Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1438/2025 09.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “4000 manat borcun və borcun qaytarılmaması ilə bağlı illik 5% hesablanaraq 200 manat faiz borcunun tutulması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “4000 manat borcun və borcun qaytarılmaması ilə bağlı illik 5% hesablanaraq 200 manat faiz borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə 4000 manat borc almış və bu barədə öz xətti ilə yazılmış qəbz vermişdir. Lakin, cavabdeh borcu geri qaytarmamışdır. Həmin borc geri qaytarılmadığından 1 il üzrə illik 5% olmaqla 200 manat faiz borcu da qaytarılmalıdır. Göstərilənlər nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı izahat verərək tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən əlyazma qaydasında tərtib edilmiş qəbzdə qeyd edilir ki, Cavabdeh İddiaçı 4000 manat borc almış və həmin borcu yaxın vaxtda qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/760 nömrəli rəyinə əsasən müəyyən edilir ki, mülki işin 7-ci vərəqində olan xx.xx.2023-cü il tarixli qəbzdəki yazılar və imza Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış borc müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 390, 445.7, 739 və 740.2-ci maddələri çıxış edir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği 3000 (üç min) manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Müəyyən edilir ki, hazırki mübahisənin faktiki və hüquqi əsasları ilə tərəflər arasında bağlanmış borc müqaviləsinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 390, 445.7, 739 və 740.2-ci maddələrinin dispozitiv şərtləri eynilik təşkil edir. Məhkəmə araşdırmasının nəticəsində müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən əlyazma qaydasında tərtib edilmiş qəbzə əsasən, Cavabdeh İddiaçı 4000 manat borc almış və həmin borcu yaxın vaxtda qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş və borc məbləğini geri qaytarmamışdır. Qəbzdə qeyd edilən “yaxın vaxt” anlayışını məhkəmə ağlabatan əsaslarla şərh edərək hesab edir ki, həmin zaman kəsiyi ən çoxu bir neçə ayı (5-6 ay, hətta daha qısa (2-3 ay)) əhatə edə bilər. Borcun məbləği, tərəflərin şəxsiyyəti (xüsusən cavabdehin hərbçi olması, daimi iş yeri və gəlirinin (əmək haqqı formasında) olması), yaşadıqları mühit, cəmiyyətdə formalaşmış adətlər buna deməyə əsas verir. Bunun əksi cavabdeh tərəfindən sübuta yetirilməmiş, bu barədə əsaslı mülahizələr bildirilməmişdir. Cavabdeh sözügedən vəsaiti özündə saxlamaqla ondan əsassız olaraq faydalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/760 nömrəli rəyinə əsasən, mülki işin 7-ci vərəqində olan xx.xx.2023-cü il tarixli qəbzdəki yazılar və imza Cavabdeh tərəfindən icra olunmuşdur. MM-in 445.7-ci maddəsinin dispozitiv şərtləri əsas götürülməklə iddia tələbi 200 manat pulun ödənilməsi hissəsində də əsaslıdır. Belə ki, 4000 manat pulun 5 % hissəsi 200 manat təşkil edir ki, həmin öhdəliyin icrası vaxtından ən azı 1 il vaxt ötmüşdür. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Hazırki mübahisə üzrə göstərilən 4 (dörd) elementin heç biri müəyyən edilmir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin etibarsızlığı əsasları müəyyən edilmir. Cavabdeh tərəfindən imzalanmış yazılı qəbz məhkəmə tərəfindən yazılı iradə ifadəsi kimi qiymətləndirilir və yazılı müqavilə hesab edilir. Dövlət aparatının hissəsi olaraq məhkəmələr hüquqtətbiqetmə fəaliyyəti ilə mülki hüquq münasibətlərinin subyektlərinin hüquqi intizamlanması, qanunçuluq prinsipinə əməl etmələrinin təmin edilməsi məqsədilə hüquqi müəyyən, qüvvədə olan hüquq normalarının tətbiqini şərtsiz olaraq təmin etməlidirlər. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Hazırki iddia tələbi üzrə öhdəliyinin icrasının təmin edilməsinin sübut edilməsi yükü cavabdehin üzərindədir. İddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdehin iş yeri olan müvafiq hərbi hissəyə özünün xahişi əsasında məhkəmə iclaslarının yeri və vaxtı barədə bildirişlər göndərilsə də, cavabdeh ümumiyyətlə məhkəmə iclaslarında iştirak etməmişdir. Mülki proses iştirakçıları (xüsusilə cavabdeh) prosessual aktivlik nümayiş etdirməklə iddia tələbinin təkzib edilməsi ilə bağlı sübutetmə fəaliyyətini təşkil etməlidir. Məhkəmənin işdəki tədqiq edilmiş iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla kifayətlənməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin qismən təmin olunması xüsusatı nəzərə alınmaqla iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 62 manat ödənilmiş pul cavabdehə aid edilməlidir. Mülki iş üzrə aparılmış ekspertiza üzrə 124 (yüz iyirmi dörd) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir, Cavabdeh 4000 (dörd min) manat pul, 200 (iki yüz) manat faiz borcu və dövlət rüsumu olaraq 62 (altmış iki) manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “4000 manat borcun və borcun qaytarılmaması ilə bağlı illik 5% hesablanaraq 200 manat faiz borcunun tutulması” tələbinə iddiası təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat pul, 200 (iki yüz) manat faiz borcu və dövlət rüsumu olaraq 62 (altmış iki) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Mülki iş üzrə aparılmış ekspertiza üzrə 124 (yüz iyirmi dörd) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-1438/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1438/2025
09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver