Məhkəmə qərarları › İş №2(004)-135/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-135/2023

02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-135/2023 02.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2 ay müddətə qaytarmaq şərti ilə borc aldığı 20.500 (iyirmi min beş yüz) avro məbləğində pulun iddia ərizəsinin verildiyi günə olan Azərbaycan manatının məzənnəsinə uyğun olaraq 35.670 manat pulun; həmin borcu vaxtında qaytarmadığı üçün devolvasiya nəticəsində ona dəymiş 5.330 (beş min üç yüz otuz) manat məbləğində zərərin əvəzinin və cavabdehin ona qaytarılmalı olduğu 20.500 avro məbləğində borc pulun xx.xx.2019-cu il tarixdən bugünə qədər hesablanmış 5.535 manat faiz məbləğinin, cəmi 46.535 (qırx altı min beş yüz otuz beş) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh Sabirabad rayon sakini kimi tanımış, ailəvi tanışlığı olmuşdur. 2019-cu ilin iyul ayında o, iddiaçıya telefonla zəng edib təcili 20.500 (iyirmi min beş yüz) pula ehtiyacının olduğunu bildirmiş və 2 ay müddətində borcu qaytaracağına söz verib üzərinə öhdəlik götürmüşdür. Bir-neçə dəfə telefon danışıqlarından sonra iddiaçı ona inanaraq 10 iyul 2019-cu il tarixdə Almaniya Federativ Respublikasında fəaliyyət göstərən “Deutsche Apotheker-und Arztebank Münster” filialı vasitəsilə ********** nömrəli debitor hesab nömrəsindən Cavabdeh "xxxx" ASC-dəki hesab nömrəsinə 10.000 avro məbləğində pulu köçürmüşdür. Bundan bir həftə sonra 2019-cu ilin iyul ayının ortalarında iddiaçının əri X2 Azərbaycanda olarkən əri vasitəsilə 5.000 avro məbləğində pulu Cavabdeh iddiaçıdan borc almışdır. 3-cü dəfə yenə Almaniya Federativ Respublikasında fəaliyyət göstərən COMMERZBABK Münster vasitəsilə DE29 **********2310560 nömrəli hesab nömrəsindən Cavabdeh "xxxx" ASC-dəki eyni hesab nömrəsinə 5.500 avro məbləğində pulu köçürmüşdür. Beləliklə, 2019-cu ilin iyul-avqust aylarında Cavabdeh iddiaçıdan ümumilikdə 20.500 avro, yəni 41000 manat məbləğində pulu iki ay müddətində qaytarmaq şərtilə borc pul almışdır. 2019-cu ilin oktyabr ayı keçməsinə baxmayaraq cavabdeh iki ay müddətinə qaytarmaq şərtilə iddiaçıdan götürdüyü 20.500 avro məbləğində borcu qaytarmamışdır. İddiaçı Cavabdeh dəfələrlə telefonla zəng edərək götürdüyü 20.500 avro məbləğində borcu qaytarmasını tələb etmişdir. O, əvvəl borcu qaytaracağına söz versə də, sonradan müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan boyun qaçırmağa başlamış, borcu qaytarmaqdan yayınmağa başlamışdır. Cavabdehin iddiaçıdan aldığı borcu qaytarmadığını görən iddiaçının əri X5 Almaniya Federativ Respublikasından Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə cavabdehin qanunsuz hərəkətlərindən onlayn qaydada şikayət göndərmişdir. Bundan sonra AR DİN Baş Cinayət Axtarış İdarəsində iddiaçının ərinin şikayəti əsasında müvafiq araşdırma aparılmışdır. Bütün bunlara baxmayaraq cavabdeh 2019-cu ilin iyul-avqust aylarında iddiaçıdan borc aldığı 20.500 avro məbləğində pulu bu günədək qaytarmamışdır. Bununla da cavabdeh iddiaçıya qarşı mülki hüquq pozuntusu törədərək iddiaçının 20.500 avro məbləğində pulunu ələ keçirmiş və iddiaçıya maddi ziyan vurmuşdur. Göründüyü kimi, Cavabdeh 2019-cu ilin iyul-avqust aylarında iki ay müddətinə qaytarmaq şərtilə iddiaçıdan 20.500 avro məbləğində pulu (hazırda 41.000 manat dəyərində) borc götürmüş, lakin vəd etdiyi vaxtda, yəni 2019-cu ilin oktyabr ayında iddiaçıdan götürdüyü borcu qaytarmamışdır, iddiaçının pulunu qanunsuz özündə saxlamış, öz şəxsi işlərinə sərf edib faydalanmışdır. Hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulduğu qaydada Cavabdeh iddiaçının 20.500 avro məbləğində pul vəsaitini qanunsuz saxladığına, borc pulu vaxtında qaytarmadığına, iddiaçının pulundan faydalandığına görə Cavabdeh iddiaçının xeyrinə 5535 manat faiz tutulub iddiaçıya ödənilməlidir. Bundan başqa, Cavabdeh iddiaçıya qarşı mülki hüququ pozuntusu törətməsi nəticəsində, eləcə də bu günə qədər iddiaçıdan aldığı 20500 avro məbləğində borcu qaytarmadığına görə iddiaçının onda qalan 20500 avro məbləğində pulu devalvasiyaya uğrayaraq öz dəyərini itirmişdir, iddiaçıya 5.330 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, Cavabdeh 2019-cu ilin iyul-avqust aylarında iddiaçıdan 20500 avro məbləğində borc pul götürərkən 1 avro 2 Azərbaycan manata bərabər olmuş, yəni cavabdehin iddiaçıdan borc götürdüyü 20.500 avro məbləğində pul 41.000 Azərbaycan manatına bərabər tutulurdu. Hazırda isə 20500 avro məbləğində pulun Azərbaycan manatı ilə məzənəsi 35.670 manat təşkil edir. Göründüyü kimi Cavabdeh 2019-cu ilin iyul-avqust aylarında iddiaçıdan götürdüyü 20500 avro məbləğində pulu vaxtında qaytarmadığı üçün iddiaçının pulu devalvasiyaya uğramış, nəticədə iddiaçıya 5.330 manat məbləğində zərər vurulmuşdur. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2022-ci il tarixdə ərizə verərək iddia müddətinin tətbiq olunması və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən 2019-cu ilin iyul-avqust ayları üzrə 3 dəfəyə hissə-hissə olmaqla 2 ay müddətinə qaytarmaq şərtilə cəmi 20.500 avro pul vəsaitini borc verilmişdir. Həmin ümumi vəsaitin 10.000 avro hissəsi 10 iyul 2019cu il tarixdə, 5.500 avro hissəsi 29 avqust 2019-cu il tarixdə bank hesabı vasitəsilə Almaniyadan köçürmə yolu ilə verilmişdir. Bu köçürülmələrə dair məhkəməyə bank sənədlərini sübut olaraq təqdim etmişdir. Borcun qalan 5.000 avro hissəsini isə iddiaçı əri vasitəsilə cavabdehə Sabirabad rayonunda yerləşən evində vermişdir. Cavabdeh iddiaçının ərinin şikayəti əsasında polis orqanlarında aparılan araşdırma zamanı verdiyi izahatında öz borcunu tam olaraq, eləcə də ona bank vasitəsi ilə verdiyi pul vəsaitindən əlavə olaraq əlbəəl verdiyi 5000 (beş min) avro borcunu da etiraf etmişdir. O, verilmiş suallara əsasən bildirmişdir ki, iddiaçı tərəfindən sonuncu dəfə cavabdehə xx.xx.2019-cu il tarixdə 5.500 avro bank vasitəsilə göndərilmişdir. Əlbəəl qaydada 5000 avronun verilməsi isə iddiaçının əri vasitəsilə onun Azərbaycana gəldiyi vaxta, yəni 2019-cu ilin iyul ayının sonlarına təsadüf etmişdir. Buna dair məhkəməyə iddiaçının ərinin notarial qaydada verilmiş ərizəsi təqdim edilmişdir ki, o, 5000 avronu iddiaçının tapşırığına əsasən cavabdehə vermişdir. Hətta Cavabdeh Bakı şəhər Baş Polis idarəsində vermiş olduğu izahatında borcu etiraf edib, hissə-hissə qaytarmaq üçün möhlət istəmişdi. 2 ay müddətinə cavabdehin pulu qaytarması barədə razılaşma tərəflər arasında şifahi qaydada olmuşdur. 2 ay müddətinə cavabdehin pulu qaytarmasına dair öhdəlik götürməsi ilə bağlı cavabdehin yazmış olduğu izahatdan başqa sübutu yoxdur. Bundan başqa bank tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən də müəyyən edilir ki, pul vəsaiti Almaniyada fəaliyyət göstərən bank hesabından İddiaçı adından köçürülmüş, bundan sonra isə bankdan pul vəsaitlərini cavabdeh özü götürmüşdür. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidmət edir. İddiaçı ilə o, bir ailə kimi olmuşlar. Belə ki, onun atası ilə iddiaçının anası nikahda olmuşlar və onlar arasında mehriban münasibətlər olmuşdur. Hətta ailə münasibətləri ilə əlaqədar olaraq aralarında pul verib-alma məsələləri olmuş və verilən pullar borc olaraq qəbul edilməmişdir. Yalnız atası vəfat etdikdən sonra iddiaçının anası evi tərk etmiş, bundan sonra ona qarşı sərt münasibət bəsləməyə başlamışlar, lakin bu cür münasibətin səbəbini anlamır. O, daxili işlər orqanlarında xidmət göstərdiyindən iddiaçı və əri nazirin qəbulunda olaraq ondan şikayət etmiş, ona hədə-qorxu gələrək pulu tələb etmişlər. Bu fakta görə barəsində xidməti araşdırma başlanılmışdır O, həmin vaxt iş yerini yeni dəyişmək niyyətində olduğundan və xidməti fəaliyyətində problem yaranacağından ehtiyat edib izahatında borcu qəbul etdiyini göstərmişdir. İddiaçı və əri səfirlik vasitəsilə onun iş yerinə yazmışlar, o da işini itirməmək üçün o şəkildə izahat vermişdir. Hətta o, araşdırma ilə bağlı bir aydan artıq müddət ərzində vəzifəsindən müvəqqəti olaraq uzaqlaşdırılmışdır. Halbuki qeyd etdiyi kimi, onlar bir ailə olmuşlar və o, həmin pulu atasına vermiş, özü xərcləməmişdir. O, qəbul edir ki, bankdan İddiaçı tərəfindən göndərilmiş 15.500 avro pul vəsaitini özü götürmüşdür. Lakin bunu atasının tapşırığına əsasən etmiş və Teymur adlı ailəvi tanış sürücüyə vermişdir ki, Sabirabad rayonunda yaşayan atasına çatdırsın. Pulun verilməsindən 2-3 ay sonra isə atası vəfat etmişdir. Lakin o, qalan 5000 avronun mövcudluğunu ümumiyyətlə qəbul etmir və bildirir ki, iddiaçının əri tərəfindən ona əlbəəl hər hansı məbləğdə pul vəsaiti verilməmişdir. Verilmiş suallara əsasən cavabdeh bildirmişdir ki, götürülən həmin pul vəsaiti atasına iş üçün lazım olmuşdur. Həmin vaxt atası xəstə olmuş, ciyərlərində problem yaranmışdır. Həmin pul atasına da borc məqsədi ilə verilməmişdir. Çünki atası iddiaçının anası ilə evli olmuşdur. İddiaçı ona pul göndərməmişdən qabaq ancaq pulu götürməyi bildirmişdir, əvvəllər pulun göndərilməsi ilə bağlı aralarında heç bir söhbət olmamışdır. İddiaçının əri Şahram ona 5000 avro verməmişdir. O, 10.000 avro bir, 5500 avro da bir götürmüşdür. Ümumilikdə onun hesabına 15.500 avro pul köçürülmüşdür. Onun özünün həmin borca heç bir aidiyyəti yoxdur və qaytarılması ilə bağlı vəd verməmişdir. Hətta hesab edir ki, atasının da normal dolanışığı olduğundan borc üçün pul götürməyə ehtiyacı olmamışdır. Hesab edir ki, bir dəfə Könül qatarla ölkəyə gələrkən qızıllarını itirmiş, atası o, pis vəziyyətdə qalmasın deyə ona 20.000 (iyirmi min) ABŞ dollar vermişdir. Buna görə də düşünür ki, həmin vəsaitin əvəzində Könül atasına qeyd olunan vəsaiti göndərmişdir. Pulu çatdıran Teymur onun tanışıdır. Teymur pulun məbləğini dəqiq bilməmişdir, çünki çatdırılması həvalə edilən pulun məbləği ilə bağlı ona məlumat verilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Cavabdehin atası ilə iddiaçının anası ərarvad olmuş və iddiaçı ilə cavabdeh bacı-qardaş kimidirlər. Onlar mehriban olmuşlar, iddiaçı cavabdehin atasını öz atası kimi, cavabdeh də iddiaçının anasını öz anası kimi qəbul etmişdir. Tərəflər arasında borc münasibəti olmamışdır. İddiaçı cavabdehin atasının müalicəsinə müxtəlif vaxtlarda qardaşı vasitəsilə pul göndərmişdir. Tərəflərin arasında ailə münasibətləri olduğu üçün pulun qaytarılma şərtləri ilə bağlı hər hansı anlaşma olmamışdır. Dolayısı ilə tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlər yaranmamışdır. Bundan başqa Bakı şəhər Baş Polis idarəsində cavabdehin verdiyi izahat onun sərbəst iradə ifadəsi deyildir. Belə ki, tərəflər arasında mübahisə yarandıqdan sonra cavabdehin iş yerinə şikayətlər ediləcəyi hədə-qorxusu olduğu üçün məcbur qalaraq, cavabdeh o cür izahat vermişdir. Həmin izahat üzrə də hər hansı qərar qəbul edilməyib ki, cavabdeh həmin qərarı mübahisələndirsin. Hesab edir ki, cavabdehin həmin izahatı sübut kimi qiymətləndirilə bilməz. Çünki məcburiyyət qarşısında qalaraq yazılmış izahatdır. Əgər cavabdeh izahatında pulu aldığını etiraf etməsə idi, onun barəsində daha sərt cəza verilə bilərdi, hətta dələduzluqla bağlı cinayət işi açıla bilərdi. Yəni izahat sərbəst iradə ifadəsini əks etdirmir. Tərəflər arasında müqavilə öhdəliyi yoxdur, çünki pul cavabdehə onun atası üçün göndərilmişdir. İddiaçının ərinin vermiş olduğu pulun istənilməsinə isə iddiaçının subyektiv hüququ yoxdur. Həmçinin, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. Burada iddia müddəti tətbiq edilməlidir. Odur ki, göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Deustche apotheker-undarztebank” bankının Münster filialı tərəfindən verilmiş arayışa əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh "xxxx" ASC-də olan AZ67AİİB410200A**********107 nömrəli hesabına 10.000 avro məbləğində pul köçürülmüşdür. İş materiallarında olan “Commerzbank” bankının Münster filialı tərəfindən verilmiş arayışa əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh "xxxx" ASC-də olan AZ67AİİB410200A**********107 nömrəli hesabına 5.500 avro məbləğində pul köçürülmüşdür. Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2013cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublardan, həmin məktublara əlavə edilmiş hesabdan çıxarışlar və mədaxil orderlərindən müəyyən edilir ki, Cavabdeh adına olan AZ67AİİB410200A**********107 nömrəli bank hesabına Almaniya Federativ Respublikasından xx.xx.2019-cu il tarixdə 10.000 avro, xx.xx.2019-cu il tarixdə 5.500 avro köçürülmüşdür. 5.500 avro Birbank tətbiqi vasitəsilə Cavabdeh adına olan plastik kart hesabına köçürülmüş, daha sonra plastik kart hesabından filialda kassa vasitəsilə məxaric olunmuşdur. Bank tərəfindən məhkəməyə təqdim edilmiş məxaric orderlərindən müəyyən edilir ki, Cavabdeh qeyd olunan vəsaitləri imza etməklə qəbul etmişdir. İş materiallarında olan X1 xx.xx.2022-ci il tarixli ərizəsinin notarial qaydada tərcümə edilmiş surətindən müəyyən edilir ki, o, ərizəsində xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh 2019-cu ilin iyun ayında Sabirabad rayonundakı evində şəxsən iki ay ərzində geri qaytarmaq şərtilə qaynatası Səmədağa Əliyev və qaynanası Rəfiqə Şükürlünün iştirakları ilə 5.000 avro məbləğində pul verməsini təsdiq etmişdir. İş materiallarında olan C7Z284L2K nömrəli ümumvətəndaş pasportundan müəyyən edilir ki, İddiaçı Almaniya Federativ Respublikasının vətəndaşı olmaqla Münster şəhərində yaşayır. İş materiallarında olan Səadət Sarayı (Bakı Nikah evi) tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/Q-407/69 nömrəli arayışdan müəyyən edilir ki, X5 ilə İddiaçı Əliisa qızı arasında xx.xx.2001-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən edilir ki, iddiaçı tərəfindən öhdəliyin icrası tələb edilmişdir. İş materiallarında olan Bakı şəhəri BPİ-nin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə Şahram Şaghagi DİN-nin elektron ünvanına şikayət ərizəsi ilə müraciət edərək 41-ci Pb-nin əməkdaşı Cavabdeh ona hədə-qorxu gəlinməsini və 20.500 avro borcunun sonuncu tərəfindən qaytarılmadığını bildirmiş və köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən edilir ki, Almaniya Federativ Respublikasının vətəndaşı X3 RPİ-nin 41-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Cavabdeh ona olan 20.500 manat borcunun qaytarılmaması və hədəqorxu gəlməsi barədə DİN-nin rəhbəriyinə ünvanlanmış müraciəti əsasında 2022-ci ilin aprel ayında Bakı şəhər BPİ-də xidməti yoxlama aparılmışdır. Araşdırma nəticəsində müraciətdə qeyd olunan xüsusatlar təsdiqlənməmiş, eyni zamanda yaranmış mülki xarakterli mübahisəli məsələ ilə bağlı aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnun olması barədə müraciət müəllifinə izah verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis idarəsi tərəfindən Şahram Şaqaqinin Cavabdeh barəsində şikayəti üzrə araşdırma zamanı Cavabdeh verdiyi izahatın məzmununa əsasən müəyyən edilir ki, o, xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, 2019-cu ilin avqust ayında atası Səmədağa Əliyev ona zəng edərək Almaniyadan Könülün onun adına pul göndərəcəyini və bu pulun "xxxx" ASC-nin Xətai rayon filialında hesabından çıxarıb ona – Sabirabad rayonuna göndərməsini demişdir. O, bu pulun Könülə 2014-cü ildə verdiyi 20.000 ABŞ dollarının əvəzi olduğunu düşündüyünə görə heç bir səbəb soruşmadan götürüb atasına göndərmişdir. Atası 2019-cu ilin dekabr ayında rəhmətə getdikdən iki il sonra ona məlum olmuşdur ki, həmin pulu Könül atasında borc olaraq vermişdir. Səbəbini öyrəndikdə isə məlum olmuşdur ki, atası təsisçisi olduğu MMC-nin tender götürməsi üçün ödəniş edəcəyi firmanın hesabına pul ödəməli olduğundan Könüldən, həmçinin başqa bir neçə şəxsdən borc almışdır. O, həmçinin izahatında bildirmişdir ki, 2014-cü ildə atası Könülə qatarda itirdiyi qızıl-zinyət əşyaları üçün 20.000 ABŞ dollar vermişdir. Buna görə də o, 2019-da atası Könülün pul göndərməsini bildirdikdə hesab etmişdir ki, həmin pulu geri qaytarır. Hazırda ona məlum olan və atasında məxsus olan 350.000 manat dəyərində borcun bir hissəsini atasının maşınını və torpaq sahəsini sataraq bir hissəsini ödəmişdir. Hazırda atasının 180.000 manat məbləğində borcu qalmışdır. Könülün əri Şahrama olan borcunu isə hissə-hissə ödəməyə hazırdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli Bakı şəhər BPİ-nin arayışından müəyyən edilir ki, fakt üzrə aparılmış araşdırma nəticəsində tərəflərə mülki mübahisə ilə bağlı məhkəməyə müraciət edilməsi təklif edilmişdir. Beləliklə məhkəmə tərəfindən işin müəyyən edilmiş halları odur ki, iddiaçı 2019-cu ildə müxtəlif tarixlərdə cavabdehə iki dəfə bank vasitəsilə xx.xx.2019-cu il tarixdə 10.000 (on min) avro, xx.xx.2019-cu il tarixdə isə 5500 (beş min beş yüz) avro olmaqla, ümumilikdə 15.500 avro pul vəsaiti köçürmüşdür. Həmin vəsaitlərin cavabdeh tərəfindən qəbul edilməsi "xxxx" ASC tərəfindən təqdim edilmiş müvafiq sənədlərlə öz təsdiqini tapır. Məhkəmə baxışı zamanı cavabdeh həmin bank vasitəsilə köçürülmüş 15.500 manat vəsaitini qəbul etməsini etiraf etməsinə baxmayaraq iddia edir ki, həmin vəsaiti hazırda vəfat etmiş atasının tapşırığına əsasən qəbul etmiş və atasına Teymur adlı tanışı vasitəsilə göndərmişdir. Həmçinin verilmiş suallar əsasında əlavə olaraq bildirmişdir ki, Teymur adlı şəxs atasının tapşırığına əsasən dəfələrlə ondan müxtəlif məbləğlərdə pulu alaraq atasına işlə bağlı çatdırmışdır. Lakin Teymur adlı şəxsin həmin vəsaitin nə qədər olması, kimdən göndərilməsi barədə, o cümlədən Könül tərəfindən göndərilən pul vəsaitinin mənbəyi və məbləği barədə məlumatı olmamışdır. Həmçinin o, izahatında bildirmişdir ki, daxili işlər orqanında olan işini itirməmək üçün orada aparılan araşdırma zamanı borcu izahatında etiraf etmişdir. Beləliklə məhkəmə cavabdehin izahatında göstərdiyi dəlillərə dair məhkəməyə mötəbər sübut təqdim etməməsini, eləcə də göstərilənlərin inandırıcı olmaması qənaətinə gələrək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi izahatında göstərilən məlumatlar sübut olaraq qəbul edilə bilməz. Eləcə də məhkəmə cavabdehin xx.xx.2019-cu il tarixdə Bakı şəhəri BPİ-nə verdiyi izahatını və orada 20.500 avro vəsaitin qəbul edilməsinə dair etirafını mötəbər sübut olaraq qəbul edir. Bundan başqa məhkəmə bank hesabına köçürülmə halından başqa 5.000 avro məbləğin iddiaçının əri tərəfindən cavabdehə əlbəəl verilməsi xüsusatını da cavabdehin xx.xx.2022ci il tarixli izahatının məzmununa əsasən təsdiq edilmiş hesab edir. Belə ki, cavabdeh izahatında 20.500 avro borcun qəbul edilməsini etiraf etsə də, lakin həmin borcun atasına aid olmasını qeyd etmişdir. Cavabdeh bu borcun atasına məxsus olması barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Cavabdehin iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə dair ərizəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıdan pul götürdüyünü xx.xx.2022ci il tarixdə etiraf edir və hissə-hissə ödəyəcəyini vəd edir. Bu halda iddia müddətinin axımı cavabdehin etirafına əsasən xx.xx.2022-ci il tarixdən hesablanmalı və iddiaçı əsassız varlanmadan irəli gələn mübahisə ilə bağlı 2 il ərzində, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək iddia müddətini ötürməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsinə dair cavabdehin ərizəsi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Hazırda iddiaçı cavabdehdən 2 ay müddətə qaytarmaq şərti ilə borc aldığı 20.500 (iyirmi min beş yüz) avro məbləğində pulun iddia ərizəsinin verildiyi günə olan Azərbaycan manatının məzənnəsinə uyğun olaraq 35.670 manat pulun; borc olaraq alınmış 20.500 avro pul vəsaitinin razılaşdırılmış icra müddətindən geri qaytarılmaması və bu müddət ərzində devalvasiya nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi olan 5.330 manat pul vəsaitinin və cavabdeh tərəfindən həmin puldan faydalandığına görə Mərkəzi Bankın uçot faizi nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən bugünə qədər hesablanmış 5.535 manat faiz məbləğinin, cəmi 46.535 (qırx altı min beş yüz otuz beş) manat (35.670+5330+5535=46.535) pulun onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilir ki, cavabdeh iddiaçıdan 2019-cu ilin iyul-avqust ayları üzrə 20.500 avro məbləğində pul vəsaitini borc olaraq almış və hazıradək geri qaytarmamışdır. İddiaçı iddia edir ki, cavabdeh borcu ondan iki ay müddətinə geri qaytarmaq şərti ilə almış və buna dair şifahi qaydada razılaşmışlar. Lakin iddiaçı buna dair məhkəməyə sübut təqdim edə bilməmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçının əri Şahram Şaghagi ilk dəfə olaraq xx.xx.2022-ci il tarixdə DİN-nin elektron ünvanına şikayət ərizəsi ilə müraciət edərək borcun geri qaytarılmasını tələb etmişdir. Cavabdeh aidiyyəti orqanda aparılan araşdırma zamanı xx.xx.2022-ci il tarixli izahatında verdiyi borcu etiraf etmiş və borcu qaytaracağını bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh onun barəsində polis orqanına müraciət edildiyi vaxtdan icranı gecikdirmiş borclu halına düşmüşdür. Məhkəmə eyni zamanda qeyd edir ki, nə qədər ki, cavabdehin iddiaçıdan 20.500 avro pul vəsaitini alması təsdiq olunur, həmin pulu geri ödəməsini sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəflər arasında hər hansı borc, kredit və ya digər yazılı müqavilə bağlanmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh iddiaçıdan götürdüyü 20.500 avro pulu ödəməli olduğu halda onun pulunu qaytarmamaqla əsassız olaraq varlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bu halda iddia tələbi 20.500 (iyirmi min beş yüz) avro məbləğində pulun iddia ərizəsinin verildiyi günə olan Azərbaycan manatının məzənnəsinə uyğun olaraq 35.670 manat pulun iddiaçının xeyrinə tutulması hissəsində qismən əsaslıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən 20.500 avro pul vəsaiti, iddia ərizəsinin verildiyi genədək deyil, qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin borc olaraq alınmış 20.500 avro pul vəsaitinin razılaşdırılmış icra müddətində geri qaytarılmaması və bu müddət ərzində devalvasiya nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi olan 5.330 manat pul vəsaitinin cavabdehdən tutulması hissəsində əsassız hesab edir və belə qənaətə gəlir ki, bu hissədə iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən həmin puldan faydalandığına görə Mərkəzi Bankın uçot faizi nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən bugünə qədər hesablanmış 5.535 manat faiz məbləğinin iddiaçının xeyrinə tutulması hissəsində qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi saytından (cbar.az) əldə edilən məlumata əsasən 2022-ci il üzrə illik faiz dərəcəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 7,5%, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 8%, xx.xx.2022-ci il tarixdən isə 8,25% müəyyən edilmişdir. Belə olan halda, cavabdehin etirafından, yəni onun izahatının verildiyi tarixdən - xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 224 gün üzrə illik 7,5 faiz dərəcəsi ilə ((39185,75*7,5%):365*224)=1803,6 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 49 gün ərzində illik 8% dərəcəsi ilə ((39185,75*8%):365*49)=420,84 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 48 gün ərzində illik 8,25 % dərəcəsi ilə ((39185,75*8,25%):365*48)=425,13 manat olmaqla, cəmi 2649,57 manat fayda əldə etmişdir. Bu halda cavabdehin iddiaçıya borcu olmasını etiraf etdiyi, yəni xx.xx.2022-ci il tarixdən qətnamə çıxan günə, yəni xx.xx.2023-cü il tarixədək cavabdehin faydalanmağa görə hesablanan faizlərin məbləği Mərkəzi Bankın uçot faizi nəzərə alınmaqla 2649,57 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdən hesablanmaqla gecikdirilmiş vaxt üçün hesablanmış 2649,57 (iki min altı yüz qırx doqquz manat əlli yeddi qəpik) manat faiz borcu cavabdehdən İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20.500 avro (iyirmi min beş yüz) (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) borc və Mərkəzi Bankın uçot faizi nəzərə alınmaqla icranın gecikdirilmiş vaxt üçün hesablanmış 2649,57 (iki min altı yüz qırx doqquz manat əlli yeddi qəpik) manat faiz borcu İddiaçı Əliisa qızının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 20.500 avro (iyirmi min beş yüz) (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) borc və Mərkəzi Bankın uçot faizi nəzərə alınmaqla gecikdirilmiş vaxt üçün hesablanmış 2649,57 (iki min altı yüz qırx doqquz manat əlli yeddi qəpik) manat faiz borcunun İddiaçı Əliisa qızının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar