Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-140/2025 21.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə qəza nəticəsində dəymiş 2572,04 manat məbləğində ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2, mənzil 19 onun mülkiyyətindədir. Mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Mənzilin kommunal xərcləri vaxtlı-vaxtında qanunauyğun formada tərəfimdən ödənilir. Ev sahibi olaraq min bir əzab-əziyyətlə qazandığı pul vəsaiti hesabına evini tam təmir etdirmişdir. Lakin xx.xx.2024-cü il tarixində mənzildə istilik sistemində baş vermiş qəza nəticəsində yaşayış otağının istilik batareyasının üstündəki “vintilin” sıradan çıxması nəticəsində qeyd olunan mənzilin yaşayış otağına, eləcə də dəhlizinə qəza nəticəsində yüksək təzyiqlə axan qara mazutlu suyun axıntısı nəticəsində mülkiyyəti bərbad vəziyyətə düşmüş, eləcə də ona xeyli ziyan dəymişdir. Bu barədə mənzili sığorta olduğu üçün cavabdeh Xalq sığorta ASC-yə müraciət edərək qəza ilə bağlı sığorta ödənişini etməsi üçün ona köməklik etməsini xahiş etmişdir. Lakin Xalq sığorta ASC ona sms vasitəsilə bildiriş göndərərək qəza nəticəsində dəymiş zərərin məbləğinin 612 manat olduğunu bildirmiş, lakin o qeyd olunan məbləğlə razı olmadığı üçün ona tövsiyə olunmuşdur ki, yenidən ərizə ilə müraciət etsin. Yenidən müraciət etdikdən sonra smslə ona bildirilmişdir ki, bu dəfəki hesablamalarına görə dəymiş zərərin məbləği 1188manat olaraq qiymətləndirilmişdir. O bu məbləğlə də razılaşmayaraq Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinə müraciət etmişdir. Birliyin hər tərəfli araşdırmasından sonra 29 aprel 2024-cü il tarixli rəyinə görə sığortalı mənzilə 2572,04 manat dəyərində zərər dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verilməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 19 saylı mənzil xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan RXA********** nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 19 saylı mənzil "xxxx" ASC-də xx.xx.2023-cü il tarixdən 29 may 2024-cü il tarixinədək sığorta olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2024-cü il tarixli, 41 saylı mütəxəssis rəyinə əsasən İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 9 mərtəbəli binanın 1-ci mərtəbəsində istilik xəttində baş vermiş qəza nəticəsində mənzilə dəymiş zərərin ümumi məbləği 2572,04 manat müəyyən edilmişdir. İş materiallarında olan 93 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli Aktından görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı müraciətinə əsasən həmin mənzilə texniki baxış keçirilmiş və baxış nəticəsində müəyyən edilmişdir ki, İddiaçı bildirdiyinə görə saat 4-13 radələrində mənzilin istilik sistemində qəza baş vermiş, yaşayış otağındakı istilik batareyasının üstündəki ventilin sıradan çıxması nəticəsində yaşayış otağı və mənzilə yüksək təzyiq altındakı istilik suyu axıntısı olmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixdəki SMS bildirişində qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli əmlak hadisəsi qeydə alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixdəki SMS bildirişində qeyd edilmişdir ki, əmlaka dəymiş zərərin məbləği 612 manat qiymətləndirilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin SMS bildirişində qeyd edilmişdir ki, əmlaka dəymiş zərərin məbləği 1188 manat qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/5762 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən 7 saylı evin 19 saylı mənzilinə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 973 manat məbləğində müəyyən olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.6-cı maddəsinin tələblərinə görə faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Bu Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən, üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab edilir. Həmin Qanunun 56.1.2-ci maddəsinə əsasən isə, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 19 saylı mənzildə xx.xx.2024-cü il tarixində istilik sistemində baş vermiş qəza nəticəsində yaşayış otağının istilik batareyasının üstündəki “vintilin” sıradan çıxması nəticəsində mənzilə ziyan dəymişdir. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 19 saylı mənzil "xxxx" ASC-də xx.xx.2023-cü il tarixdən 29 may 2024-cü il tarixinədək sığorta olunmuşdur. Buna baxmayaraq, mənzilə dəymiş zərər sığortaçı tərəfindən ödənilməmişdir. Hazırda iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə qəza nəticəsində dəymiş 2572,04 manat məbləğində ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış SMS bildirişlərlə təsdiq olunur ki, cavabdeh "xxxx" ASC, sığorta hadisəsinin baş verdiyini, bunun nəticəsində iddiaçının əmlakına ziyan dəydiyini mübahisələndirməməkdədir və işin hallarından göründüyü kimi yaranmış mübahisə yalnız bu ziyanın məbləği ilə əlaqədardır. Məhkəmənin təyin etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/5762 nömrəli ekspertiza rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən 7 saylı evin 19 saylı mənzilinə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 973 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edirək, onunla razılaşır. Məhkəmə hesab edir ki, dəymiş zərərin məbləği Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının xx.xx.2024-cü il tarixli 10/5762 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş məbləğ əsas götürülməklə müəyyən edilməli və ünvan 1 ünvanında yerləşən mənzilə qəza nəticəsində dəymiş 973 manat məbləğində sığorta ödənişi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 973 (doqquz yüz yetmiş üç) manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 973 (doqquz yüz yetmiş üç) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-140/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-140/2025
21.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver