Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1392/2021 01.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Hacıyev Elçin Rauf oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Hacıyev Elçin Rauf oğlundan, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə 2533,53 ABŞ dolları əsas borc, 653,16 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3186,69 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun birgə qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5, 147-ci maddələrinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan sübutlara əsasən müəyyən edilmişdir ki, Hacıyev Elçin Rauf oğlu İddiaçı ASC ilə bağladığı xx.xx.2011-ci il tarixli İK № 910 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik faiz dərəcəsi 30% olmaqla, 3000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2011-ci il tarixli zaminlik müqaviləsinə əsasən borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zaminlər və borclu bank qarşısında birgə məsuliyyət daşıyırlar və borcalanın bank qarşısında öhdəliklərini icra etməməsi və ya lazımınca icta etməməsi nəticəsində banka dəyən bütün zərərlərin ödənilməsində borclu ilə bərabər eyni həcmdə məsuliyyət daşıyırlar. xx.xx.2011-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Hacıyev Elçin Rauf oğlu İddiaçı ASC-dən 3000 ABŞ dolları məbləğində pul vəsaiti götürmüşdür. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, Cavabdeh1 kredit borcunu xx.xx.2011-ci il tarixindən xx.xx.2013-cü il tarixədək, banka hər ay 168 ABŞ dolları, sonuncu ay isə 160 ABŞ dolları ödəməklə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli bildirişə əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdeh Hacıyev Elçin Rauf oğluna xəbərdarlıq edilmişdir. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, kredit müqaviləsinə əsasən Hacıyev Elçin Rauf oğlu kredit götürmüş, lakin kredit öhdəliklərini vaxtında yerinə yetirməmişdir. Bu hissədə bankın cavabdehə qarşı iddiası əsaslı hesab edilir. Lakin iş materiallarından görünür ki, həmin kredit müqaviləsinə Cavabdeh2 və Cavabdeh3 zamin duraraq öhdəliyin yerinə yetirilməsi üçün öz üzərinə öhdəlik götürmuş, zaminlik müddəti əsas öhdəlik tam icra edilənədək müəyyən olunmuşdur. Amma Mülki Məcəllənin tələbinə əsasən müqavilə bağlanarkən müqavilə şərtləri mülki məcəllənin şərtlərinə zidd olmamalıdır. Zaminliklə bağlı müddəaların təhlilindən belə nəticə çıxır ki, zaminlik müqaviləsində ya konkret zaminlik müddəti göstərilməli, ya da müddətsiz olmalıdır. Müddət göstərildiyi halda zamin həmin müddətdə əsas öhdəlik üçün zamin olur, göstərilmədiyi halda isə müqavilənin icra müddəti bitdiyi andan 1 il il ərzində, müddət göstərilməyibsə müqavilənin bağlandığı andan 2 il müddətinə zamin olur. Bu müddətlər bitdikdən sonra zaminliyə xitam verilir. Bu halda zaminlər Cavabdeh2 və Cavabdeh3 müqavilə ilə xx.xx.2013-cü il tarixinədək zamin olmağı öhdəsinə götürdüklərindən və əsas müqavilə müddəti də xx.xx.2013-cü il tarixdən bitdiyindən və 1 illik müddət də bitdiyindən bu hissədə iddia tələbini məhkəmə əsassız hesab edir. Buna görə də məhkəmə hesab edir ki, müddət keçdiyindən, borc məbləği zaminlərdən də tutula bilməz. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli, xx.xx.2011-ci il tarixli İK № 910 saylı kredit müqaviləsi üzrə 2533,53 ABŞ dolları əsas borc, 653,16 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3186,69 ABŞ dolları məbləğində borc və 30 manat dövlət rüsumu cavabdeh Hacıyev Elçin Rauf oğlundan tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Hacıyev Elçin Rauf oğlundan xx.xx.2011-ci il tarixli İK № 910 saylı kredit müqaviləsi üzrə 2533,53 ABŞ dolları əsas borc, 653,16 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3186,69 (üç min bir yüz səksən altı dollar 69 sent) ABŞ dolları məbləğində (ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla) məbləğində kredit borcu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-1392/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1392/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver