Məhkəmə qərarları › İş №2(004)-1447/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1447/2023

28.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1447/2023 28.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müracət edərək, iddiaçıya məxsus olan, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilə dəymiş maddi ziyana görə 2000 manat pulun və ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, 2020-ci ilin ortaları tarixdən başlayaraq mütəmadi olaraq ünvan 1 ünvanında yerləşən, İddiaçı məxsus olan və hal-hazırda aiiləsi ilə birlikdə yaşadığı 24 saylı mənzilin üstündə yerləşən və Cavabdeh məxsus olan 27 saylı mənzildən davamlı olaraq iddiaçının mənzilinə su axıdılmış və mənzilə ciddi ziyan dəymiş, su axıdılması nəticəsində evin mətbəxi, dəhlizin və vanna otağının tavanı və s. hissələri yararsız hala düşərək sıradan çıxmışdır. Dəymiş ziyanın ödənilməsi barədə dəfələrlə cavabdehə xəbərdalıq edilmiş, mənzilə baxış keçirilmişdir. Lakin, cavabdeh edilən müraciətlərə əhəmiyyət verməmiş, dəymiş zərərin aradan qaldırılması üçün heç bir tədbir görməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının kürəkəni məcbur olaraq öz vəsaiti hesabına cavabdehə məxsus boruları dəyişdirmişdir. Məhkəmə iclasında cavabdeh su sızmasını aradan qaldırmaq üçün bir neçə dəfə öz evində təmir işləri apardığını, sonuncu dəfə iddiaçı tərəfindən cəlb olunmuş şəxslər tərəfindən evin təmir olunduğunu, iddiaçıya dəymiş zərəri aradan qaldırmağa hazır olduğunu bildirmişdir. Eyni zamanda ekspertiza tərəfindən müəyyən olunmuş məbləğin çox yüksək olmasını bildirmişdir. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, bina «xruşovka» layihəli binadır. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materiallarına əlavə edilmiş: Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı № 147493 saylı 22 mart 2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən 24 saylı mənzil iddiaçının mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 06 iyun 2023-cü il tarixli məktuba əsasən ünvan 1 ünvanında yerləşən 27 saylı mənzil xx.xx.1992-ci il tarixdən Cavabdeh mülkiyyətindədir. ünvan 1 ünvanında yerləşən binanın sakinləri və eyni zamanda "xxxx" Mənzil Tikinti Kooperativinin üzvləri tərəfindən tərtib edilmiş və həmin kooperativin sədri tərəfindən təsdiq edilmiş 26 iyun 2022-ci il tarixli aktdan görünür ki, aktı tərtib etmiş şəxslər cavabdehə məxsus 27 saylı mənzildən iddiaçıya məxsus mənzilə çirkab suyunun axıdılmasını və bunun nəticəsində iddiaçıya məxsus mənzilin həm giriş hissəsinin tavanının, həm də vanna otağının tavan hissəsinin yararsız vəziyyətə düşməsini təsdiq etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2023-cü il tarixli 10/2318 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 24 saylı mənzilin binanın 3-cü mərtəbəsində, cavabdehə məxsus 27 saylı mənzilin isə binanın 4-cü mərtəbəsində yerləşdiyini, 24 saylı mənzilin bir yaşayış otağı, dəhliz və mətbəx tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Yasmal rayonu, H.Cavid prospekti, məhəllə 500 ünvanında yerləşən 4 saylı evin 24 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 27 saylı mənzildən su axıdılığı və nəticədə 24 saylı mənzilin bir yaşayış otağı, dəhliz, hamam və ayaqyolu tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. 27 saylı mənzilin sanitar qovşağı tikilisi təmirli olduğundan, eyni zamanda su-kanalizasiya xətlərinin üzərində qüsurlar olmadığından 24 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 24 saylı mənzilə su sızması 27 saylı mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Qeyd olunur ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 500 ünvanında yerləşən 4 saylı evin 24 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1362,0 manat məbləğində müəyyən olunmuşdur. Beləliklə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə məxsus 27 saylı mənzildən iddiaçının mülkiyyətində olan mənzilə su axıdılması nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Məhkəmə hesab edir ki, iddiaçı maddi zərər tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə hesab edir ki, ekspert rəyi nəzərə alınmıqla dəymiş maddi zərərin məbləği 2000 manat məbləğində təmin oluna bilməz. Göstərilənləri, ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə mənzilə dəymiş zərərə görə 1362 manat məbləğində pul vəsaiti tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 27,24 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə tikinti-texniki ekspertizasının dəyərinin 34,05 manatı Cavabdeh, 15,95 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 1362 (min üç yüz altmış iki) manat pul vəsaiti tutularaq İddiaçı verilsin. Cavabdeh 27,24 (iyirmi yeddi manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. 50 (əlli) manat məbləğində məhkəmə ekspertizasının dəyərinin 15,95 (on beş manat doxsan beş qəpik) manat hissəsi İddiaçı, 34,05 (otuz dörd manat beş qəpik) manat hissəsi Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar