Məhkəmə qərarları › İş №2(004)-1440/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1440/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1440/2025 17.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Mahmudzadə Sabrina Ramiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16000 (on altı min) manat borc pulu və ödənilmiş 139 (yüz otuz doqquz) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh xx.xx.2024-cü tarixində notariat qaydasında təsdiq edilmiş borc müqaviləsinə əsasında hər ay 1000 manat qaytarmaq şərti ilə 16000 manat borc pul vermişdir. Lakin Cavabdeh borc müqaviləsinin şərtlərini pozaraq bu günə qədər ödəniş etməmiş, hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldadır. Cavabdeh tərəfindən dəfələrlə şifahi və yazılı formada xəbərdarlıq edilmiş, lakin bütün bunlara baxmayaraq borclu ona olan borcunu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınır. Xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh 16000 manat pulunu hər ay 1000 manat olmaqla qaytarması barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və hər dəfə müxtəlif bəhanələr gətirərək yaxın vaxtlarda pulunu qaytaracağını bildirərək onu aldadır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Borclu Cavabdeh hər gün gəlir gətirən ictimai iaşə obyektləri vardır. Ona görə də borclu qaldığı 16000 manat pulu qaytarmağa maddi imkanı vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, cavabdehin əmisioğlu əlillik dərəcəsi düzəltməsi adı ilə ondan pul almışdır, daha sonra onu həbs etdilər. O, həbs olunduqdan sonra onun əmisioğlu, yəni hazırki cavabdeh şikayətinin geri götürülməsini və həmin pulu özünün verəcəyini bildirdi. Bundan sonra cavabdehlə notarial qaydada müqavilə bağlamışlar. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, 16000 manat pulu cavabdehin əmisioğlu olan Şahid vermişdir. Cavabdeh hər ay əmisioğluna görə 1000 manat pul ödəyəcəyini bildirmişdir. Cavabdeh notariusa 16000 manat pulu özü ilə gətirmişdir. Müqavilə bağlandıqdan sonra pulu özü ilə götürüb aparmış və pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. Faktiki olaraq borc müqaviləsi üzrə cavabdehə pul verməyib. Lakin həmin pulun onun tərəfindən qaytarılacağına razılıq verir. Bu səbəbdən də o cavabdehin əmisioğlu Şahid ona borcunun olmaması barədə ərizə yazmışdır. Cavabdeh borcdan 1000 manat ödəniş etmişdir. Qalıq məbləği cavabdeh bugünədək ödəməmişdir. Polisdə verdiyi ərizədən sonra, 14 noyabr 2024-cü il tarixdə verilmiş ərizənin səbəbi isə məhkəmə iclasında yenidən belə bir ərizənin istənilməsi olmuşdur. Lakin pul ona ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil ilə oxşar məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı özü də bildirdi ki, pulu ona verməmişdir. Həmin pulu o, iddiaçı həbs olunmasın deyə notariusda borc müqaviləsi bağlanan günü gətirmiş və müqavilə bağlandıqdan sonra da özü ilə aparmışdır. Hər ay 1000 manat ödəniş ediləcəyi barədə razılığa gəlinmişdir. O, borcdan 1000 manat ödəniş etmişdir. Hal-hazırda 15000 manat məbləğində pulu birdəfəlik ödəmə imkanı yoxdur. Aylıq 300 manat ödəməyə də iddiaçı razılıq verməmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, bəli, diskdə iddiaçı ilə onun danışığı olmuşdur. Şahid təqaüd kartını iddiaçıya verərək aylıq ödənişləri etmək istədiyini bildirmişdir. O da bilir ki, iddiaçının pulu ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış və Beyləqan rayonu 1 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, borc verən İddiaçı borcalan Cavabdeh 16000 (on altı min) manat məbləğində borc verir, borcalan Cavabdeh borcu xx.xx.2025-ci il tarixinədək hər ay 1000 manat borcverənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 9-cu bəndinə əsasən, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll edilir. - İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubuna əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. - Beyləqan Rayon Məhkəməsinin 1(020)-58/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Şahid Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında məhkəmə icraatı gedişində danışıqlar olmuşdur. Danışıqlar zamanı iddiaçı pulu Şahid verdiyini, cavabdehin xahişi ilə şikayətini geri götürdüyünü, Cavabdeh tərəfindən hissəhissə ödəniləcəyi barədə müqavilə bağlandığını bildirmişdir. Eyni zamanda Cavabdeh Şahid təqaüd kartını iddiaçıya verəcəyini və bu səbəbdən barışığa gəlməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, o, cavabdehin əmisi oğludur. İddiaçını təxmini 2-3 il bundan qabaq qazilər vasitəsilə tanımışdır. O, iddiaçıdan bir qismini müəyyən işlər görmək üçün, bir qismi isə faizlə borc olmaqla 16000 manat pul götürmüşdür. Sonra o, polisə şikayət etdi və onun barəsində cinayət işi açıldı. O, tutulduqdan sonra cavabdeh iddiaçı ilə notarial müqavilə bağlamışlar. Bundan sonra iddiaçı şikayətini geri götürmüş və o, həbsdən azad olmuşdur. Daha sonra onun barəsində məhkəmə hökmü çıxarıldıqdan sonra o, iddiaçıya olan bütün borcunu ödəmiş və iddiaçı bu barədə ərizə də yazmışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, əslində 11000 manat pul götürmüşdür. Qalan məbləğ faiz olaraq hesablanıb. Müqavilə bağlandıqdan sonra cavabdeh iddiaçıya 1000 manat pul ödəyib. Borcunu iddiaçıya anası və qardaşı ödəyib. Məhkəmə ilk növbədə iddia ərizəsinin borc tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 357.1-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 431.1-ci maddəsinə əsasən, Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər.431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı (borc verən) cavabdehə (borc alana) 16000 (on altı min) manat məbləğində borc vermiş, cavabdeh (borc alan) isə borcu xx.xx.2025-ci il tarixinədək hər ay 1000 manat iddiaçıya (borc verənə) qaytarmağı öhdəsinə götürmüşdür. Hal-hazırda İddiaçı Cavabdeh 16000 (on altı min) manat borc pulun və ödənilmiş 139 (yüz otuz doqquz) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsini tələb edir. Cavabdeh borcun onun tərəfindən götürülmədiyini, müqavilənin onun əmisioğlu Şahida zamin durması kimi bağlandığını bildirir. Cavabdeh həmin borcdan 1000 (bir min) manat ödəniş etmişdir. İşin faktiki halı olaraq isə müəyyən edildi ki, 16000 (on altı min) manat məbləğində pul iddiaçı tərəfindən əlillik dərəcəsinin düzəldilməsi məqsədilə Şahid verilmiş, daha sonra cavabdeh Şahid öhdəliyini üzərinə götürərək, öhdəliyin icrası üçün, onun borcunun hissəhissə ödənilməsi barədə notarial qaydada borc müqaviləsi bağlamış, həmin borcdan 1000 manat ödəniş etmişdir. Göründüyü kimi cavabdeh iddiaçıya olan 16000 manat məbləğində pulun ödənilməsi barədə öhdəlik götürmüşdür. Həmin öhdəliyi 1000 manat hissədə icra etmiş, sonradan ödəniş etməmişdir. Nəzərə alınmalıdır ki, hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlanan müqavilə uydurma əqd olaraq ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmayan yalnız görünüş üçün bağlanmış əqddir. (MM, 340.1) Yalan əqd isə başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. (MM, 340.2) Yalan əqddə tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Başqa sözlə, tərəflərin bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunur. Əqd tərəflərindən yalnız birinin belə bir niyyətinin olması əqdin yalan hesab edilməsi üçün yetərli deyil. Hazırki işdə tərəflərin hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaq və görüntü yaratmaq niyyəti müəyyən edilməyib. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya ödənilməli olan 15000 manat məbləğində pulun geri qaytarılması barədə öhdəlik götürdüyü halda bu öhdəliyi icra etmədiyindən, iddia 15000 manat hissədə əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə şahid qismində dindirilmiş Şahid ifadəsinə tənqidi yanaşır, belə ki, onun tərəfindən 15000 manat pulun ödənilməsi sübuta yetmədi, əksinə iş materiallarında cavabdeh tərəfindən təqdim edilmiş CD disk danışıqları ilə təqzib edildi. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 15000 (on beş min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmasıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olan 139 (bir yüz otuz doqquz) manatın 130 (bir yüz otuz) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15.000 (on beş min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 139 (bir yüz otuz doqquz) manatın 130 (bir yüz otuz) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar