə bildirişi gələndən sonra qohumu Əmirəliyev Rəhimlə “xxxx” MMC-nin ofisinə gedərək, Cavabdeh2lə söhbət etmişdir. Məsələ ilə bağlı Cavabdeh2 açıq şəkildə etiraf etmişdir ki, həqiqətən də oğlunun nə İddiaçı, nə də onun özünə 17000 manat borcu var, yaranmış borc satışa verilən mağazalarda qalan malların puludur. Oğluna notariusda pulu isə verib sonra yenidən əlindən alıblar. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Samirin atasının qohumudur. Samirin atası ona dedi ki, Samirin işdə müdiriyyəti saxta sənədə qol çəkdirib, Samirə oyun qurublar. Ona bildirmişdir ki, onunla Samirin iş yerinə getsin. O da həmin yerə getmişdir. Oral adlı şəxs və digər iki nəfər var idi. Belə söhbət oldu ki, Samirin şirkətə borcu var. Atası məbləği soruşanda on yeddi min olduğunu bildirdilər. Həmçinin bildirmişlər ki, bir hissəsini ödəsələr müəyyən hissəni güzəştə gedə bilərlər. Atası sual verdi ki, əgər şirkətə borcu var idisə, notariusa getməyə nə ehtiyac var idi. Onlar da dedi ki, prokurorluğa vermək istəmədikləri üçün qərara gəlmişlər ki, notariusda formal olaraq bunu rəsmiləşdirsinlər. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, məhkəməyə sübut kimi səs yazısı olan disk təqdim etmişdir. Bildirir ki, həmin diskin 7-ci, 11-ci, 28-ci dəqiqələrində iş üçün əhəmiyyətli faktlar var. Aktı Oraldan istəmişdir, amma mühasib Ruslan vermişdir. Səs yazısı barədə qarşı tərəfin məlumatı var idi. Akt oktyabrın 23-də imzalanmışdır. Aktı oxumuşdur, amma qeyd yazmamışdır.Dekabra qədər şikayət verməməsinin səbəbi aktı dekabrda alması olmuşdur. İşin halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və İddiaçı Cavabdeh1 10.11.2020-ci il tarixədək qaytarmaq şərtilə 17600 manat məbləğində borc vermişdir. İddiaçı müqavilə üzrə öhdəliyini icra etsə də, Cavabdeh1 öhdəliyini icra etməyərək borcu müəyyən olunmuş müddət ərzində qaytarmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 23.10.2020-ci il tarixli kredit müqaviləsinin hədə-qorxu yolu ilə bağlanmasını iddia etsə də, iddianı sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X5 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, ilkin iddia təmin edilməli, 23.10.2020-ci il tarixli kredit (borc) müqaviləsi üzrə 17600 (on yeddi min altı yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia təmin edilsin. 23.10.2020-ci il tarixli kredit (borc) müqaviləsi üzrə 17600 (on yeddi min altı yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar