Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1420/2021 30.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Dövlət Universitetinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Bakı Dövlət Universitetinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 45000 manat məbləğində maddi ziyanın cavabdehdən alınaraq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə Bakı Dövlət Universiteti üzrə verilmiş 1/156 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifələrdən azad edilməklə onunla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinin tələbindən məlum olduğu kimi əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndinin tələbi əsasında ləğv edilməsi işçiyə verilən intizam tənbehlərindən biridir. Əmək Məcəlləsinin 190-cı maddəsinin 1-ci hissəsinin tələbində isə qanunverici orqan qeyd edir ki, intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Məhz istinad olunan bu maddi hüquq normalarının tələblərinə əsaslanaraq xx.xx.2017-ci il tarixli 1/156 saylı əmrin qüvvədən düşməsi ilə əlaqədar Bakı Dövlət Universitetinə xx.xx.2019-cu il tarixli müraciət ünvanlamaqla müvafiq işlə təmin olunmasını xahiş etmişdir. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə ünvanlanmış bu müraciət universitetin prorektoru İradə Əliyevanın və baş hüquqşünas Tofiq Sadıxovun imzaları ilə təsdiq olunmuş xx.xx.2019-cu il tarixli Ol-Tt/981 saylı məktubla cavablandırılmış, nəticədə isə müraciət baxılmamış saxlanılmışdır. Bundan sonra xx.xx.2017-ci ildən etibarən 3 il ərzində işsiz qalması səbəbindən vurulmuş 45000 manat maddi zərərin könüllü şəkildə ödənilməsi ilə bağlı Universitetə xx.xx.2020-ci il tarixli müraciət ünvanlamışdır. Lakin bu dəfə də Universitetinin baş hüquqşünası T.Sadıxov müraciətin mahiyyətinə uyğun olmayan xx.xx.2020-ci il tarixli Ol-Hs/572 saylı məktubla apellyasiya instansiyası məhkəməsinə müraciət etməyi tövsiyə etmişdir. T.Sadıxov müraciətin xx.xx.2017-ci il tarixli 1/156 saylı əmrin ləğv edilməsi ilə əlaqədar olduğunu hesab etmiş, bu qənaəti ilə bağlı məsələyə mülki məhkəmə icraatı qaydasında baxıldığını iddia etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, məhkəmə AR Əmək Məcəlləsinin, 2, 292-ci maddələrini, AR Mülki Məcəlləsinin 21.1-cu maddəsini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının vurulmuş maddi ziyanın ödənilməsinə dair gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. O, müdafiə etdiyi tələbi yetərincə əsaslandıra bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 292-ci maddəsinin 2-ci hissəsinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh Bakı Dövlət Universitetinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1420/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1420/2021
30.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver