Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1355/2021 17.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit razılaşması üzrə 2480,37 manat məbləğində kredit borcu, 498,07 manat məbləğində faiz borcu və 1131,07 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4109 manat 51 qəpik məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bank ilə Cavabdeh1 arasında xx xxxx 2019cu il tarixli, 001L**********96 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmış, cavabdehə 120 ay müddətinə 200.000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilə üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 001R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 8000 manat məbləğində kredit götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş, xx.xx.2020-ci il tarixdən götürdüyü borcu banka qaytarmamışdır. Kredit müqaviləsinin təminatı qismində bank ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər ölkə ərazisində müəyyən olunmuş xüsusi karantin rejimi ilə əlaqədar onlara məxsus müəssisənin fəaliyyətinin dayandırıldığını, bu səbəbdən borcu ödəməyə maddi imkanlarının olmadığını bildirmişlər. Bununla belə iddia tələblərini qəbul etdiklərini bildirmişlər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). Məhkəmə Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyini, müqavilənin şərtlərini və Cavabdeh2 ona zamin durmasını nəzərə alaraq hesab edir ki, kreditora ümumi ödənilməmiş 2480,37 manat məbləğində kredit borcu, 498,07 manat məbləğində faiz borcunun cavabdehlərdən tutulması hissəsində iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə 1131,07 manat məbləğində cərimə borcunun cavabdehlərdən tutulması ilə əlaqədar tələb üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsnin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını, həmçinin cavabdehlərin maddi vəziyyətini, eyni zamanda kreditorun əmlak mənafelərini, habelə tərəflərin digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 248 manat məbləğində müəyyən edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulduğuna görə iddia kredit müqaviləsinin ləğv edilməsi hissəsində də təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun 23,70 manat hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 001R********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2480,37 manat əsas borc, 498,07 manat faiz borcu və 248 manat cərimə borcu olmaqla, ümumilkdə 3226,44 (üç min iki yüz iyirmi altı manat qırx dörd qəpik) manat borc və 23,70 (iyirmi üç manat yetmiş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1355/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1355/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver