Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1416/2021 25.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Abdullayev Zöhrab Əbdül oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli özəl (0.5) 3630-SF/19 nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehlər (borcalanın vərəsəsi) Cavabdeh3, (zamin) Cavabdeh1 və (zamin) Cavabdeh2 xx.xx.2019-cu il tarixli özəl (0.5) 3630-SF/19 nömrəli kredit müqaviləsi üzrə yaranmış 5.003,41 manat əsas borc, 333,94 manat faiz borcu, 425,70 manat dəbbə pulu olmaqla, cəmi 5.763.05 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə və həmin müqavilənin tərkib hissəsi olan razılaşmaya əsasən İddiaçı ASC borcalan Abdullayev Zöhrab Əbdül oğluna illik 23 faiz olmaqla 18 ay müddətinə 7.000 manat kredit vermişdir. Borcun qaytarılmasının təminatı olaraq İddiaçı ASC, borcalan Abdullayev Zöhrab Əbdül oğlu və zaminlər Cavabdeh1 qızı və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan Abdullayev Zöhrab Əbdül oğlunun xx.xx.2020-ci il tarixə banka 5.003,41 manat əsas borc, 333,94 manat faiz borcu, 425,70 manat dəbbə pulu olmaqla, cəmi 5.763,05 manat borcu yaranmışdır. Borclu Abdullayev Zöhrab Əbdül oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh3 mərhum Abdullayev Zöhrab Əbdül oğlunun qanun üzrə vərəsəsidir və borcluya məxsus əmlakdan miras almaq hüququ əldə etmişdir. Bu səbəbdən bank borclunun vərəsəsi olan Cavabdeh3 və zaminlərə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh1 məhkəmədə iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, borcalan Abdullayev Zöhrab Əbdül oğlu onun doğma dayısıdır. Abdullayev Zöhrab Əbdül oğlu xəstə olduğuna görə banklardan aldığı kreditlər hesabına müalicə olunsa da, faydası olmamışdır. Abdullayev Zöhrab Əbdül oğlu xx.xx.2020-ci ildə vəfat etmişdir. O, zamin kimi borcalanın vərəsəsi Cavabdeh3 və digər zamin Cavabdeh2 ilə birlikdə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 5.003,41 manat əsas borcu hissə hissə ödəyə bilərlər. Lakin 333,94 manat faiz borcu, 425,70 manat dəbbə pulunu ödəməyə maddi imkanları yoxdur. Odur ki, iddianın müqavilənin ləğv edilməsi və əsas borca aid hissədə təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə digər cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli özəl (0.5) 3630-SF/19 nömrəli kredit müqaviləsinə və həmin müqavilənin tərkib hissəsi olan razılaşmaya əsasən İddiaçı ASC illik 23 faiz olmaqla 18 ay müddətinə borcalan Abdullayev Zöhrab Əbdül oğluna 7.000 manat kredit vermişdir. xx.xx.2019-cu il tarixli kassa məxaric orderinə imza etməklə Abdullayev Zöhrab Əbdül oğlu 7.000 manatı İddiaçı ASC-dən nağd şəkildə almışdır. Borcun qaytarılmasının təminatı olaraq kreditor İddiaçı ASC, borcalan Abdullayev Zöhrab Əbdül oğlu və zaminlər Cavabdeh1 qızı və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlər borcun ödənilməsi üçün kreditor qarşısında borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Borclu Abdullayev Zöhrab Əbdül oğlunun xx.xx.2020-ci il tarixə İddiaçı ASC-yə 5.003,41 manat əsas borc, 333,94 manat faiz borcu, 425,70 manat dəbbə pulu olmaqla, cəmi 5.763,05 manat borcu vardır. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ İİ 072949 seriyalı ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, Abdullayev Zöhrab Əbdül oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018ci il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 558-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu Elmar Əliyevin xx.xx.2020-ci il tarixli 2181 nömrəli məktubundan müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Abdullayev Zöhrab Əbdül oğlundan miras qalmış əmlaka dair xx.xx.2020-ci il tarixdə 2V-128 və 2V-129 reyestr nömrəsi qeydə alınaraq ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh3 adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Borclu öhdəliyini lazımi qaydada icra etmədiyi üçün zaminlər həmin borcun ödənilməsi üçün bank qarşısında borclunun vərəsəsi ilə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Tənasübsüz surətdə hesablanmış yüksək 425,70 manat cərimə azaldılaraq 25 manat cərimə müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Abdullayev Zöhrab Əbdül oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər (borcalanın vərəsəsi) Cavabdeh3, (zamin) Cavabdeh1 və (zamin) Cavabdeh2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 5.003,41 manat əsas borc, 333,94 manat faiz borcu, 25 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.392,35 manat pul müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddia tələbi - 400,70 manat dəbbə pulun tutulması hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Abdullayev Zöhrab Əbdül oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli özəl (0.5) 3630-SF/19 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər (borcalanın vərəsəsi) Cavabdeh3, (zamin) Cavabdeh1 və (zamin) Cavabdeh2 xx.xx.2019-cu il tarixli özəl (0.5) 3630-SF/19 nömrəli kredit müqaviləsi üzrə yaranmış 5.003,41 manat əsas borc, 333,94 manat faiz borcu, 25 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.392,35 (beş min üç yüz doxsan iki manat otuz beş qəpik) manat pul müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1416/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1416/2021
25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver