Məhkəmə qərarları › İş №2(004)-1293/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1293/2024

25.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1293/2024 25.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qüsurlu tikinti nəticəsində dəymiş maddi ziyana görə Cavabdeh MTK-dan 7.000 manat və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müdət ev növbəsinə durandan sonra 2012-ci ildə ARDNŞ (SOCAR) tərəfindən mərhum həyat yoldaşı X1 ipoteka yolu ilə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, giriş 1-dəki 9 nömrəli mənzil verilmişdir. 2013-cü ildə isə onlar ailəvi olaraq o mənzilə köçmüş və hal-hazırda da həmin evdə oğlu ilə birgə yaşayır. Yoldaşı rəhmətə gedəndən sonra qanuni vərəsə kimi 3 saylı ASAN xidmət tərəfindən ona verilən çıxarış əsasında artıq o, həmin mənzilin mülkiyyətçisidir. İddiamın əsası dəymiş maddi ziyanla bağlıdır. Belə ki, 2017-ci ilin noyabr ayında və 2019-cu ilin dekabr ayında baş vermiş güclü küləklər nəticəsində evin hamam otağında dağıntı baş verib. Birinci hadisə baş verən zaman evdə olan mərhum yoldaşı və oğlu hamam otağında baş verən hadisədən sonra dərhal ora daxil olmuşlar və tavan örtüyünün qırıldığını, hətta bəzi hissələrinin yerə düşdüyünü və ən təhlükəlisi isə tavanın yuxarısındakı elektrik naqilinin qırılan tavan çərçivəsinin arasına düşərək yanğın təhlükəsi yaratmasını görmüşlər. Üstəlik hamam otağının yuxarı küncündə yerləşən şaxta keçidinin güclü küləyə görə hörülmədiyi ortaya çıxmışdır. 2019-cu ildə isə güclü külək nəticəsində kafel örtüyündəki bəzi hissələr yerə düşüb qırılmışdır. Bununla da kafel örtüyünün arxasının boş olmasının şahidi olmuşlar. Buna görə də mərhum yoldaşı və oğlu hamam otağında müvəqqəti olaraq qoruyucu taxta çərçivə düzəltmişlər ki, yenə güclü külək baş versə əlavə dağıntı olmasın. Hal-hazırda da həmin hamam otağından qorxa-qorxa istifadə edirlər. Hesab edir ki, tikinti qüsurları bu dağıntıya səbəb olmuşdur. Bundan sonra əraziyə cavabdeh kommendanta hadisə barədə məlumat vermişdir. O da, öz növbəsində çalışdığı Cavabdeh rəhbərliyinə bu barədə məlumat vermişdir. Qeyd etmək istəyir ki, 2012 ci ildə imzalanmış "Mənzil üzərində olan hüququn verilməsi barədə saziş"-də aydın göstərilir ki, satıcı qismində binanı inşa edən Cavabdehdir və həmin təşkilat heç bir kommunal xidmətlər haqqında müqavilə olmadan ona və digər sakinlərə qarşı məhkəmədə kommunal borclara görə iddia qaldırıb. Yoldaşı və oğlu dəfələrlə kommendant vasitəsilə Cavabdeh rəhbərliyi ilə əlaqə saxlamağa çalışıb. Sonradan oğlu həmin təşkilatın hüquqşünası olan Mehman bəylə birbaşa görüşüb və vəziyyəti ona bildirib. Və bu binanı inşa edən təşkilat kimi bu dağıntıya və dəymiş ziyana görə onların məsuliyyət daşıdığını bildirib. Onlardan kömək etmələrini istəyib. Lakin hüquqşünas Mehman bəy bildirib ki, binanı 2012-ci ildə təhvil vermişlər və baş verən tikinti qüsurlarının, dağıntıların aradan qaldırılmasına görə də heç bir məsuliyyət daşımırlar. Bundan sonra dəfələrlə həmin təşkilat rəhbərliyinə kommendant vasitəsilə yardım etmələrini istəmişlər. Ancaq bütün müraciətlər cavabsız qalıb. Bununla yanaşı ARDNŞ (SOCAR) şirkəti ilə də bu barədə telefonla əlaqə saxlamışlar. Onlara verilən cavabda binanı inşa edən təşkilatla əlaqə saxlamalı olduğu bildirilmişdir. Baş vermiş dağıntını qiymətləndirmək və dəyən maddi zərəri dəqiqləşdirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinədə müraciət etmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli cavab məktubunda bu məsələnin mülki mübahisə xarakteri daşıdığından məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Fövqəladə Hallar Nazirliyindən isə heç bir cavab gəlməmişdir. Özü də yaşlı və xəstə adamdır, 2 orqanı yoxdur, yoldaşı rəhmətə gedib və əlavə gəlir mənbəyi olmadığına görədə təmir işlərinə maddi imkanı yoxdur. İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin hakimin sualına cavab olaraq bildirmişdir ki, 2012-ci ildə evi alarkən mənzil normal vəziyyətdə olmuş, hazırkı qüsurlar mövcud olmamışdır. Həmçinin, mənzil təmir edilməmişdir. Qarşılıqlı etimada əsasən MTK-ya qarşı uzun illər iddia qaldırmamışdır. Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, yaşayış binası 2012-ci il tarixdə Dövlət Qəbul Komissiyasının aktı əsasında və Azərbayvan Dövlət Tikinti və İnşaat normalarının 1.6-1-ci bəndinin tələblərinə uyğun bina inşa edilmişdir. AR Şəhərsalma və Tikinti Məcəlləsinin tələbinə əsasən tikinti istismara verildiyi vaxtdan iki il müddətində zəmanət verilir və ya müqavilə ilə müddət müəyyən edilir. İddiaçının qeyd etdiyi və binanın daxilində yerləşən hamam otağında dağıntıların olmasına səbəb olduğunu iddia etdiyi təbiət hadisəsi isə həmin müddətdən xeyli keçdikdən sonra 2017 və 2019-cu illərdə baş vermişdir. Hesab edir ki, iddia əsasızdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - satıcı qismində X5 və alıcı qismində X2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli sazişə əsasən müəyyən edilir ki, satıcı öz mülkiyyətində olan və "xxxx" MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, giriş 1-dəki 9 nömrəli mənzili 88.704 manat müqabilində alıcıya satmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 45, giriş 1, 9 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Beləliklə, mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Məhkəmə qeyd edir ki, hazırkı halda iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı cavabdeh tərəfindən inşa edilmiş mənzildə təbii fəlakətlər nəticəsində meydana gəlmiş qüsurların, dolayısı ilə ona dəymiş maddi ziyanın dəyərinin cavabdeh tərəfindən ödənilməsini tələb etsə də, iddiaçıya maddi zərər vurulmasına səbəb olan cavabdehin qanunsuz təqsirli hərəkətləri (əməlləri) və bu hərəkətin (əməlin) nəticəsi arasında səbəbli əlaqə öz təsdiqini tapmamış, bununla bağlı sübutlar mövcud deyildir. Çünki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, əvvəla sözügedən mənzilin yerləşdiyi yaşayış binası cavabdeh MTK tərəfindən inşa edilsə də, iddiaçının həyat yoldaşına Tağıyev Ravil adlı şəxs tərəfindən satılmışdır. Yəni, satılan malın - əmlakın qüsurlu olmasına görə məsuliyyəti satıcı şəxs daşıyır. Bundan əlavə, göründüyü kimi mənzil 2012-ci ildə satılmışdır. Yəni hazırda 11 ildən çox müddətdir ki, mənzil istifadədədir. İddiaçı isə qeyd edir ki, mənzil ona tam saz vəziyyətdə, problemsiz verilmişdir, mənzilə dəymiş zərər 2017 və 2019-cu il tarixlərdə baş vermiş güclü külək nəticəsində meydana gəlmişdir. Lakin işin mübahisəsiz halıdır ki, həmin vaxt mənzil 5 ildən çox iddiaçı və onun ailəsinin istifadəsində olmuşdur. Bununla bağlı cavabdeh isə etirazında qeyd etmişdir ki, AR Şəhərsalma və Tikinti Məcəlləsinin tələbinə əsasən tikinti istismara verildiyi vaxtdan iki il müddətində zəmanət verildiyindən, hazırda MTK məsuliyyət daşımır. Beləliklə, qanunvericiiyin tələbinə əsasən mənzilin istismarına icazə verildiyi vaxtdan 2 il zəmanət müddəti müəyyən edilməsinə baxmayaraq iddiaçı 5 il istifadə etdikdən sonra yarandığını iddia etdiyi qüsurlar barədə binanı inşa edən MTK məsuliyyət daşıya billməz. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 105.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarı ilə bağlı ən azı 2 il zəmanət müddəti müəyyən edilir. Müddətin axımı tikintinin istismarına icazə verildiyi gündən hesablanır. Tərəflər müqavilə ilə bu müddətdən daha artıq müddət müəyyən edə bilərlər. Zəmanət müddəti ilə bağlı tələb müvəqqəti tikililərə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi ziyan vurulması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından İddiaçınun Cavabdeh MTK-ya qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X4 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü madəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin və 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar