Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1372/2025 02.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2900 manat məbləğində pulun, Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi Bank uçotu dərəcəsinə əsasən 1000 manat əldən çıxmış fayda və iddianın verilməsi üçün ödənilmiş 60 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə təxminən 2 ildən çox olar ki, tanışlıqları var idi. Onun onunla tanışlıqları Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətində işləyən zaman olmuşdur. Həmin ərəfələrdə o, isə SOCAR şirkətində növbə rəisi vəzifəsində çalışırdı. Cavabdehə 2020-ci ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, "İnşaatçılar" metrostansiyasının yaxınlığında yerləşən "Sharifzadeh Center" iş mərkəzinin qarşısında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Təhlükəsizlik Xidmətinə işə qəbul edilmək məqsədi ilə ilkin olaraq 3500 manat məbləğində, təxminən 10 gün sonra isə 2020-ci ilin noyabr ayının əvvəllərində onun yaşadığı ünvan 1 ünvanda yerləşən binanın giriş hissəsində isə 400 manat məbləğində pul vermişdir. Cavabdeh iş ilə bağlı nə zaman, nə lazım olarsa ona bildirməyini demişdir. Həmin ilin iyul ayında, əvvəl işlədiyi işdən öz ərizəsi ilə ayrıldığı üçün yenidən işə qəbul olunmaq məqsədi ilə Cavabdeh müraciət etmişdi. Sonradan isə onun onu aldatdığını və telefon zənglərini açmadığını görmüşdür. Bununla bağlı Bakı şəhər Baş Polis İdarəsinə rəsmi şikayət etmişdir. Polis İdarəsində aparılan araşdırma zamanı cavabdeh ondan yoldaşının ağır xəstə olduğunu bildirərək ona hər ay 500 manat məbləğində ödəmək üçün möhlət verməyini xahiş etmişdir. Həmin puldan isə cəmi 1000 manat hissəsini qaytararaq aralarında razılıq əldə olunmuşdur. Lakin cavabdeh götürdüyü öhdəliyi pozaraq hər ay ödəyəcəyi 500 manat məbləği icra etməkdən imtina etmişdir. Hal-hazırda onun ona verəcəyi puldan 2900 manat hissəsi qalmışdır. Həmin pulları borc olaraq deyil, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Təhlükəsizlik Xidmətinə işə qəbul olunmağına köməklik edilməsi məqsədi ilə cavabdehə vermişdir. Əlavə olaraq bu barədə məsələ ilə bağlı ailə üzvlərinin də məlumatı olmuşdur. Sözügedən pulları bankdan borc olaraq götürüb cavabdehə vermişdir. Müəyyən müddətdən sonra sonuncu telefon danışığında isə Cavabdeh qalan pulu Bakı Şəhər Baş Polis İdarəsindəki təhqiqatçı polisə verdiyini bildirmişdir. Sonra 15 fevral 2022-ci il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinə müraciət edərək 2020-ci ilin noyabr ayında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəlməyi üçün onu aldadaraq vəd vermiş Cavabdeh 3900 manat məbləğində pul verdiyini, onun isə vədə əməl etmədən pulu ələ keçirməsini daha sonra isə 1000 manatını qaytarmasını qalan 2900 manat hissəsini isə mənimsədiyi barədə şikayət etmiş və sonuncu telefon danışığı zamanı onun pulu polisə verib verilməməsi barədə məsələnin araşdırılmsım tələb etmişdir. 19 mart 2022-ci il tarixdə baş müstəntiq Səbuhi Mehbalıyev tərəfindən cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmişdir. Yenidən araşdırma aparılması üçün şikayət ərizəsinə əsasən 02 sentyabr 2022-ci il tarixdə Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və materialın əlavə araşdırmaya qaytarılması haqqında qərar qəbul olunmuşdur. Ləğv edilən qərarın yenidən araşdırılması 17 sentyabr 2022-ci il tarixdə baş müstəntiq Səbuhi Mehbalıyev tərəfindən təkrar olaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul olunmuşdur. Bir müddət sonra isə müstəntiq Səbuhi Mehbalıyevin tutduğu vəzifədən azad olunduğunu öyrənmiş və Baş prokurorluğa müraciət etmişlər. Müraciətlərinə əsasən 10 mart 2023-cü il tarixdə Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və materialın əlavə araşdırmaya qaytarılması haqqında qərar qəbul olunmuş və 13 mart 2023-cü il tarixdə materialın araşdırması Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Rüfət Mustafazadəyə həvalə olunmuşdur. Qeyd olunan material 16 noyabr 2023-cü il tarixdə Yasamal rayon prokuroru tərəfindən yazılı göstərişlə Polis İdarəsinin istintaq şöbəsinin rəisi Elvin Nəsibova həvalə olunmuşdur. Qısa zaman ərzində yəni 27 noyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasına qərar verilmiş, sonra isə həmin qərar 05 fevral 2024- cü il tarixdə Yasamal rayon prokuroru tərəfindən təkrar ləğv edilmişdir. Uzun müddət keçməsinə baxmayaraq borc qaytarılmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Onu işə düzəldəcəyini Cavabdeh özü təklif etmiş, aralarında razılıq əsasında nəzərdə tutulan pulu şəxsən götürmüş və öz istədiyi kimi istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və həmin məbləği iddiaçıya qaytarmışdır. Məhkəmə, işdə iştirak edən tərəfin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Zaur Məmmədovun xx.xx.2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Əsassız varlanma hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edilməsi halında yaranır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçıdan 3900 manat pul almış, onun 1000 manatını geri qaytarsa da, 2900 manatını bugunədək qaytarmamışdır. Qeyd edilən fakt iş materiallarında olan sübutlarla, həmçinin tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla da təsdiq olunur. Belə ki, Cavabdeh məhkəmə iclasında verdiyi izahatında İddiaçı aldığı 3900 manat puldan 1000 manatını ona qaytardığını, bundan sonra həmin gün iddiaçının ona qarşı heç bir şikayət və tələbinin olmayacağını özündə əks etdirən ərizə yazdığını bildirmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında ümumi borc məbləğindən qalan 2900 məbləği isə sonradan iddiaçıya şəxsən qaytardığını bildirmişdir. Buradan da, aydın olur ki, iddiaçının Bakı şəhər Baş Polis idarəsində cavabdehə qarşı şikayət və tələbinin olmadığını yazdığı vaxt, cavabdehin ona olan borcundan yalnız 1000 manatı ödənilmiş, qalan məbləğ isə həmin gün ödənilməmişdir. Hazırda məhkəmə iclasında cavabdeh izahatında 2900 manat pulu da sonradan iddiaçıya qaytardığını bildirsə də, sözügedən faktı təsdiq edə biləcək sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buradan da görünən odur ki, həqiqətən də Cavabdeh iddiaçıdan 3900 manat pul almış, onun 1000 manatını geri qaytarsa da, 2900 manat pulu bugunədək qaytarmamışdır. Bununla da, Cavabdeh İddiaçı 2900 manat məbləğində pulunu qaytarmamaqla əsassız olaraq varlanmışdır və qanunvericiliyin tələbinə müvafiq olaraq varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddia tələbinin “1000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində əldən çıxmış faydanın nədən ibarət olduğu qeyd edilmişdir. Əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Lakin iddiaçı əldən çıxmış fayda (hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər) tələbi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, tələbini bu hissədə ümumiyyətlə əsaslandırmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2900 (iki min doqquz yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 (qırx beş) manat pul cavabdehdən tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 15 (on beş) manat (60-45=15) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2900 (iki min doqquz yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 (qırx beş) manat pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 15 (on beş) manat (60-45=15) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1372/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1372/2025
02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver