Məhkəmə qərarları › İş №2(004)-1315/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1315/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1315/2025 21.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 4000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 2021-ci ildən etibarən kommersiya işlərinin görülməsi ilə bağlı tanış olmuşdur. Birlikdə “AF Biznes Center” adlı binada ofisdə bir neçə ortaqla xaricdə təhsil sahəsində fəaliyyət göstərmişlər. Daha sonra cavabdeh işlərində problem olduğundan iddiaçıdan borc pul istəmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdehə 4000 manat borc verilmişdir. Cavabdeh həmin pulu 6 ay ərzində geri qaytaracığını bildirsə də, qaytarmamışdır. Daha sonra iddiaçı xaricdə təhsilin təşkil edilməsi ilə bağlı müxtəlif şəxslərə zərər vurmaqda təqsirli bilinərək CM-in 178-ci maddəsi ilə məhkum olunmuşdur. Cababdeh barəsində isə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu səbəbdən, iddia tələbi təmin edilməlidir. İddiaçı məhkəmə baxış iclasında iştirak etməmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Masallı RPİ İŞ-nin xx.xx.2024-cü il tarixli Sübutların qiymətləndirilməsi barədə qərarının təsviri-əsaslandırıcı hissəsinin 18-ci abzasında CM-in 1782.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs (hazırki iş üzrə iddiaçı) İddiaçı ifadəsi əksini tapmışdır. Həmin ifadəyə əsasən müəyyən edilir ki, İddiaçı üçüncü şəxsin ali təhsil alması ilə bağlı işlərin görülməsi üçün Şahin adlı şəxsə verilməsi üçün Cavabdeh 4000 manat pul göndərmişdir. Şahin adlı şəxslə Cavabdeh danışmışdır. Cavabdeh hər iki şəxsi tanıdığından vasitəçi kimi həmin pulu Şahin adlı şəxsə vermişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış şifahi kredit müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359, 337, 739, 740.2, 1091, 1092 və 1095-ci maddələri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği 3000 (üç min) manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasəm, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Məhkəmə qeyd edir ki, mübahisənin kommersiya mübahisəsi kimi qiymətləndirilməsi üçün 3 əsas şərt lazımdır:

1. Subyektlər (hər ikisi) sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdırlar.

2. Mübahisənin predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır.

3. Subyektlər arasındakı münasibətlər sahibkarlıq münasibətlərdən əmələ gəlməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hər 3 (üç) şərt birlikdə mövcud olduqda münasibətlər sahibkarlıq münasibətlərindən əmələ gələn münasibət hesab olunur. Məhkəmə qeyd edir ki, tərəflər ortaqlıq şəklində (adi ortaqlıq) sahibkarlıq fəaliyyəti ilə məşğul olması prezumpsiyası əsas götürülməklə, predmet nöqteyi-nəzərdən tərəflər arasındakı münasibətin sahibkarlıq münasibəti olması halı mövcud olsa da (davamlılıq şərti qeyri-müəyyəndir), subyekt tərkibi baxımından kommersiya münasibətinin olması imperativ tələbi (sahibkarlıq subyekti qismində (hüquqi və ya fiziki şəxs kimi) dövlət qeydiyyatına alınması) yerinə yetirilmir (iddiaçı sahibkarlıq münasibətlərinin subyekti deyildir), bu səbəbdən, mübahisə kommersiya deyil, mülki hüquq mübahisəsidir. Deməli, mülki işin məhkəmə aidiyyatı Bakı şəhəri Yasamal Rayon Məhkəməsidir. Masallı RPİ İŞ-nin xx.xx.2024-cü il tarixli Sübutların qiymətləndirilməsi barədə qərarının təsviri-əsaslandırıcı hissəsinin 18-ci abzasında CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs (hazırki iş üzrə iddiaçı) İddiaçı ifadəsinin həqiqiliyi iddiaçı tərəfindən qəbul edilir (mülki işin mübahisəsiz halıdır). Sözügedən qərar mötəbər sübut kimi qiymətləndirilir. Həmin qərar əsas götürülməklə müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında borc münasibətləri deyil, müxtəlif şəxslərin ali təhsil alması ilə bağlı vasitəçilik xidmətlərinin göstərilməsinə dair müvafiq ortaqlıq (şərikli pul qazanmaq) münasibətləri olmuşdur. İddiaçı CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən faktiki hallar nəzərə alınmaqla cavabdehin xahişi əsasında ona məhz 4000 manat borc pulun verilməsi sübuta yetirilmir. Masallı RPİ İŞ-nin xx.xx.2024-cü il tarixli Sübutların qiymətləndirilməsi barədə qərarının təsviri-əsaslandırıcı hissəsinin 26-cı abzasında şahid qismində dindirilmiş Cavabdeh izahatı öz əksini tapmışdır. Cavabdeh tərəfindən 4000 manat pulun Şahin Həsənli adlı şəxsə verilməsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin vəsaiti cavabdeh məhz iddiaçının təmsilçisi qismində vermişdir. Yəni, cavabdeh Şahin Həsənli ilə öz adından deyil, təmsilçi kimi iddiaçının adından hüquq münasibətlərinə daxil olmuşdur. Bu təmsilçilik iddiaçıya məlum olmuş və iddiaçının xahişi ilə həyata keçirilmişdir. Deməli, cavabdehin hüquq münasibətlərindəki yerini müəyyən etmək üçün iddiaçı və Şahin Həsənli ilə daxil olduğu münasibətlərdə ayırmaqla ayrı-ayrı münasibətlər yaratmaq deyil, iddiaçı və Şahin Həsənli arasındakı müvafiq hüquq münasibətləri üzrə (MM 390.1 və 390.5) təmsilçi (MM 359) kimi müəyyən etmək lazımdır. Deməli, müvafiq hüquq münasibəti iddiaçı və Şahin Həsənli arasında yaranmışdır. İddiaçı məhkum olunmuş, X2 barəsində isə Qəbələ RPŞ-də araşdırma aparılır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmənin işdəki tədqiq edilmiş iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla kifayətlənməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar