Məhkəmə qərarları › İş №2(004)-1340/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1340/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1340/2023 13.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh 3100 (üç min yüz) ABŞ dolları üçün + hesablanmış məbləğdə faiz (cavabdehin 2022-ci ilin avqust ayının 18-ə ödənilməsini gecikdirdiyi məbləğ) X 8.25 % (Mərkəzi Bankın bu günə olan uçot dərəcəsi) / 1 ay (aylıq faiz dərəcəsi) X ay (ödənişin gecikdirildiyi aylar) - icra edildiyi gün üçün bank uçot dərəcəsinə əsasən hesablanmış faizlər, 72,80 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN məbləğində bank xidmə haqqının, poçt xərcləri – 1 AZN tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 10 ildən çox müddətdə tanıyır. xx.xx.2022-ci il tarixdə ona whatsapp messencer üstündən yazaraq 1000 ABŞ dolları istəmiş və xx.xx.2022-ci il tarixdə geri qaytaracağını bildirdi. Sonra ona 5354 6464 6933 3034 saylı “TuranBank”ın debit kartının şəklini whatsappla göndərdi. Ona pulu karta köçürməyini xahiş etdi. O, da 16 yanvar 2022-ci il tarixdə saat 20:44-də ona 370 ABŞ dolları köçürtdü və xidmət haqqı 5 AZN ondan tutuldu. Bir müddət sonra 17 avqust 2022-ci il tarixdə cavabdeh ona zəng edərək ona təcili 1 günlük 5000 ABŞ dolları borc verməyini xahiş etdi. And-aman etdi ki, sabah (yəni 18 avqust 2022-ci il tarixdə) pulu geri qaytaracaq. O, ona anlatdı ki, onda pul yoxdur (həyat yoldaşı ağır xərçəng xəstəsidir, 2 dəfə əməliyyat olunub, 3-cü əməliyyata hazırlaşırlar, dərmana və əməliyyata pul çatdıra bilmir). Sonra o, Nərimanovda yerləşən ofisə gəldi. Çox yalvardı. O, da ona dostunun ona verdiyi 3000 ABŞ dolların olduğunu və “dostunun adına olan ipotekanı ödəməlidir” deyərək cavabdehə ancaq 1 günlük ona pulu verə biləcəyini demişdir. Cavabdeh 18 avqust 2022-ci il tarixdə pulu ona geri qaytarmalı idi. O, cavabdehin səmimiliyinə inanaraq ona cəmi 3100 ABŞ dolları məbləğində pul ona borc verdi. Cavabdeh almış olduğu pulu hər iki halda 1 günə kimi qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Telefon zənglərinə cavab vermir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Buna görə də hesab edir ki, iddiaçı kimi tələbetmə hüququnun yarandığı tarixdən sonrakı dövrdə cavabdehin ona ödəməli olduğu pul vəsaitin ödənilməsini gecikdirdiyinə görə cavabdehdən tələb olunan 3100 (üç min yüz) ABŞ dolları üçün əlavə olaraq + hesablanmış məbləğdə faiz (cavabdehin 2022-ci il avqust ayının 18-ə ödənilməsini gecikdirdiyi məbləğ) X 8.25 % (Mərkəzi Bank uçot dərəcəsi) / 1 ay (aylıq faiz dərəcəsi) X ay (ödənişin gecikdirildiyi aylar)-icra edildiyi gün üçün bank uçot dərəcəsinə əsasən hesablanmış faizlər alınaraq ona ödənilməlidir. Qeyd olunanlara əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İşə məhkəmədə baxılan zaman İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh 3100 (üç min yüz) ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və izahatında əlavə olaraq bildirdi ki, o, uzun müddətdir ki, cavabdehi tanıyır, münasibətləri çox yaxşı olub, dostluq olub aralarında, bir yerdə çalışmışlar, uzaq-qısa yollara bir yerdə getmişlər. Hal-hazırda da bu dostluq bu pula görə bir az pozulmuşdur. Olub ki, iddiaçı özü cavabdehdən pul götürüb, sonra ona qaytarmışdır. O, da borca pul istəyəndə bank kartı vasitəsilə onun kartında pul olubsa, həmin dəqiqə ona pulu köçürdürdü. Sonuncu dəfə onun ailəsində xəstəliklə bağlı problemlər yaranmışdır və həmin ərəfədə cavabdeh onu yığaraq, ona təcili bir günlük 5000 ABŞ dolları lazım olduğunu bildirmişdir. O, isə hal-hazırda o qədər pulun onda olmadığını bildirmiş, ofisə gəldikdən sonra onda tanış adamın ipoteka pulunun olduğunu görmüş, özü cavabdehə zəng etmiş, onda başqa adamın pulu olduğunu, lakin 5000 yox, 2700 ABŞ dolları olduğunu bildirmiş, o, gəlib həmin pulu ondan götürmüş və səhərisi gün ona o pulu qaytaracağına söz vermişdir. Lakin bir gün, beş gün keçmiş, Anardan xəbər gəlməmişdir. Bundan başqa ondan xeyli əvvəl də cavabdeh ondan pul istəmiş və o, onun kartına 400 ABŞ dolları pul göndərmişdir. Axırıncı dəfə 2700 ABŞ dolları borca verdiyi zaman, Anarın ona 400 ABŞ dolları borcu olduğu da həmin vaxt yadından çıxmış, daha sonra isə əlavə olaraq ona 400 ABŞ dolları borclu olduğunu da xatırlamışdır. 400 ABŞ dollarının cavabdehin kartına köçürülməsi ilə bağlı onun kart hesabında sübutlar da var, lakin o, hal-hazırda həmin sübutları təqdim edə bilmir. Odur ki, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçını uzun müddətdir tanıyır, həmişə borca pul aldığı və dəfələrlə də ona borca pul verdiyi adamdır. Həmişə bir-birindən borca pul götürüb qaytarmış, bir-biri üçün iş görmüşlər. Lakin axırıncı dəfə borca götürdüyü 2700 ABŞ dolları pulu bir günə qaytaracağına söz versə də, qaytara bilməmişdir. O, heç vaxt borcunu danmamış, imkanı olacağı təqdirdə qaytaracağını bildirmişdir. Əslində İddiaçı ona borcu var ki, o, onun üçün iş görmək müqabilində həmin pulu almış, lakin nə işi görmüş, nə də pulunu geri qaytarmamışdır. Bildirmişdir ki, onun iddiaçıya 3100 deyil, 2700 ABŞ dolları məbləğində borcu vardır. İddiaçının əlavə qeyd etdiyi 400 ABŞ dolları isə heç zaman borca götürməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin qismən, yəni 2700 ABŞ dolları məbləği hissəsində təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, işin halları ilə və məhkəmə iclasında tərəflərin verdiyi ifadələrə əsasən müəyyən edilmişdir ki, İddiaçı 17 avqust 2022-ci il tarixdə Cavabdeh 2700 (iki min yeddi yüz) ABŞ dolları məbləğində borca pul vermiş və sonuncu borcu 18 avqust 2022-ci il tarixdə, yəni bir gün ərzində bütöv şəkildə olmaqla borc verən İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı cavabdehin ona 3100 ABŞ dolları məbləğində borcu olduğunu iddia edir, Cavabdeh isə iddianı qismən etiraf edərək, iddiaçıya hal-hazırda 2700 (iki min yeddi yüz) ABŞ dolları məbləğində borcunun olmasını etiraf edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə tərəflər arasında yazılı borc müqaviləsi bağlanmalı olduğu halda (məbləğ üç min manatdan çox olduğu üçün) tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan 2700 ABŞ dolları məbləğində borc alaraq, qısa müddət ərzində geri qaytarmağı vəd etsə də, bu günə qədər əldə etdiyi pul məbləğini iddiaçıya qaytarmamış və bununla da cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə cavabdehin iddiaçıya hal-hazırda 2700 ABŞ dolları məbləğində borcu olduğu müəyyən edilmişdir. Bu fakt işin mübahisəsiz halı olmaqla, cavabdehin etirafedici izahatı ilə öz təsdiqini tapmışdır. Məhkəmə iddia tələbinin cavabdehə əlavə borca verilmiş 400 ABŞ dolları məbləğində pulun olması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehə 2700 ABŞ dollarından əlavə 400 ABŞ dolları da, ümumilikdə isə 3100 ABŞ dollarını borca verdiyini iddia etsə də, 400 ABŞ dolları ilə bağlı məhkəməyə hər hansı bir sübutlar təqdim etməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2700 (iki min yeddi yüz) ABŞ dolları məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmasıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 72,80 (yetmiş iki manat 80 qəpik) manat məbləğində dövlət rüsumunun 9,46 (doqquz manat 46 qəpik) manatı iddiaçıya aid edilməli, qalan 63,34 (altmış üç manat 34 qəpik) manatı isə Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2700 (iki min yeddi yüz) ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 72,80 (yetmiş iki manat 80 qəpik) manat məbləğində dövlət rüsumunun 9,46 (doqquz manat 46 qəpik) manatı iddiaçıya aid edilsin, qalan 63,34 (altmış üç manat 34 qəpik) manatı isə Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar