Məhkəmə qərarları › İş №2(004)-1281/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1281/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1281/2022 09.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 1350 ABŞ dolları və 300 manat pulun, 500 ABŞ dolları və 1230 manat bilet pulu olmaqla cəmi 2150 ABŞ dolları və 1530 manat manat məbləğində pulun və mənəvi ziyan olaraq 5000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Baloğlan oğlundan 1350 (ABŞ dolları) və 300 manat manat məbləğində borcun, gediş haqqının bahalaşması adı ilə ondan aldığı 300 ABŞ dolları pulun, Covid pasportu olmasına baxmayaraq aldığı 50 ABŞ dolları pulun, ziyarətin başa çatdırılmasına sərf olunan 500 ABŞ dolları pulun və 1230 manat bilet pulunun, cəmi 2200 ABŞ dolları və 1530 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, dindar, ibadət edən qadındır. Özü qızıl qələm mükafatı almış jurnalist, birinci Qarabağ müharibəsi veteranıdır. Yaxın rəfiqəsı X3 fəlsəfə doktorudur. 2021-ci ilin sentyabr ayında hər ikisi Kərbəlanı ziyarət etmək istəmişlər. Bu məqsədlə zəvvar qrupunun başçısı Hacı Ürfanla görüşüb sənədlərlə birlikdə ikisi üçün ona 920 manat pul vermişlər. Bundan sonra Hacı Ürfan ona zəng vurub pulun az olduğunu, hər birisi üçün əlavə 50 manat pul verməklərini istəmişdir. O, X7 xanımın imkanı olmadığını, təqaüdçü olduğunu, ziyarət xərclərinin onun tərəfindən çəkildiyini, əlavə 50 manat pul verə biləcəyini bildirmişdir. Razılaşdıqları kimi Hacı Ürfanın kartına 50 manat pul göndərmişdir. Bir neçə gün sonra yenə Hacı Ürfana yenə ona zəng vuraraq qrup yığa bilmədiyini bildirmiş və zəvvar başçısı Cavabdeh Baloğlan oğlu ilə ziyarətə getməkərini məsləhət görmüşdür. Həmçinin, onların sənədlərini və 970 manat pulu Adilə verdiyini bildirmiş və telefon nömrəsini verərək onunla əlaqə saxlamaqlarını xahiş etmişdir. O, Adilə zəng vurmuşdur. X5r barədə onunla danışdığını, ona 970 manat pul verdiyini söyləmiş və sentyabr ayının 22-də səhər Bakı X1maqlarını xahiş etmişdir. Yola düşmə ərəfəsində Cavabdeh onlara yol xərcinin artdığını bildirmiş və o, çıxılmaz vəziyyətdə qalıb ona ikisinin əvəzindən 300 ABŞ dolları vermişdir. Lakin, zəvvarla söhbətdən sonra həmin pulu artıq aldığını başa düşmüşdür. “Şiə 313” adlı dini qurumun himayəsi ilə hazırlanan 45 nəfərlik zəvvar qrupun tərkibində 2021-ci ilin sentyabr ayının 22-də, Bakı Avtovağzalından Kərbəla ziyarətinə yola düşmüşlər. İrandan Naxçıvana, oradan da Türkiyyəyə, sonra İraq sərhəddinə çatdırılmışlar. Cavabdeh bundan əvvəl Covid pasportu olanlardan pul yığılmayacağını bildirmiş, o da Covid pasportumu göstərmişdir. Buna baxmayaraq avtobusda Covid pasportu olub-olmamasınadan asılı olmayaraq bütün zəvvarlardan Covid nəzarətindən keçmək adı ilə pul yığmışdır. Cavabdeh ondan 50 ABŞ dolları, Elmira xanımdan isə 100 manat pul almışdır. Sərhəddə onlar saxlanılmışlar. Cavabdeh atobusdan düşüb getmiş və Covid üçün yığdığı puul verib-vermədiyini bilməmişlər. Bir az keçdikdən sonra Adil avtobusun salonuna təlaşla daxil olub bildirmişdir ki, onları saxlayıblar, buraxmırlar. Yalvarmışdır ki, kimin nəyə gücü çatırsa kömək etsin. Kərbəlaya çatan kimi hər kəsin pulunu artıqlaması ilə qaytaracaq. Bir sutka İraq sərhəddində saxlanılmışlar. Bütün zəvvarlar ziyarətlərinin baş tutması üçün ona pul verməyə məcbur olmuşlar. İmkanına uyğun kimisi 50 ABŞ, kimisi 100 ABŞ, kimisi isə 200 ABŞ dolları vermişdir. Cavabdeh təxminən 1 saat keçdikdən sonra avtobusa qalxaraq ona sözü olduğunu bildirərək, aşağı düşməsini xahiş etmişdir. Yalvararaq ona demişdir ki, bibi pul düzəlmir, üstünüzdə nə varsa verin, Kərbəlaya çatan kimi orada dostu var, ondan da ala bilər. Zəvvar gətirdikləri üçün məsciddən də onlara pul verirlər. Kərbəlaya çatan kimi hamının pulunu artıqlaması ilə verəcəkdir. O, cavabdehə 1350 ABŞ dolları və 300 manat pul vermişdir. Cavabdehin qaynı Azər kimdən nə qədər pul aldığını telefona yazmışdır. Beləliklə, onlar İraq sərhəddini keçərək, Kərbəla şəhərinə çatmışlar. O, əvvəllərdə də ziyarətlərdə olmuşdur. Otel pulu, yemək pulu həmişə biletin içərisində olumuşdur. Lakin, heç kəsə yemək pulu verilməmiş, otel pulu xərclənməmişdir. Bir ərəbin evində qalmışlar. Onsuz da bütün günü ərəblər ehsan vermişlər. O, Adildən pulunu tələb etdikdə, bir azdan verəcəyini bildirmişdir. Bir az keçəndən sonra yenə ona, bütün pulunu verdiyini, su almağa belə pulunun olmadığını, iki yaşlı xəstə qadın olduqlarını bildirmiş və pulunu tələb etmişdir. Bu dəfə də, 2 saatdan sonra verəcəyini bildirmişdir. Kərbəlada 3 gün əvəzinə 4 gün onları saxlamışdır. Söz verməsinə baxmayaraq, Kərbəlada onun pulunu verməmiş və and-aman edərək, Nəcəf şəhərində mütləq verəcəyini bildirmişdir. Nəcəf şəhərində onlar 10 nəfər qadın bir ərəbin evində qalmışlar. Müxtəlif bəhanələrlə 4 gün də Nəcəf şəhərində pulunu verməmişdir. Elmira xanımla günorta namazından qayıdarkən eşitmişlər ki, Adil bir ərəblə dalaşdıqdan sonra ona bütün azərbaycanlıları götürüb şəhərdən çıxmasını tələb ediblər. O, da iki xanımı pulsuz-parasız orada qoyub qaçaraq bütün zəvvarları avtobusa mindirib onları gözləmədən şəhərdən çıxmışdır. İraq sərhəddini keçənə qədər telefonuna mesaj yazmışdır ki, 1 saata pulunu göndərəcək. Bir az keçəndən sonra 2 saata daha sonra, sübh tezdən göndərəcəyini yazmışdır.. Sərhədi keçəndən sonra isə mesajların məzmunu dəyişərək, ondan əl çəkməsini və onun əlindən bezdiyini yazmışdır. Sonra, Elmira xanım ona nənəsi yaşında iki yaşlı, xəstə qadını pulunu əlindən alıb aldatması və yad ölkədə qoyması barədə Bakıya qayıdarkən şikayət etməsi barədə səsli mesaj göndərmişdir. O, zəvvarların ziyarətini 50 faizini etmədən geri qaytarmışdır. Naxçıvanda da pulları olmadığına görə zəvvarlar pis günə qamışlar. Başlarına gətirilən müsibəti oğluna bildirəndən sonra İraqda yaşayan tələbə dostuna zəng vurub Nəcəf şəhərində tanıdığı bir azərbaycanlı tələbəyə 500 ABŞ dolları göndərməsini xahiş etmişdir. Özü də 1230 manat pul verib bizə onlayn təyyarə bileti almışdır. Həmin tələbə pulu aldıqdan sonra ona zəng vurmuş və taksi ilə onları Nəcəf, Samirə şəhərində qalan bütün məscidlərə, ziyarətgahlara aparmışdır. Bağdadda Azərbaycan konsulluğuna müraciət etməyə məcbur olmuşlar. Çünki kim hansı gömrük məntəqəsində qeydiyyatdan keçmişdirsə oradan geri qayıtmalı idi. Onlara təyyarə ilə qayıtmağa icazə verməyəcəkdilər. Konsulluqda çalışan Hafiz Hacıyevlə telefon əlaqəsi yaratmış, o, konsulluğun maşını ilə onları götürüb təyyarə meydanına gətirmiş və yola salmışdır. Çox çətinliklə Bağdad-İstanbul və İstanbul-Bakı reysi ilə gəlib Bakıya çatmışlar. O, Adil barəsində polisə şikayət vermiş, polisdə ondan 1350 ABŞ dolları və 300 manat pul aldığını etiraf etmişdir. Daha sonra yazdığı izahatı ona vermişdir. Beləliklə, cavabdeh ondan gediş haqqının bahalaşması adı ilə 300 ABŞ dolları, Covid pasportunun olmasına baxmayaraq 50 ABŞ dolları aldadıb pul almışdır. İraq sərhəddində ona 1350 ABŞ dolları və 300 manat borc pul vermişdir. Kərbəla ziyarətlərinin başa çatdırılması üçün 500 ABŞ dolları pul xərclənmişdir. 1230 manat da Bakıya qayıda bilməkləri üçün təyyarə biletinə verilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, 2021-ci ilin sentyabr ayının axırlarında “Şiə 313” adlı dini qurumun himayəsi ilə hazırlanan Kərbəla ziyarətində İddiaçı ilə tanış olmuşdur. Kürdistan sərhəddində yaranmış çətinliyə görə, İddiaçı iddia ərizəsində qeyd edilən məbləğdə pulları almışdır. Həmçinin, Nəcəf şəhərində yaranmış problemlə əlaqədar olaraq, iddiaçını və onun rəfiqəsi Elmira xanımı gözləmədən və ziyarəti başa çatdırmadan digər zəvvarlarla birlikdə geri qayıtmaq məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflərin izahatlarından və iş materialları ilə təsdiq edilir ki, Cavabdeh tərəfindən İddiaçı gediş haqqının bahalaşması adı ilə 300 ABŞ dolları, Covid pasportunun olmasına baxmayaraq 50 ABŞ dolları pul almışdır. Həmçinin, İraq sərhəddində 1350 ABŞ dolları və 300 manat borc pul almışdır. Bundan başqa iddiaçı tərəfindən gediş-dönüş haqqı da daxil olmaqla ziyarətin təşkili üçün müəyyənləşdirilmiş məbləğ ödənilməsinə baxmayaraq, cavabdeh tərəfindən ziyarət tam olaraq başa çatdırılmamış, həm də iddiaçının geri qayıtması təmin edilməmişdir. Bu səbəbdən, iddiaçı öz hesabına ziyarəti davam etdirmiş və onlayn bilet alınmaqla Bağdad-İstanbul və İstanbul-Bakı reysi ilə Bakıya qayıtmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 106.3-cü və 106.4-cü maddələrinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsaəsn cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin araşdırılması zamanı faktın etirafının qəbul edilməməsinə əsas ola biləcək hallar müəyyən olunmadığından, məhkəmə cavadehin etirafını qəbul edir. Cavabdeh iddiaçıya 2200 (iki min iki yüz) ABŞ dolları və 1530 (bir min beş yüz otuz) manat məbləğində borcunun olduğunu etiraf etdiyindən, iddiaçı cavabdehə göstərilən məbləğdə pul vəsaiti verdiyini sübut etmə vəzifəsindən azaddır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkmə qeyd edir ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, aldığı 1350 ABŞ dolları və 300 manat manat məbləğində borcu iddiaçıya qaytarmamışdır. Bundan başqa, cavabdeh iddiaçıdan əsassız olaraq 350 ABŞ dolları pul almışdır. Həmçinin, ziyarətin təşkil edilməsi üçün razılaşdırılmış məbləğin iddiaçı tərəfindən əvvəlcədən ödənilməsinə baxmayaraq, cavabdeh ziyarəti başa çatdırmayaraq iddiaçıya 500 ABŞ dolları və 1230 manat ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1 və 439.2-ci maddələrinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, o manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2200 (iki min iki yüz) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 1530 (bir min beş yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı oğluna verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 244, 358 və 360 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2200 (iki min iki yüz) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 1530 (bir min beş yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar