Məhkəmə qərarları › İş №2(004)-1248/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1248/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1248/2022 29.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı “Accessbank» QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Accessbank» QSC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Accessbank» QSC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə 24.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, “Cavabdeh 2872,61 manat əsas borc, 5253,15 manat cərimə borcu olmaqla, cəmi 8125,76 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 101,26 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Accessbank» QSC-nin nümayəndəsi X2 izahat verərək bildirir ki, Cavabdeh 04.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən “Accessbank» QSC-dən aylıq 2,5 faizlə 12 ay müddətinə müəyyən olunmuş kredit limiti daxilində plastik kart vasitəsilə 3000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Hazırda Cavabdeh banka 04.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2872,61 manat əsas borc, 5253,15 manat cərimə borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddianın təmin olunmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Accessbank» QSC ilə Cavabdeh arasında bağlanmış 04.12.2014-cü il tarixli, 001KK**********01 saylı kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, bank borcalana aylıq 2,5% ödəmək şərtilə 12 ay müddətinə 3000 manat məbləğində krediti və plastik kart verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 17.12.2021-ci il tarixli bildirişə əsasən, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan “Accessbank» QSC tərəfindən tərtib olunmuş 11.01.2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 04.12.2014-cü il tarixli, 001KK**********01 saylı kredit müqaviləsi üzrə 24.12.2021-ci il tarixə 2872,61 manat əsas, 0 manat məbləğində faiz borcu, 5253,15 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8125,76 manat məbləğində borcu vardır. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında kredit müaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı öhdəliyini icra etsə də cavabdeh öhdəliyini lazmınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını və hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, yəni 100 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 04.12.2014cü il tarixli, 001KK**********01 saylı kredit müqaviləsi üzrə 2872,61 manat əsas, 100 manat cərimə olmaqla, cəmi 2972,61 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49,73 manat iddiaçı “Accessbank» QSC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2872,61 manat əsas borc, 100 manat cərimə olmaqla, cəmi 2972,61 (iki min doqquz yüz yetmiş iki manat altmış bir qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 49,73 (qırx doqquz manat yetmiş üç qəpik) manat məbləğində pul iddiaçı “Accessbank» QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar