Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-132/2022 31.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü ildə Cəlilov Əli və Mahir adlı daşınmaz əmlak satan maklerlər vasitəsi ilə Cavabdeh2 adlı şəxslə tanış olmuşdur. Cavabdeh2 ona Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 2 birbirinə bitişik olan 0,12 ha torpaq sahəsini (ümumi sahəsi 0,24 ha) ümumilikdə 255.000 manata təklif etmişdir. O, ondan həmin torpaq sahəsini almağa razılaşmışdır. Torpaq sahəsinin hər birinin dəyəri 127.500 manat idi. O, torpaq sahələrinin satılması barədə qohumları X5 və X1 məlumat vermişdir. Onlarda torpaq sahəsinə baxıb bəyəndilər. Belə qərara gəlmişlər ki, hər iki torpaq sahəsini o alsın və sonradan torpaqları üçü arasında bölər və fərdi yaşayış evi tikərlər. O, hər iki torpaq sahəsinin qiymətini Cavabdeh2 ilə razılaşdırmış və iki torpaq sahəsinə görə 255.000 manat ödəniş etmişdir. 255.000 manatın 71.000 manatını nəğd şəkildə xx.xx.2014-cü il tarixdə Cavabdeh2 ödəmişdir. Yerədə qalan 184.000 manatın 92.000 manatını Cavabdeh1 və 92.000 manatını isə X2 notarial alqısatqı zamanı bank hesabına ödəmişdir. 3 Saylı ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisində təsdiq edilmiş - xx.xx.2014-cü il tarixli AN-İ ******* saylı, 4- Ə2/716 saylı alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini Cavabdeh1 92.000 (doxsan iki min) manata almışdır. Bundan başqa Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,119047 ha torpaq sahəsini X2 nümayəndəsi Cavabdeh2 92.000 (doxsan iki min) manata xx.xx.2014-cü il tarixli AN-İ ******* saylı, 4-Ə2/717 saylı alqı-satqı müqaviləsi əsasında almışdır. Hər iki torpaq sahəsinə görə müqavilədən əlavə olaraq Cavabdeh2 35500 manat ümumilikdə isə 71.000 manat pul vəsaiti ödəmişdir. Sonradan aldığı hər iki torpaq sahəsinə dair 0,239047 ha torpaq sahəsinin onun mülkiyyətində olması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reysterində qeydiyyata alınması haqqında çıxarış əldə etmişdir. Bundan sonra həmin torpaq sahələrinin hər biri 0,08 ha olmaqla xx.xx.2014-cü il tarixli, 4ə- 3/796 nömrəli alqı-satqı müqavilələrinə əsasən qohumları X5 və X3 ilə aralarında bərabər şəkildə bölmüşlər. Bundan sonra onlar hər biri xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən 0,08 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətində öz adlarına çıxarış almışlar. Belə ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi ( 0,079047 ha) İddiaçı mülkiyyətinə verilməsinə dair xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reysterində qeydiyyata alınması haqqında ******* saylı çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı Şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə onun mülkiyyətində olan - Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsinə (0,079047 ha) dair № AA 061571 saylı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Bakı şəhər Səbail rayon icra Hakimiyyətininin Başçısının xx.xx.2014-cü il tarixli, 188 saylı sərəncamı ilə ona mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq sahəsində (0,079047 ha) razılaşdırılmış eskiz-layihəsi əsasında, öz vəsaiti hesabına, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. O, öz mülkiyyətində olan torpaq sahələrində fərdi yaşayış evinin tikilməsinə dair icazə aldıqdan sonra həmin ərazidə özünə məxsus 3 mərtəbəli, əlavə olaraq zirzəmisi və terrasa malik olan ümumi 663,3 kvadrat metr sahəsi olan fərdi yaşayış evi tikmişdir. Həmin fərdi yaşayış evinin tikintisinə 386363.83 manat vəsait xərcləmişdir. Qeyd edir ki, həmin vəsait fərdi yaşayış evlərinin tikintisinə xərclənmişdi və evdə hələ təmir edilməmişdir. xx.xx.2020-ci il tarixdə ona məxsus ev Bakı şəhər icra Hakimiyyətinin əməkdaşlarının göstərişi ilə əraziyə gətirilmiş tarktorlar və ekskavatorlar vasitəsi ilə heç bir məhkəmə qərarı olmadan sökülmüş və ona 386363.83 manat maddi ziyan vurulmuşdur. Sonradan Bakı şəhər prokuorluğunda Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən “Xalqlar Dostluğu” parkı adlanan ərazidə torpaq sahələrinin qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara satılması faktı üzrə aparılan Səbail Bələdiyyəsinin vəzifəli şəxsləri X7 və qeyriləri barəsində olan cinayət işi AR CM-nin 308.2, 313, 320.1, 320.2, 29,178.3.2 və 178.3.2-ci maddəlləri ilə cinayət işi başlanılmış və baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmiş, təqsirli şəxslərin barəsində hökm çıxmışdır. Həmin cinayət işinin istintaqı zamanı o, Bakı şəhər prokurorluğunda şahid qismində ifadə vermişdir. Bundan başqa Bakı şəhər Səbail rayon məhkəməsinin 2(009)-1813/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti cavabdehlər Cavabdeh1, DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi və ona qarşı «alqı-satqı müqaviləsinin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi» tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin və onun adına mülkiyyət hüququ barədə verilmiş xx.xx.2014-cü il tarixli Seriya RX ******* saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi təmin edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Bakı şəhər Səbail rayon məhkəməsinin 2(009)-1813/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, “Səbail Bələdiyyəsinin vəzifəli şəxsləri X7 və qeyriləri Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən “Xalqlar Dostluğu” parkı adlanan ərazidə torpaq sahələrinin qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara satılması faktı üzrə aparılan cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Səbail Bələdiyyəsinin vəzifəli şəxsləri X7 və qeyriləri özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayət əlaqəsinə girərək 2011-2015-ci illər ərzində “Xalqlar Dostluğu” parkı adlanan ərazidə olan və dövlət mülkiyyətində saxlanılan torpaq sahələrini Səbail Bələdiyyəsinin mülkiyyəti kimi fərdi yaşayış evlərinin inşası üçün alqı-satqı yolu ilə ayrı-ayrı yaxın qohum və tanışlarının adına verilməsi ilə bağlı saxta sərəncam, alqı-satqı aktı, torpağın cizgi planı və ödəniş qəbzlərini hazırlayıb bələdiyyənin bəzi vəzifəli şəxslərinin imzalarını saxtalaşdırdıqdan və bələdiyyənin işlər idarəsinin möhürünü vurduqdan sonra torpaq sahəsinin plan və ölçüsünün verilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinə müraciət etmişlər. Daha sonra isə imtina cavabı aldıqdan sonra müvafiq qaydada 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edilmiş, 45 inzibati iş üzrə qanunsuz iddia tələbləri təmin olunaraq “Xalqlar Dostluğu” parkı adlanan ərazidə yerləşən torpaq sahələrinə dair plan və ölçünün verilməsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinə həvalə olunmasına dair qərarlar qəbul olunmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə Bakı Apellyasiya məhkəməsinə müraciət etdikdən sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1 (103)-610/2016 saylı qərarı ilə, iş üzrə 3-cü şəxs Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2inz(81)-1821/13 saylı qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul olunmuş, iddiaçının iddiası təmin edilməmişdir. Sözügedən məhkəmə qərarı Ali Məhkəmə tərəfindən öz qüvvəsində saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2inz(81)-1821/13 saylı qərarı ilə iddiaçı Cavabdeh1 iddiası təmin edilmiş, Səbail Rayon Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 394 saylı sərəncamı ilə Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinə alqı-satqı aktı tanınmaqla plan və ölçünün verilməsi vəzifəsi DTXKnin Bakı Şəhər Şöbəsinə həvalə edilmişdir. Lakin, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2inz(81)-1821/13 saylı qərarına əsasən iddiaçı Cavabdeh1 öz adına xx.xx.2014-cü il tarixli (qeydə alma nömrəsi **********) reyestrdən çıxarış aldıqdan sonra 3 saylı Asan xidmət mərkəzində təsdiq edilmiş xx.xx.2014-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi əsasında mübahisəli 0,12ha torpaq sahəsini ona satmış, DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən B. Camalovun adına mülkiyyət hüququ barədə xx.xx.2014-cü il tarixli, seriya RX ******* saylı dövlət reyestrindən çıxarış verilmişdir.” Qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini Cavabdeh1 və Cavabdeh2 127500 manata 3 Saylı ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisində mübahisəli olduğunu bilə-bilə ona satmış, həmin torpaq sahəsində ümumi 663.3 kvadrat metr sahəsi olan fərdi yaşayış evi tikmiş və həmin fərdi yaşayış evinin tikintisinə 386363.83 manat vəsait xərcləmiş, həmin torpaq sahəsində mənə məxsus fərdi yaşayış evi heç bir məhkəmə qərarı olmadan qanunsuz olaraq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüş və ona nəticədə 386363.83 manat maddi ziyan dəymişdir. Qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Səbail rayonu, Salyan şosessi 32 ünvanında yerləşən torpaq yerləşən 0,12 ha torpaq sahəsinin Səbail Bələdiyyəsinə aid olmadığını bilmiş və torpaq sahəsini mübahisəli olduğunu bildiyi halda ona satmış və nəticədə ona 386363.83 manat maddi ziyan dəymişdir. Cavabdeh1 ona birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli nəticəsində ona məxsus fərdi yaşayış evi sökülmüş və ona maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən xx.xx.2014-cü il tarixli AN-İ ******* saylı, 4- Ə2/716 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edildiyi üçün Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə görə Cavabdeh1 və Cavabdeh2 ödənilmiş 127500 (yüz iyirmi yeddi min beş yüz ) manat pul vəsaitinin, dəymiş maddi ziyana görə 386363.83 (üç yüz səksən altı min üç yüz altımış üç manat səksən üç qəpik) min manat pul vəsaitinin,ümumilikdə 513863.83 manat pul vəsaitinin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, xx.xx.2014-cü il tarixli AN-İ ******* saylı, 4-Ə2/716 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edildiyi üçün Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə görə Cavabdeh1 və Cavabdeh2 ödənilmiş 127500 (yüz iyirmi yeddi min beş yüz ) manat pul vəsaitinin, dəymiş maddi ziyana görə 386363.83 (üç yüz səksən altı min üç yüz altımış üç manat səksən üç qəpik) min manat pul vəsaitinin, 57773 (əlli yeddi min yeddi yüz yetmiş üç) manat əldən çıxmış faydanın, ümumilikdə 571636.83 manat pul vəsaitinin və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı da vəkili oxşar məzmunlu izahat verərək, onun dediklərini təsdiqlədi. Cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehlərin qeydiyyatda olduğu yer üzrə rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştraik edən şəxslərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, o, tərəflərin hər ikisini tanıyır. Qeyd edilən torpaq sahəsinin 0.24 ha olduğundan məlumatlı idi. Tərlan həmin torpaq sahəsini iddiaçıya 255000 manata satmışdır. Tərəflər arasında torpaq sahəsinə dair danışıqlar aparılan zaman orada olmuşdur. Belə ki, torpağa görə hər birinə ayrı-ayrılıqda 127500 manat qiymət razılaşdırılmış, lakin depozit hesabına bir torpaq üçün 92000, ümumilikdə 184000 manat pul qoyulmuşdur. Tərlan ilk öncə iddiaçıdan 3000 manat beh almış, sonradan isə 68000 manat, ümumilikdə iddiaçıdan 71000 manat pul vəsaiti almışdır. Torpaq sahəsi başqa bir şəxsin adına olduğu üçün və həmin şəxsdə evli olduğundan, sonuncunun yoldaşı da alqı-satqı zamanı gəlib müqaviləyə imza etmişdir. Torpaq sahəsi üçün ödənilmiş pulu isə Tərlan özü götürmüşdür. İddiaçı aldığı torpaq sahəsində ev tikintisinə başlamışdır. Sözü gədən ərazidə tikinti demək olarki yekunlamış, sadəcə malyar işləri qalmışdır. Həmin yerdə 3 ev tikilirdi və səhv etmirsə evlər 2-3 mərtəbədən ibarət idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, o, iddiaçı və cavabdehin hər ikisini də tanıyır. Tərlanın atası ilə tanışdır. Belə ki, Tərlan ona torpaq satdığını və həmin torpaq sahələrinə müştəri axtardığını bildirmişdir. Sözü gedən torpaq sahələrinə müştərini Əli adlı şəxs tapmışdır və torpaqların alqı-satqısına dair müqavilə də bağlanmışdır. Hər iki torpaq sahəsinə görə 255000 manata razılıq əldə edilmişdir. Bildiyinə görə torpağa görə 3000 manat məbləğində beh verilmişdir. İddiaçı Tərlana hər torpağa ayrı-ayrılıqda 35500 manat, ümumilikdə 71000 manat nəğd şəkildə pul vermişdir. Qeyd edilən torpağa görə müştəri tapdıqları üçün Tərlan onlara beh verməli idi. Lakin cavabdeh Tərlan həmin behi də vermədi. İddiaçı aldığı torpaq sahəsində tikinti işləri aparmışdır. Belə ki, o həmin yerdən keçərkən bu işlərin şahidi olmuşdur. Lakin həmin ərazidə neçə ədəd evin tikildiyini dəqiq bilmir. Onları polisə çağırılan zaman evlərinin söküləcəyi barədə məlumat əldə etmişdir. Evlərin hansı mərhələdə söküldüyündən məlumatsızdır. Fikrincə evlər sökülən zaman tikilib yekunlaşmışdır. Söküntü olarkən isə qeyd edilən ünvanda olmamışdır. İş materiallarında olan: AN-İ seriyalı, ******* nörməli, xx.xx.2014-cü il tarixli və AN-İ seriyalı, ******* nörməli, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar Cavabdeh1 və X2 etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 0.119047 ha və 0.12 ha torpaq sahələrini alıcı İddiaçı hər bir torpaq sahəsinə 92000 manat ödəmək şərtiylə satmış və həmin məbləğlər bankın depozit hesabına köçürülmüşdür. DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən torpaq sahəsinin bir hissəsi (0.079047 ha) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 186 nömrəli sərəncamının surətindən görünür ki, vətəndaş İddiaçı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışına əsasən mülkiyyətində olan 0.079047 ha torpaq sahəsində razılaşdırılmış eskiz-layihəsi əsasında, öz vəsaiti hesabına fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1813/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh1, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilərək, cavabdehlər Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu, Salyan 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair bağlanmış xx.xx.2014-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Səbail rayonu, Salyan 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair İddiaçı adına verilmiş mülkiyyət hüququ barədə xx.xx.2014- cü il tarixli Seriya RX ******* saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-755/16 saylı, xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Cavabdeh2 AR CM-nin 320.1, 320.2 və 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 320.1-ci maddəsi ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 320.2-ci maddəsi ilə 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 178.3.2-ci maddəsi ilə barəsində CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 66.3-cü və 66.4cü maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Cavabdeh2 qəti olaraq 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2015-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanunu qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2017-ci il tarixli, 1(103)-59/17 saylı qərarı ilə Cavabdeh2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona həmin maddələrlə cəzanın təyin edilməməsi, Cavabdeh2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsi, Cavabdeh2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin olunmuş iki il müddətə dövlət və yerliözünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə yeddi il müddətə azadlıqdan məhrum etmə cəzası iki il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının müddətinin altı ilə endirilməsi, həbsdə saxlandığı və ev ustaqlığında olduğu müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 15 iyun 2015-ci il tarixdən hesablanmaqla cəzasının ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-737/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2017-ci il tarixli, 1(103)-59/17 saylı qərarı dəyişdirilərək, Cavabdeh2 AR CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş iki il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətə azadlıqdan məhrum etmə cəzasının 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilməsi qərara alınmışdır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, LP-106/2022 saylı rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında mövcud olmuş və sökülmüş fərdi yaşayış evinin sahəsi, tikintinin söküntü anına mövcud olmuş (iş materiallarında olan fotoşəkillər əsasında) vəziyyəti və 2015-ci il tarixinə tikintinin bazar qiyməti (işçilik və materiallar nəzərə alınmaqla) tikintinin dəyəri 354035.44 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 10 saylı cəzaçəkmə müəssisəsindən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh2 Azərbaycan Dövlətinin vahid torpaq fonduna aid olan və Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən Səbail bələdiyyəsinin mülkiyyətində olmuş torpaq sahələrini ələ keçirmək məqsədi ilə X7 və qeyriləri ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləmiş, bu məqsədlə 2012-ci ilin noyabr-dekabr aylarında Səbail Bələdiyyəsinin sədri adından tanışı X4 1200 kv.m ölçüdə torpaq sahəsinin ayrılması, 2013-cü ilin mart-aprel aylarında Səbail Bələdiyyəsinin sədri adından Etibar Məmmədovun anası Cavabdeh1 1200 kv.m ölçüdə torpaq sahəsinin ayrılması barədə kompüterdə 2003-cü ilə aid saxta sərəncam hazırlamış və sonuncuların adına daşınmaz əmlakın dövlət reyestri xidmətində xüsusi mülkiyyət kimi qeydiyyatına nail olaraq dələduzlu yolu ilə özgə əmlakını mənimsəmişdir. İddiaçı ilə Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 0.119047 ha və 0.12 ha torpaq sahələrinin ümumiulikdə 255000 manata alqı-satqısına razılamış, iddiaçı sonuncuya ilk öncə 71000 manat ödəniş etmiş və AN-İ seriyalı, ******* nörməli, xx.xx.2014-cü il tarixli və AN-İ seriyalı, ******* nörməli, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcılar Cavabdeh1 və X2 etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 0.119047 ha və 0.12 ha torpaq sahələrini alıcı İddiaçı hər bir torpaq sahəsinə 92000 manat ödəmək şərtiylə satmış, həmin məbləğlər bankın depozit hesabına köçürülmüşdür. Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən torpaq sahəsinin bir hissəsi (0.079047 ha) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmış və ona DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışı verilmişdir. İddiaçı sözü gedən torpaq sahələrində tikinti işləri aparmış, lakin tikinti tam bitməmiş Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-755/16 saylı, xx.xx.2016-cı il tarixli hökmü Cavabdeh2 AR CM-nin 320.1, 320.2 və 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona qəti olaraq 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1813/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, iddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh1, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilərək, cavabdehlər Cavabdeh1 ilə İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu, Salyan 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair bağlanmış xx.xx.2014-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Səbail rayonu, Salyan 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair İddiaçı adına verilmiş mülkiyyət hüququ barədə xx.xx.2014-cü il tarixli Seriya RX ******* saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Məhkəmə iddia tələbinin xx.xx.2014-cü il tarixli AN-İ ******* saylı, 4-Ə2/716 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edildiyi üçün Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə görə ödənilmiş 127500 (yüz iyirmi yeddi min beş yüz ) manat pul vəsaitinin, dəymiş maddi ziyana görə 386363.83 (üç yüz səksən altı min üç yüz altımış üç manat səksən üç qəpik) min manat pul vəsaitinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materialları, tərəflərin izahatı və eləcə də Cavabdeh2 istintaq zamanı verdiyi ifadəsi ilə iddiaçı tərəfindən Cavabdeh2 torpaqların alqı-satqısı üçün ilk öncə 3000 manat beh ödəməsi, sonradan isə alqı-satqı baş verən zaman 68000 manat, ümumilikdə nağd olaraq 71000 manat (hər torpaq sahəsi üçün 35500 manat olmaqla) və eləcə də, AN-İ seriyalı, ******* nörməli, xx.xx.2014-cü il tarixli və AN-İ seriyalı, ******* nörməli, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən hər torpaq üçün 92000 manat satıcıların bank hesabına depozit qoyması, Cavabdeh2 həmin pulları çıxardaraq ümumilikdə 255000 manatı mənimsəməsi, iddiaçı tərəfindən sözü gedən (ona məxsus olan) torpaq sahəsində tikili inşa etməsi, həmin tikilinin sonradan sökülməsi nəticəsində ona 481535 (dörd yüz səksən bir min beş yüz otuz beş) manat 44 (qırx dörd) qəpik (127500 manat alqı-satqı üçün verilmiş pul vəsaiti + 354035.44 manat ekspert rəyi) məbləğində maddi ziyanın dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, LP-106/2022 saylı rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında mövcud olmuş və sökülmüş fərdi yaşayış evinin sahəsi, tikintinin söküntü anına mövcud olmuş (iş materiallarında olan fotoşəkillər əsasında) vəziyyəti və 2015-ci il tarixinə tikintinin bazar qiyməti (işçilik və materiallar nəzərə alınmaqla) tikintinin dəyəri 354035.44 manat təşkil etmişdir. İşin bu halları Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-755/16 saylı, xx.xx.2016cı il tarixli hökmü ilə də öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 maddi ziyanın əvəzi qismində 481535 (dörd yüz səksən bir min beş yüz otuz beş) manat 44 (qırx dörd) qəpik (127500 manat alqı-satqı üçün verilmiş pul vəsaiti + 354035.44 manat ekspert rəyi) məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki qanunvericiliyə əsasən mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasını zərər vurulması faktı təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 42-ci maddəsinə əsasən cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə həmçinin maddi ziyanın müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması hissəsi razılaşmayaraq qeyd edir ki, mübahisəli torpaq sahəsi Cavabdeh1 adına onun oğlu Etibar Məmmədov tərəfindən qanunsuz olaraq sənədləşdirildiyindən, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış AN-İ seriyalı, ******* nörməli, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində formal olaraq iştirak etmiş və onun adına ödənilmiş 92000 manat məbləğində pul vəsaitini depozit hesabından çıxartdıqdan sonra digər Cavabdeh2 tələbi ilə ona vermişdir. Sözü gedən bu hal Cavabdeh2 və eləcə də, iş üzrə digər təqsirləndirilən və şahidlərin cinayət işinin istintaqı, həmçinin məhkəmə gedişatı zamanı verdikləri ifadələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə eyni zamanda iddia tələbinin cavabdehlərdən 57773 (əlli yeddi min yeddi yüz yetmiş üç) manat əldən çıxmış faydanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də, əsassız olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı əldən çıxmış faydanın nədən ibarət olmasına dair məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 maddi ziyanın əvəzi qismində 481535 (dörd yüz səksən bir min beş yüz otuz beş) manat 44 (qırx dörd) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50 %-i, yəni 15 (on beş) manat iddiaçıya aid edilsin, qalan 50 %-i, yəni 15 (on beş) manatı isə Cavabdeh2 İddiaçı xeyrinə tutulmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 300 (üç yüz) manat ekspertiza xərci 50 %-i, yəni 150 (bir yüz əlli) manatı iddiaçıdan, qalan 50 %-i, yəni 150 (bir yüz əlli) manatı isə cavadbehdən tutularaq "xxxx" MMC-nin ("xxxx" ASC Yasamal Filialı, VÖEN **********, kod 512565, VÖEN ********** (bankın VÖENİ), H/h AZE30AZRT********************, M/h AZ02NABZ********************, SWİFT: AZRT AZ 22) hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 maddi ziyanın əvəzi qismində 481535 (dörd yüz səksən bir min beş yüz otuz beş) manat 44 (qırx dörd) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50 %-i, yəni 15 (on beş) manat iddiaçıya aid edilsin, qalan 50 %-i, yəni 15 (on beş) manatı isə Cavabdeh2 İddiaçı xeyrinə tutulsun. İş üzrə məhkəmə məsrəfi olan 300 (üç yüz) manat ekspertiza xərci 50 %-i, yəni 150 (bir yüz əlli) manatı iddiaçıdan, qalan 50 %-i, yəni 150 (bir yüz əlli) manatı isə cavadbehdən tutularaq "xxxx" MMC-nin ("xxxx" ASC Yasamal Filialı, VÖEN **********, kod 512565, VÖEN ********** (bankın VÖENİ), H/h AZE30AZRT********************, M/h AZ02NABZ********************, SWİFT: AZRT AZ 22) hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-132/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-132/2022
31.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver