Məhkəmə qərarları › İş №2(004)-1352/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1352/2023

31.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1352/2023 31.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı "X2" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "X2" MMC Cavabdeh qarşı“pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı "X2" MMC-yə vurulmuş 10.000 manat pul və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ərizəyə əsasən müəyyən olunur ki, Muradlı (Hüseynli) Aysel Zakir qızı "X2" MMC-yə ərizə ilə müraciət edəərk mühasib köməkçisi vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan əmək müqaviləsinə əsasən müəyyən olunur ki, Muradlı (Hüseynli) Aysel Zakir qızı ilə "X2" MMC arasında əmək münasibətləri yaranmışdır. İş materiallarında olan 003/K nömrəli xx.xx.2021-ci il tarixli əmrə əsasən müəyyən olunur ki, (Hüseynli) Aysel Zakir qızı işəgötürən "X2" MMC mühasib vəzifəsinə keçirilmişdir. İş materiallarında olan 009/K nömrəli xx.xx.2022-ci il tarixli əmrə əsasən müəyyən olunur ki, (Hüseynli) Aysel Zakir qızı ilə "X2" MMC arasında əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Finex ekspert mərkəzi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, X1 öz vəzifə səlahiyyətlərini yerinə yetirməməsi ilə əlaqədar "X2" MMC-yə 20529,21 manat zərər vurulmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200.1, 203, 205.2 və 296.5-ci maddələri çıxış edir. Əmək Məcəlləsinin 200.1-ci maddəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci bəndisə əsasən, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin Məcəllənin 203-cü maddəsinin 2-ci bəndinə əsasən, araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən, əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Həmin Məcəllənin 296.5-ci maddəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan mütəxəssis rəyinə əsasən, X1 öz vəzifə səlahiyyətlərini yerinə yetirməməsi ilə əlaqədar "X2" MMC-yə 20529,21 manat zərər vurulması qeyd olunsa da, məhkəmə sözügedən rəyi mötəbər və əsaslı hesab etmir. Belə ki, ilk öncə iddia tələbində qeyd olunan xüsusatlar əlaqədar olaraq mütəxəssi rəyi ilə deyil, yalnız audit rəyi ilə müəyyən edilə bilər. Bundan əlavə olaraq, sözügedən rəyin təsviri, əsaslandırıcı və nəticə hissələrinə əsasən müəyyən edilir ki, rəy əsaslandırılmamış, formal mülahizələrə əsaslanmaqla tərtib edilmiş, vurulmuş zərərin hüquqi və faktiki əsasları, bu barədə mühasibat sənədləri və digər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, zərər institunun 3 əsas şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Belə ki, iddia tələbi üzrə 3 (üç) dispozitiv şərtin heç biri mötəbər və əsaslı sübutlarla öz təsdiqini tapmır. Cavabdehin təqsiri, maddi zərər vurması və vurulmuş cavabdehin hərəkətləri (hərəkətsizliyi) ilə nəticə arasında səbəbli əlaqənin olması sübuta yetirilmir. Məhkəmə qeyd edir ki, əmək münasibətləri üzrə işçi öz funksional vəzifələrini layiqincə icra etmədikdə, işəgötürən tərəfindən müvafiq intizam məsuliyyətinə cəlb edilə bilər və ya əmək müqaviləsinə xitam verilə bilər. İşçi tərəfindən vəzifələrinin icra edilməməsi nəticəsində digər şəxslərlə əmək müqaviləsi bağlanılması və nəticədə görüləcək işlərin həyata keçirilməsi müvafiq işçidən digər işçilərə ödənilmiş əmək haqqının geri tələb edilməsinə hüquqi əsas vermir. Nəticədə, işəgötürənlə əmək münasibətlərində olan bütün işçilər əmək müqaviləsi üzrə funksional vəzifələrini icra etməklə əmək haqqı alırlar. Digər işçilərin aldığı əmək haqqının hər hansı başqa bir işçidən tələb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbində qeyd oluna xüsusatlar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən əsassızdır və təmin olunmamalıdır. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkilinin vəsatəti üzrə iddiaçı barəsində xüsusi qərardadın çıxarılmasına hüquqi əsas yoxdur. Belə ki, iddiaçı "X2" MMC tərəfindən məhkəməyə saxta sübutlar təqdim edilməsi ilə bağlı əsaslı sübutlar iş materiallarına əsasən müəyyən edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "X2" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar