Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1334/2025 25.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 106976 nömrəli şəhadətnaməyə əsasən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, bu barədə akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə, 160 nömrəli qeydiyyat aparılmışdır.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ondan borca aldığı 11800 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddianın əsaslarına görə, cavabdehə inanaraq borca sənədsiz pul vermişdir. O, cavabdehdən aliment almış və uşağın gələcəyi üçün yığmışdır. Arif heç vaxt onlara getməyib, evə gələcəyini bildirəndə etiraz etməyib. xx.xx.2024-cü il tarixdə, saat 18:52 radələrində Arif onun evinə gəlib, evdə tək olub və maddi vəziyyətindən danışaraq ondan borc pul istəyib. O notariusa getməyi bildirdikdə cavabdeh işinin məxfi olduğuna görə sənədlərinin olmadığını bildirmişdir.
b) iddiaya etiraz
4. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdeh onun evinə borc istəməyə gəlmiş, o da 11800 manat məbləğdə pulu əlbəəl formada borc qismində ona vermişdir.
6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddiaçının tələbini qəbul etmir, iddiaçıdan nikah pozulduqdan sonra uzaq durmağa çalışmışdır. İddiaçıdan heç vaxt borc pul götürməmişdir. Həmin gün evə uşaqları görmək məqsədi ilə getmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
Məhkəmə baxışının hədləri
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
10. İşdən görünür ki, iddiaçı cavabdehə 11800 manat məbləğdə borc pul verdiyini iddia edir və həmin məbləğin geri qaytarılmasını xahiş edir.
11. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
12. Borc müqaviləsinə əsasən bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
13. Məhkəmə qeyd edir ki, borc müqaviləsi üzrə borc məbləğinin qaytarılması tələbi ilə çıxış edən şəxs ilk növbədə tərəflərin belə bir öhdəlik götürdüklərini, yəni öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi müqavilə şərtləri barədə razılaşdıqlarını, daha sonra isə müqavilə üzrə pulun verilməsi ilə bağlı öz öhdəliyinin yerinə yetirildiyini sübut etməlidir.
14. Hazırkı işin halları baxımından isə işin bu faktiki hallarının heç biri iddiaçı tərəfindən sübuta yetirilməmişdir.
15. Belə ki, iddiaçı tərəfindən öz tələblərinin əsası kimi istinad edilən sübutlar: cavabdehin xx.xx.2024-cü il tarixdə iddiaçının evindən çıxdığını əks etdirən kamera görüntülərindən çıxarış və iddiaçının “Whatsapp” platforması üzərindən cavabdehə yazdığı mesajlardan çıxarışlardır.
16. Məhkəmə qeyd edir ki, bu sübutların heç biri ayrı-ayrılıqda, nə də məcmu formada qiymətləndirildikdə iddiaçı tərəfindən cavabdehə borc pul verildiyini təsdiq etmir.
17. xx.xx.2024-cü il tarixdə iddiaçının evindən çıxdığını əks etdirən kamera görüntüləri ilə bağlı məhkəmə qeyd edir ki, həmin tarixdə cavabdehin iddiaçının evinə getməsi faktı məhkəmə iclasında onsuz da cavabdeh tərəfindən etiraf olunmuş, cavabdeh evə uşağını görməyə getdiyini bildirmişdir. Görüntülərdə bundan əlavə, hər hansı başqa fakt müşahidə olunmur.
18. İddiaçı tərəfindən “Whatsapp” platforması üzərindən cavabdehə yazılmış cavabsız mesajlar da özlüyündə borc verildiyini təsdiq edən sübut kimi qəbul edilə bilməz.
19. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir.
21. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
22. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
24. Odur ki, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia rədd edilməlidir.
25. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırkı iddia rədd edilməli olduğundan ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsində də iddia tələbi əsaslı deyil.
26. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə