Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1304/2024 03.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə İddiaçı bir üst mərtəbədə yaşayan qonşusu tərəfindən su axıdılması nəticəsində onun mənzilinə maddi zərər vurulmuşdur. Həmin mənzil Cavabdeh məxsusdur, lakin Cavabdeh sözügedən mənzildə yaşamır, həmin mənzildə uzun müddətdir ki, faktiki olaraq Coşqun adlı şəxs ailəsi ilə birlikdə kirayə yaşayır. Coşqun adlı şəxsin anket məlumatları iddiaçıya məlum deyildir. Göstərilənlər nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti (hər üçü eyni vaxtda mövcud olmalıdır) vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. İddia tələbi üzrə 2-ci dispozitiv şərtin mövcud olması ehtimalını (prezumpsiya) nəzərə alsaq belə, 1 və 3-cü dispozitiv şərtlər yerinə yetirilmir. Odur ki, cavabdehin məsuliyyətinin maddi hüquqi əsası mövcud deyildir. Belə ki, iddia əsl olmayan cavabdehə qarşı verilmişdir. İddiaçı özü də bildirmişdir ki, həmin mənzildə mülki iş üzrə cavabdeh faktiki olaraq yaşamır, mənzildə uzun müddətdir ki, digər şəxslər (Coşqun adlı şəxs ailəsi ilə birlikdə yaşayır, hətta zərərlə bağlı iddiaçı onunla bir neçə dəfə əlaqə saxlamış, iradını bildirmişdir) kirayə olaraq yaşayır. Əgər yuxarı mənzildən su axıdılması nəticəsində iddiaçıya zərər vurulması faktı varsa, ilk öncə suyu axıtmaqda təqsirli olan şəxsi (lər) müəyyən etmək lazımdır. Mənzilin mülkiyyətçisinin məhz mülkiyyətçi olması əsası ilə vurulmuş zərərlə bağlı bütün hallarda mənzilə görə məsuliyyət daşıması istisna edilir. Hazırki mübahisə predmeti üzrə faktiki hallar üzrə mənzildə su xəttlərinin salamatlığı, təmiri və s. xüsusatlarla bağlı kirayə verən və kirayəçi arasındakı münasibətləri isə kirayə münasibətlərinin şərtləri (razılaşma şərtləri) kontekstindən qiymətləndirilməlidir. Məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin konkretləşdirilməsi (mənəvi zərərin məbləğinin müəyyən edilməsi və s.), əsl cavabdehin əvəz olunması ilə bağlı dəfələrlə izahlar edilsə də, müsbət nəticə əldə edilməmişdir. İddiaçı tərəfindən ehtimal olunan cavabdehin yalnız adı bildirilmiş (Coşqun) və mobil nömrəsi təqdim edilmişdir. Məhkəmənin arbitr funskiyası iddiaçının nəzərinə bir daha çatdırılmaqla izah edilir ki, məhkəmə tərəflərə vəkillik edə bilməz. İddia ərizəsində qeyd olunduğu kimi Cavabdeh əvvəllər hər hansı qanunsuz hərəkətləri olmuşdursa da, həmin hərəkətlər hazırki mülki işin predmetini təşkil etmir. Məhkəmə “prosessual qənaət” prinsipinin tələblərini nəzərə alaraq yekun məhkəmə aktına hər hansı hüquqi təsirinin olmaması (iddianın yanlış cavabdehə qarşı qaldırılması) xüsusatı rəhbər götürülməklə mənzilə vurulması iddia olunan zərərin məbləğinin müəyyən olunması ilə bağlı məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsini məqsədə müvafiq hesab etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Eelektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-1304/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1304/2024
03.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver