Məhkəmə qərarları › İş №2(004)-1316/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1316/2024

27.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1316/2024 27.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1nın, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından doğulmuş 21 noyabr 2016-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdehdən tutulan aylıq aliment məbləği artırılaraq aylıq əmək haqqı və digər gəlirlərinin ¼ hissəsi həcmində, həmin məbləğ uşağın müəyyən edilmiş minimum dolanışıq xərcindən az olduğu halda hər ay 235 manat sabit pul məbləğində olmaqla alimentin, hüquqi yardıma görə vəkillik qurumuna ödənilmiş 323 manatın və Bakı 3 saylı Mediasiya təşkilatına ödənilmiş 60 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə nikahlarından 21 noyabr 2016-ci il tavəllüdlü X3 anadan olmuşdur. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(004)- 5639/2017 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarındaki nikah pozulmuş və 21 noyabr 2016-ci il təvəllüdlü qızları X2 yetkinlik yaşına çatanadək anası Babayeva (Rəhimova) Bircəxanım Rza qızının yanında qalması və 21 noyabr 2016-ci il tavəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 200(iki yüz) manat miqdarında alimentin tutulub iddiaçı Babayeva(Rəhimova) Bircəxanım Rza qızına verilməsi qət edilmişdir.) Həmin qətnamə 15 avqust 2017-ci il tarixdə qanuni qüvvəsini almış və icra vərəqəsi xx.xx.2017-ci il tarixdə icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmiş və uşağın saxlanılması üçün müəyyən edilmiş ödənişlər cavabdeh tərəfindən həyata keçirilmişdir. Övladılarının ehtiyaclarını təkbaşına ödəmək onun üçün çox çətindir. Uşaq böyüdükcə tələbatları da artır. Hal-hazırda alimentin artırılmasına ehtiyac vardır. Eyni zamanda qeyd edilməsi zəruridir ki, nikahın pozulub aliment müəyyən edilən vaxt cavabdeh işləyirdi və yüksək məbləğdə əmək haqqı alırdı. Həmin vaxt aliment aylıq əmək haqqına münasibətdə təyin olunmalı olduğu halda nədənsə sabit məbləğdə təyin edilmişdir. Alimentin artırılması tələbinə dair hazırda iddia hazırlanarkən vəkillik qurumu tərəfindən cavabdehin işlədiyi Azərbaycan Respublikası Gömrük Komitəsinə və X5 İdarəsinə dəfələrlə əmək haqqına dair arayış verilməsi barədə müvafiq sorğu ilə müraciət edilsə də, dövlət orqanı tərəfindən müxtəlif bəhanələrlə əmək haqqı barədə arayış verilməsindən imtina edilmişdirir Bu illər ərzində cüzi alimentlə çox çətinliklə uşağın daima artan tələbatını ödəmişdir. Məsələnin məhkəməyə qədər həll edilməsi üçün cavabdehə mediasiya təklifi göndərilərək, sonradan ərizə ilə Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 3 sayı Mediasiya Təşkilatı tərəfindən MŞB/3/2023-01300 saylı, 21 yanvar 2024-cü il tarixli arayış verilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh şifahi vəsatət verərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Vəsatətini onunla əsaslandırmışdır ki, məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak barədə mülki-prosessual qanunvericilyin tələbləri pozulmuşdur. İlkin mediasiya sessiyasının vaxtı barədə ona məlumat verilməmişdir. Ümumiyyətlə ilkin mediasiya sessiyası qeyriiş gününə təyin edilmişdir. Bununla da mediasiya prosesində mübahisənin həlli imkanından məhrum olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X1 iddia ərizəsinin verilmiş vəsatətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə verilmiş vəsatəti, tərəflərin fikirlərini dinləyərək, iddianı və ona əlavə olunmuş sənədləri və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mükli-Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9cu maddəsində göstərilən hallarda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanununun 21.9-cu maddəsinə əsasən aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; 21.9.2. tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; 21.9.3. tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; 21.9.4. bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 21.6-cı maddəsinə əsasən tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 21.7-ci maddəsinə əsasən bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən, həmin təklif 10 gün ərzində hər hansı formada rədd edildikdə isə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir. 29.2-ci maddəsinə əsasən tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər.” İş materiallarında olan Bakı 3 saylı Mediasiya təşkilatının “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2024-cü il tarixli, MŞB/3/2023-01300 saylı arayışdan müəyyən olunur ki, ilkin mediasiya sessiyasının keçirilməsi xx.xx.2024-cü il tarixdə saat 16:00-16:30-dək təyin edilmişdir. Mediasiya prosesini davam etdirməyə razılıq verməyən tərəf İddiaçıdır. İş materiallarında olan xəbərnamələrin surətindən görünür ki, “mediasiya prosesinin tətbiqi barədə” bildiriş Cavabdeh, ünvan 1 ünvanına göndərilmişdir. xx.xx.2023-cü il tarixdə Həsənova soyadlı şəxs imza etməklə bildirişi qəbul etmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdehin rəsmi qeydiyyata olduğu ünvan ünvan 2ya prosesinin tətbiqi barədə” bildirişin, həmçinin “ilkin mediasiya sessiyası” barədə bildirişin cavabdehə təqdim olunması barədə sübutlar iş materiallarında aşkar edilməmişdir. Cavabdehin mediasiya prosesindən məlumatı olmadığından ilkin mediasiya sessiyasında iştirak edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin vəsatəti əsaslı olduğundan təmin olunmalı və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mükli-Prosessual Məcəlləsinin: 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.13, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində “Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar