Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1411/2023 30.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı Cabbarova (Abbasova) Reqina Mustafa qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Cabbarova (Abbasova) Reqina Mustafa qızının Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cabbarova (Abbasova) Reqina Mustafa qızı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X2 və tələbatlarının qarşılanması üçün, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 220 manat sabit pul məbləğinin Cavabdeh tutularaq iddiaçı Cabbarova (Abbasova) Reqina Mustafa qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2780/2020 saylı, 04 avqust 2020-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasındakı xx.xx.2012-ci il tarixli, 16 nömrəli nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahından dünyaya gəlmiş xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X2 üçün heç bir maddi kömək göstərməmişdir. Buna görə də, məhkəmə tərəflərin birgə nikahından dünyaya gəlmiş xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün ayda 340 manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsini qət etmişdir. Hal-hazırda X8 11 (on bir) və X7 isə 08 (səkkiz) yaşı vardır. Yasamal Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də, məsrəfləri yetərincə artmışdır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 (iki yüz iyirmi) manat müəyyən edilmişdir. Onu da qeyd etmişdir ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə normal ödəmir. Uşaqların bütün qayğısını ehtiyacını tamamilə iddiaçı qarşılayır. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də iddiaçı “aliment məbləğinin artırılması” barədə iddlia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı ona qarşı “aliment məbləğinin həcminin artırılmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 220 manat pul məbləğinin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini aşağıdakılara əsasən qəbul etmir və həmin hissədə hesab edir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan rədd olunmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsi tərtib edilərkən işin faktiki halları nəzərə alınmamış və nəticədə gələcəkdə onun ailə və maddi vəziyyətinin, digər diqqətəlayiq maraqlarının nəzərə alınması baxımından onu çətinliyə salacaq, yaxud aliment ödəmək qabiliyyətinin olmamasına gətirib çıxara biləcək hallar qiymətləndirilməmişdir. İddiaçı iddia tələbində yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün onun yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 220 manat pul məbləğinin Cavabdeh tutulması barədə qətnamə çıxarılması tələbini irəli sürərkən nəzərə almamışdır ki, o, işləyir, onun sabit və davamlı iş yeri var ("xxxx" MMC, sürücü vəzifəsi), hər ay işlədiyi yerdən 400 manat əmək haqqı alır. Bundan başqa, o, hüquq-mühafizə orqanlarından (daxili işlər orqanlarından) təqaüdə çıxmış və dövlət ona hər ay 500 manat təqaüd verir. Göründüyü kimi onun gəliri, qazancı qeyri-müntəzəm deyil, sabitdir, bir sözlə Ailə Məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Belə ki, Ailə Məcəlləsinin 78-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığını, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Bundan başqa, məhkəmə hətta ondan sabit məbləğdə alimentin tutulması qənaətinə gəlsə belə, iddianın təmin olunmasına hesab edir ki, heç bir əsas yoxdur. Belə ki, uşaqların saxlanılması vəzifəsi bir valideynin deyil, hər iki valideynin borcudur. Bu əsasla hesab edir ki, qanunvericiliklə müəyyən olunmuş 220 manat məbləğindəki minimum hər iki valideynin borcudur və bu məbləğ valideynlər arasında bölüşdürülməlidir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqları saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valdeyinlərdən məhkəmə qaydasında tutulur. Bundan başqa, onun İddiaçı ilə nikahından əvvəl başqa şəxslə (X9) ilə birgə nikahından iki övladı var, o, hal hazırda həmin nikahdan olan Nərmin Abbaszadə üçün aliment ödəyir. Bundan başqa hal-hazırda başqa şəxslə nikah münasibətlərinə girmiş, bundan dolayı ailəsinin saxlanılması yükü də onun üzərindədir. Bu səbəbdən hesab edir ki, alimentin artırılması üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göstərilənlərə əsasən İddiaçı ona qarşı “aliment məbləğinin həcminin artırılmasına dair” iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Cabbarova (Abbasova) Reqina Mustafa qızı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, cavabdehin iş yeri var, maşını var, üçüncü dəfə ailə həyatı qurub ailəsini saxlamağa imkanı varsa, öhdəliyində olan uşaqların da cavabdeh bir ata kimi haqqını dövlətin qoyduğu qayda üzrə ödəməlidir. Bildirmişdir ki, özü az əmək haqqı alır, Müdafiə Sənaye Nazirliyində mühəndis vəzifəsində çalışır. Cavabdeh qanunsuzluq edir, öz tanışı vasitəsi ilə əmək haqqını azaldır alimenti ödəməmək üçün, əslində o, 700 manat əmək haqqı alır. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək etirazın məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, uşaqları saxlamaq hər iki valideynin borcudur, təkcə atanın qazancı ilə olmur. İddiaçı özü işləyir, əmək haqqı alır, ozü isə uşaqlara görə hər ay 340 manat aliment ödəyir. Əlavə olaraq birinci nikahından olan övladı üçün də 160-170 manat aliment ödəyir, həmçinin yetkinlik yaşına çatmış digər övladının da tələbatını ödəyir. Eyni zamanda hal-hazırda üçüncü dəfə ailə həyatı qurub. Həmçinin bildirmişdir ki, iddiaçıya bir otaqlı ev bağışlayıb və iddiaçı həmin evi kirayə verərək 250 manat kirayə haqqı alır. Hal-hazırda iddiaçıya 340 manat aliment ödəyə bilir, lakin həmin məbləğ artırılsa artıq problemlər yaranacaq və həmin məbləği ödəyə bilməyəcək, qismən 20 manat artsa həmin məbləği ödəyə bilər. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı X3 ona qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsinin qismən təmin olunaraq, aliment miqdarının 20 manat artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2780/2020 saylı, 04 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilərək, X6 ilə Cavabdeh arasında 11 yanvar 2012-ci il tarixdə Yasamal Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 16 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X7 anası X4 yanında saxlanılmaları, xx.xx.2020-ci il tarixdən hesablanmaqla, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X5 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat, 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı birgə nikahdan anadan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etsə də, iddiaçı tərəfindən cavabdehin kifayət qədər gəlirə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilsə də, alimentin artırılması üçün bu əsas ola bilməz. Alimentin artırılması üçün qanunda göstərilən paralel əsaslar da mövcud olmalıdır. Eyni zamanda məhkəmə iddia tələbini bu hissədə qismən təmin edərkən onu da nəzərə alır ki, uşaqları saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Cavabdehin birinci nikahdan yetkinlik yaşına çatmayan övladı üçün aliment ödəməsini və yenidən nikaha daxil olmasını da nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin tam təmin edilərək 220 manat məbləğində müəyyən edilməsi cavabdehin maddi cəhətdən çətin vəziyyətə düşməsinə gətirib çıxara bilər. Eyni zamanda uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanılması üçün ondan hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat sabit pul məbləğində alimentin tutulmasına razı olduğu da nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2780/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 190 (bir yüz doxsan) manat, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cabbarova (Abbasova) Reqina Mustafa qızına verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2780/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 190 (bir yüz doxsan) manat, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cabbarova (Abbasova) Reqina Mustafa qızına verilsin. Alimentin tutulma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1411/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1411/2023
30.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver