Məhkəmə qərarları › İş №2(004)-1329/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1329/2022

26.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1329/2022 26.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 55 000 ABŞ dolları və 20 000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1985-1998-ci illərdə Bakı şəhər Ticarət Departamentinin Yasamal rayon meyvə-tərəvəz Ticarət bazasının müdiri vəzifəsində işləmişdir. 1995-ci ilin avqustunda Ticarət Departamentinə yeni təyin olunmuş rəis Faiq Məmmədov onun işdən çıxarılmamağı üçün ondan 5000 ABŞ dolları tələb etmişdir, lakin həmin vaxt pulu olmadığına görə 1992-ci ildə aldığı Bakı şəhəri Nərimanov ravonu Leninqrad prospektində (hazırda Xuluflu küçəsi) 1 otaqlı mənzili satıb həmin pulu Faiq Məmmədova vermişdir. 1998-ci ilin may-iyun aylarında Faiq Məmmədovun barəsində cinayət işi başlanmış, lakin həmin vaxt Faiq Məmmədov ölkədən qaçmışdı və yalnız 2010cu ildə X5 Federasiyasında həbs olunmuşdur. Onun barəsində istintaq aparılarkən ərizə ilə şikayət edib verdiyi pulun müqabilində 1 otaqlı mənzili tələb etmişdir. Çünki həmin mənzili satarkən 1995-ci il idi. Faiq Məmmədov isə 2010-cu ildə həbs olunduğundan hadisədən 15 il keçmiş və evlərin qiyməti xeyli bahalaşmışdı. Bu səbəbdən də ona verdiyi pulu yox, məhz satdığı 1 otaqlı mənzilin müqabilində 1 otaqlı mənzili tələb etmişdir. Faiq Məmmədovun vəkili və qardaşı tərəfindən ona 55000 ABŞ dolları və 20000 manat dəymiş ziyan ödənilmişdir. Həmin pullar ona Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində prokuror İlham Məmmədovun iştirakı ilə verilmiş və iddiaçı da o pulları həmin vaxt onunla birlikdə olan və bacısı olduğu üçün etibar etdiyi Cavabdeh əl çantasına yerləşdirmişdir. 1 otaqlı mənzili 1995-ci ildə satarkən Cavabdeh anası ilə birlikdə anasına məxsus ünvan 1 ünvanında 3 otaqlı mənzildə yaşayırdı. 1996-cı ildə qardaşı X4 cinayət məsuliyyətinə cəlb olunduğuna görə anası və bacısı həmin mənzili satıb qardaşı Babək Xəlilovun işlərinə xərcləmiş, özləri isə evsiz qalmışdılar. Beləliklə, iddiaçının saxlamaq üçün verdiyi pulları cavabdeh mənimsəmiş və öz şəxsi maraqlarına sərf edərək ünvan 3 ünvanında 2 otaqlı mənzili əşyaları ilə birlikdə almış, daha sonra həmin mənzil plana düşmüş və MTK tərəfindən alınaraq Cavabdeh 2 otaqlı və əlavə olaraq 1 otaqlı mənzillər verilmişdir. Hazırda cavabdeh həmin mənzillərə sahiblənmiş və orada tək yaşamaqdadır. Beləliklə cavabdeh vurulmuş ziyana görə Faiq Məmmədov tərəfindən ona ödənilmiş 55000 ABŞ dolları və 20 000 manat pulu mənimsəmiş və həmin pulları bu günədək iddiaçıya qaytarmamışdır. Şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində araşdırılma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 sentyabr 2021-ci il tarixli Qərar çıxarılaraq mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən də cavabdeh tərəfindən mənimsənilmiş 55000 ABŞ dolları və 20000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı əlavə olaraq bildirmişdir ki, Nərimanov rayonu Leninqrad prospekti (hazırda Xuluflu küçəsi) ünvanında yerləşən 1 otaqlı mənzil kiçik qardaşının adına olmuş, lakin həmin mənzil onun vəsaiti hesabına alınmışdır. Məhkəmə iclasında cavabdeh və onun nümayəndəsi iddiaya etiraz edərək izahatlarında göstərmişlər ki, Nərimanov rayonu Leninqrad prospekti (hazırda Xuluflu küçəsi) ünvanında yerləşən 1 otaqlı mənzil tərəflərin kiçik qardaşının adına olmuş, iddiaçının işində problemləri, yəni işdən çıxarılmaması üçün 1995-ci ildə işlədiyi Ticarət Departamentinin rəisi Faiq Məmmədova rüşvət verilməsi üçün satılmış, həmin rəisi barəsində cinayət işinin istintaqı zamanı həmin mənzilin əvəzi olaraq onlara 55000 ABŞ dolları və mənzilin satılması səbəbindən anası ilə birlikdə 15 il kirayədə yaşadıqları, cehiz əşyalarının da köçmə zamanı yararsız hala düşməsi nəzərə alınaraq 20000 manat pul verilmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehin nümayəndəsi əlavə olaraq iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin və onların nüm ayəndələrinin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən məhkəmənin sorğusuna əsasən təqdim edilmiş 80302 nömrəli cinayət işi üzrə tərtib edilmiş 01 mart 2011-ci il tarixli protokoldan görünür ki, «Cavabdeh və onun qardaşı İddiaçı 1995-ci ilin iyul ayında Bakı şəhəri, F.Xoyski küçəsi, ev 121»A», 24 saylı mənzilin 3200 ABŞ dollarına sataraq üstündə özlərində olan 300 ABŞ dollranı da əlavə etməklə, cəmi 3500 ABŞ dolları məbləğində pulu işdən çıxarılmaması üçün İddiaçı 1995-ci ilin avqust ayında aparıb Bakı şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini X1 verməsini iddia etmələri barədə müxtəlif dövlət orqanlarına şikayətləri ilə əlaqədar Faiq Məmmədovun qardaşı…hal-hazırda isə İddiaçı, Cavabdeh və onun anası Şərqiyyə Xəlilovanın istədikləri …bir otaqlı, əla təmirli, hər bir şəraiti olan mənzilin alınması üçün həmin mənzilin dəyəri olan 55000 ABŞ dolları, habelə uzun illər kirayədə yaşadıqlarına, evlərini satarkən əşyalarını yığdıqları qeyri-yaşayış sahəsində əmlaklarının köhnəlib, xarab olub, yararsız hala düşdüyünü əsas gətirərək həmin məbləğdən əlavə tələb olunan 20000 manat məbləğində pul…onlara təqdim edildi. İddiaçı, Cavabdeh təqdim olunan pulu götürərək bildirdilər ki, Faiq Məmmədovun qohumları tərəfindən ödənilən 55000 ABŞ dolları, həmçinin ev əşyalarının xarab olmasına, kirayədə yaşamalarına görə tələb etdikləri 20000 manat məbləğində pulu tam olaraq aldılar.» Göründüyü kimi, 55000 ABŞ dolları və 20000 manat məbləği hər iki tərəfə onlara dəymiş zərərin, onlara məxsus olmuş və satılmış mənzilin əvəzi, kirayə haqlarının əvəzi və məişət əşyalarının yararsız hala düşməsi ilə əlaqədar dəyərlərinin əvəzi olaraq verilmişdir. İddiaçı satılmış mənzilin onun vəsaiti hesabına alınmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə satılmış mənzildə olmuş məişət əşyalarının, ona məxsus olmasını, onun cehizi olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Maddəsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.2.-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, tədqiq edilmiş sübutlarla iddia olunan pul vəsaitinin hər iki tərəfə dəymiş zərərin əvəzi olaraq verilməsi müəyyən edildiyindən iddiaçı həmin vəsaitin yalnız yarısını tələb edə bilər. Cavabdehin nümayəndəsinin iddiaçının tələbinə iddia müddətinin tətbiq olunması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4.-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Pul vəsaitləri də əmlak olduğundan və əmlak tələblərinə iddia müddəti şamil edilmədiyindən hazırkı tələb də əmlak tələbi olduğundan iddia müddəti tətbiq edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edlməli və 27500 ABŞ dolları və 10000 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 315 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbayckan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutuaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 27500 (iyirmi yeddi min) ABŞ dolları (qətnamənin icra olunduğu tarixdə ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Azərbaycan manatı ilə məzənnəsi ilə), 10000 (on min) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 315 (üç yüz on beş) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar