Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-135/2021 12.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi ilə, X1 nümayəndəsi və eyni zamanda vəkili X3, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili X8 iştirakı ilə, X1 Cavabdeh qarşı avtonəqliyyat qəzası nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Cavabdeh qarşı avtonəqliyyat qəzası nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 13-40 radələrində özünə məxsus AUDİ markalı **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Hənifə Ələsgərova küçəsi ilə hərəkətdə olarkən Xan Şuşinski küçəsi ilə hərəkətdə olan Cavabdeh idarə etdiyi Mercedes Benz markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla qaydaları pozaraq onun maşınına soldan çırpılmış və nəticədə ona ziyan vurmuşdur. Hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar qəbul edilmiş və Cavabdeh inzibati məsuliyyətə cəlb olunmuşdur. Lakin, cavabdeh yol nəqliyyat qəzası nəticəsində dəymiş ziyanın ödənilməsindən imtina etmişdir. xx.xx.2030-ci il tarixli qüsur aktından görünür ki, qəza nəticəsiində avtomaşınına vurulmuş ziyanı aradan qaldırmaq üçün ehtiyat hissələrinə 33470 manat, görülən işlərə isə 3370 manat, cəmi 36840 manat manat vəsait sərf edilməlidir. Beləliklə, cavabdehin təqsiri nəticəsində ona 36840 manat dəyərində maddi ziyan vurulmuşdur. Eyni zamanda məhkəmədə hüquqlarının müdafiəsi ilə bağlı 500 manat ödəyərək hüquqi yardım haqqında müqavilə bağlamışdır. Göstərilənlərə əsasən avtonəqliyyat qəzası nəticəsində ona vurulmuş 36840 manat məbləğində zərərin, eyni zamanda 500 manat məbləğində hüquqi xidmət xərclərinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və eyni zamanda vəkili X7 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdə və əlavə olaraq bildirdi ki, sığorta şirkəti tərəfindən onlara icbari sığorta üzrə 5000 manat məbləğində ödəniş edilmişdir. Qətnamə çıxarılarkən tələb edilən məbləğdə həmin məbləğində çıxılmasının da, nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili X12 iddia tələbini qismən etiraf edərək bildirdi ki, cavabdeh qəzanın baş verməsini və qəza nəticəsində iddiaçının avtomobilinə zərər yetirilməsini inkar etmir. Lakin iddiaçının avtombilinə dəymiş ziyan European Cars LTD tərəfindən qiymətləndirilsə də, həmin ziyan qat-qat şişirdilmişdir. Belə ki, məlum məsələdir ki, həmin avto servis ölkənin ən bahalı avto təmir xidmətlərini göstərir və orada göstərilən xidmətlər hazırki bazar qiymətlərindən çoxdur. İş üzrə təyin edilmiş ekspertiza da, düzgün aparılmamış, ekspert yalnız hazır qüsur aktına əsaslanaraq rəy vermişdir. Burdan da görünür ki, hazırki iş üzrə ekspert tərəfindən bazar araşdırılması aparılmamışdır. Onlar özləri də avtomobilin təmiri ilə maraqlanmış və maşına dəymiş ziyan verilmiş siyahı üzrə 12500 manat dəyərində qiymətləndirilmişdir. Sığorta şirkəti tərəfindən onlara ödəniş verilmiş, lakin qiymətləndirmə aparılmamış ödəniş edilmişdir. Əgər sığorta şirkəti tərəfindən qiymətləndirmə aparılmışdırsa həmin dəymiş məbləğ müəyyən edilə bilər. Bütün bunlarla yanaşı dəymiş zərbə də, güclü olmamışdır. Həmin zərbənin nəticəsində maşının hava yastıqlarının açılması və arxa oturacaqdakı təhlükəsizlik kəmərinin sınması mümkün deyildir. Çünki avtomobilin panelində zədələnmələr yoxdur. Həmçinin avtomobilin hissələrinin köhnəlmə faizləri çox aşağı göstərilmişdir. Belə ki, avtomobilin detallarının illik 4 faizlə köhnəlməsi qeyri-mümkündür. Belə ki, norlada köhnəlmə faizləri 12 faiz olmalıdır. Həmin avtobilin təmirinə hazırki bazar qiymətlərinə uyğun olaraq 12500 manat məbləğində xərc tələb olunur. Odur ki, sığorta şirkəti tərəfindən ödənilmiş 5000 manat məbləği də nəzərə alınmaqla, iddiaçıya 7500 manat ödənilməsi barədə qətnamə çıxarılmasına etiraz etmirlər. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AD 673661 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Audi A6 minik markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X5r. - European Cars LTD-nin xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, Audi A6 minik markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bərpası üçün ehtiyyat hissələrinin qiyməti 33470 manat, iş haqqı 3370 manat, cəmi 36840 manat təşkil edir. - 9/4735 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, “European Cars” LTD tərəfindən təqdim edilən xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Audi A6” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 29601 manat müəyyən edilir. Məhməkə iclasında işin araçdırılmış halları ilə müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə Hacıyev X10 Benz markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən X6 məxsus Audi A6 minik markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. 9/4735 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən, “European Cars” LTD tərəfindən təqdim edilən xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Audi A6” markalı, ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 29601 manat müəyyən edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sığorta şirkəti tərəfindən X2na məxsus Audi A6 minik markalı, **-VJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri üçün 5000 manat məbləğində icbari sığorta ödənişi edilmişdir. Sözü gedən bu hal məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən etiraf edilmişdir. Cavabdehin nümayəndəsi iddia tələbini qismən etiraf edərək, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən iddiaçıya məxsus avtomobilə ziyan vurulmasını inkar etməyərək, iddia tələbini vurulmuş zərərə münasibətdə tələb olunan məbləğ hissəsində mübahisələndirərək, dəymiş zərərin ümumilikdə 12500 manat olmasını və icbari sığorta ödənişi üzrə ödənilmiş 5000 manat məbləğində nəzərə alınmaqla yerdə qalan 7500 manat məbləğində ödənişi etmələrinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə qeyd edir ki, qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər və hazırkı işdə də Cavabdeh münasibətdə həmin əsaslar mövcuddur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdehdan iddiaçının xeyrinə əmlaka dəymiş zərərin əvəzi kimi sığorta şirkəti tərəfindən icbari sığorta ödənişi üzrə ödənilmiş 5000 manat məbləğində pul vəsait də, nəzərə alınmaqla 24601 (iyirmi dörd min altı yüz bir) manat məbləğində (ekspert rəyində göstərilmiş 296xx xxxxxxxx 5000 manat icbari sığorta ödənişi çıxıldıqdan sonra əldə edilmiş məbləğ) pul vəsaiti tutulmalıdır. Məhkəmə iddia tələbinin 500 manat məbləğində hüquqi xidmət xərclərinin tutulması hissəsi ilə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı hüquqi xidmətlərə görə 500 manat məbləğində ödəniş etməsi barədə məhkəməyə hər hansı mötəbər bir sübut təqdim edə bilmədi. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olmuş həqiqi və tədqiq olunmuş hallar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 24601 (iyirmi dörd min altı yüz bir) manat məbləğində pul vəsaiti tutularaq X1 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50%-i, yəni 15 (on beş) manatı iddiaçıya aid edilməli, qalan 50%-i, yəni 15 (on beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1 xeyrinə ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərcinin 50%-i, yəni 50 (əlli) manatı iddiaçıdan, qalan 50%-i, yəni 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi 24601 (iyirmi dörd min altı yüz bir) manat məbləğində pul vəsaiti tutularaq X1 xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50%-i, yəni 15 (on beş) manatı iddiaçıya aid edilsin, qalan 50%-i, yəni 15 (on beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1 xeyrinə ödənilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərcinin 50%-i, yəni 50 (əlli) manatı iddiaçıdan, qalan 50%-i, yəni 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-135/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-135/2021
12.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver