Məhkəmə qərarları › İş №2(004)-1431/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1431/2021

01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1431/2021 01.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə 06.01.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5214,29 manat əsas borc, 2335,37 manat faiz, 2281,92 manat cərimə, 264,96 manat müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu olmaqla cəmi 10096,54 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, İddiaçı ASC-nin Qara Qarayev filialı ilə Cavabdeh1 arasında bağlanmış 29- MK/4474 Nə-li 11 noyabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi ilə 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 11619 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında 11 noyabr 2016-cı il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********832 saylı 03.12.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirir ki, həmin məbləğlə razı deyil. Prezidentin məlum fərmanına qədər borcu ödəmişdir. Ondan sonra ödəməmişdir. Onunla heç kim əlaqə saxlamamışdır. Özü də banka gedib maraqlanmış, gözləməyini bildirmişlər. Bank bağlanandan sonra ona zəng olunmuş, banka gedəndə ona borcunun məbləğindən artıq ödəməyi bildirilmiş, o isə narazılığını bildirmişdir. Sonra Bankın Baş İdarəsinə müraciət etmişdir. Onlar bildirdi ki, iki həftəyə sizə məlumat veriləcək, lakin bugünə qədər heç kim ona məlumat verməmişdir. Müqavilə əvvəl dollarla olmuş, sonradan manata çevrilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Cavabdeh1 dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 11.11.2016-cı il tarixli, 29-MK/4474 saylı bank hesabı və kredit müqaviləsinə əsasən, bank borcalana 36 ay müddətinə illik 25% ödəmək şərtilə 11679 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan olan ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 11.11.2016-cı il tarixli, 29-MK/4474 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 bank qarşısında Cavabdeh1 ilə bank arasında bağlanmış 11.11.2016cı il tarixli, 29-MK/4474 saylı bank hesabı və kredit müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan olan ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 11.11.2016-cı il tarixli, 29-MK/4474 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə bank arasında bağlanmış 11.11.2016cı il tarixli, 29-MK/4474 saylı bank hesabı və kredit müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib olunmuş 26.11.2020-ci il tarixli, **********751 saylı maliyyə arayışına əsasən, Cavabdeh1 11.11.2016-cı il tarixli, 29-MK/4474 saylı kredit müqaviləsi üzrə 18.11.2020-ci il tarixə 5214,29 manat məbləğində əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 2335,37 manat mələğində faiz borcu, 2281,92 manat məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 264,96 manat borc, cəmi isə 10096,54 manat məbləğində borcu vardır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.06.2021-ci il tarixli, 9/2820 saylı ekspert rəyinə əsasən 11.11.2016-cı il tarixli, 29- MK/4474 saylı kredit müqaviləsi üzrə qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 18.11.2020-ci il tarixə İddiaçı ASC-yə 5014,78 manat əsas, 1192,4 manat faiz borcu müəyyən olunmuşdur. İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik münasibəti yaranmışdır. İddiaçı ASC öz öhdəliklərini lazımı qaydada icra etsə də, Cavabdeh1 öhdəliklərini lazımınca icra etməmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi 11.11.2016-cı il tarixli, 29-MK/4474 saylı zaminlik müqavilələri ilə təmin olunmuşdur. Həmin müqavilələrə əsasən digər cavabdehlər – zaminlər Cavabdeh2 və Cavabdeh3 borc alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərini ödəməyi öz öhdələrinə götürmüşlər. Məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, iddiaçı 5214,29 manat əsas borc, 2335,37 manat faiz borcu tələb etsə də, ekspert rəyindən görünür ki, iddiaçının müqavilə üzrə 5014,78 manat əsas, 1192,4 manat faiz borcu vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə, o cümlədən hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 2281,92 manat məbləğində deyil, 50 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Maliyyə arayışında gecikmə faizi 264,96 manat göstərilsə də, məhkəmə hesab edir ki, cavabdehdən 256 manat gecikmə faizi tutulmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib olunmuş 26.11.2020-ci il tarixli, **********751 saylı maliyyə arayışından müəyyən olunur ki, gecikmiş vaxt üçün faizin məbləği əsas borca münasibətdə hesablanır: (əsas borc/100*5)/360. Cavabdehdən tutulan əsas borcun məbləği azaldılaraq 5014,78 manat müəyyən edildiyindən, gecikdirilmiş vaxt üçün faiz borcu da həmin məbləğə əsasən hesablanmalıdır: (5014,78/100*5)/360=0,696; 0,696*368=256,1 İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında 11.11.2016-cı il tarixli, 29-MK/4474 saylı zaminlik müqavilələri bağlanmış və zaminliyin qurtarma müddəti kredit müqaviləsi üzrə öhdəliyin qurtarması ilə şərtləşdirilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 11.11.2016-cı il tarixli, 29-MK/4474 saylı kredit müqaviləsinə əsasən, borcun ödənilmə müddəti 36 ay müəyyən edilmiş və 11.11.2019-cu il tarixdə bitmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən zaminə qarşı iddia sürməsi üçün nəzərdə tutulan müddət axımı 11.11.2019-cu il tarixdən başlamış və həmin vaxtdan bir il ərzində kreditor zaminlərə qarşı iddia irəli sürməmiş və bununla da, zaminlik müqavilələri üzrə Cavabdeh2 və Cavabdeh3 öhdəliklərinə xitam verilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi borcun zaminlərdən tutulması hissəsində əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 5014,78 manat əsas borc, 1192,40 manat faiz, 50 manat cərimə, 256 manat müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu olmaqla cəmi 6513,18 (altı min beş yüz on üç manat on səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən keçirilmiş ekspertiza xərci olan 145 manat cavabdeh Cavabdeh1 aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 5014,78 manat əsas borc, 1192,40 manat faiz, 50 manat cərimə, 256 manat müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu olmaqla cəmi 6513,18 (altı min beş yüz on üç manat on səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 145 (yüz qırx beş manat) manat məbləğində pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar