Məhkəmə qərarları › İş №2(004)-1268/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1268/2023

01.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1268/2023 01.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan aliment məbləğinin artırılaraq hər ay, 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq 154 manat müəyyən edilmişdir. Keçən illər ərzidə uşaqlar üçün yaşayış minimumun məbləği artırılmışdır. Cavabdehdən alimentin artırılmasını tələb etdikdə, cavabdeh maaşının azlığını əsas gətirərək alimentin artırılmasından imtina etmişdir. Daha sonra qarşılıqlı razılıq əsasında cavabdeh 170 manat aliment ödəməyə razı olmuş, 2020-ci ilin ortalarından bugünədək gecikmələr olmaqla hər ay 170 manat ödəyir. Lakin həmin məbləğ uşağın saxlanılmasına kifayət etmir. Uşaq 12 yaşındadır, orta təhsil alır. Uşağın bütün qayğılarını iddiaçı çəkir. Maddi tələbatlarını təkbaşına ödəmək bir qadın olaraq ona çətindir. Bundan başqa, 2023-cü il üzrə ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Odur ki, iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, Giləzi quşçuluq şirkətində sürücü-ekspeditor işlədiyini, əmək haqqının 513 manat olduğunu və bu səbəbdən ən çoxu 200 manat aliment ödəmək imkanının olmasını bildirmişdir. Məhkəmə iddiaçın nümayəndəsinin və cavabdehin izahatını dinləyib və iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın yüksək mənafeyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ 015826 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2011-ci ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-251079 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah xx.xx.2016-cı il tarixdə ləğv edilmişdir və bu barədə 347 nömrəli akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 fevral 2018ci il tarixli, 2(004)-1615/2018 saylı qətnaməsinə əsasən iddia təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2016-cı il tarixli, 2(004)-3536/2016 saylı qətnaməsi ilə uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, cavabdehdən xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş əmək haqqı bildirişindən və arayışdan görünür ki, cavabdeh "xxxx" MMC-də sürücü-ekspeditor vəzifəsində işləyir və aylıq əmək haqqı 513 manat təşkil edir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, tərəflər arasında olan nikah pozulmuş, xx.xx.2011-ci il təvəllüdlü X4 ananın yanında saxlanılmışdır. Yasamal Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 154 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (154 manat) isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, uşağın yaşına uyğun olaraq tələbatları da artdığından iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu özlüyündə meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Belə ki, az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa da, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Beləliklə, məhkəmə uşağın saxlanılması üçün alimentin məbləğinin artırılaraq 220 manat müəyyən edilməsini ilk növbədə uşağın, daha sonra isə tərəflərin mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-1615/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-1615/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar