Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-146/2022 23.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, "xxxx" MMC-nə, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, "xxxx" MMC-dən, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 9776,39 manat əsas, 13,94 manat faiz borcu olmaqla, cəmi 9790,33 manat kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Mərkəzi filialı ilə Cavabdeh1 arasında bağlanmış 06.05.2013-cü il tarixli, 7003 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə illik 12 faiz dərəcəsi ilə hesablanmaqla, 32.060 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla "xxxx" MMC, Cavabdeh3 və Cavabdeh4 arasında zaminlik müqavilələri imzalanmışdır. Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləği və ona hesablanan faizlər ödənilməmişdir. 11.05.2022-ci il tarixə cavabdehlərin "xxxx" ASC-yə 9776,39 manat əsas, 13,94 manat faiz borcu olmaqla, cəmi 9790,33 manat kredit borcu vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, ona qarşı irəli sürülmüş tələblə razıdır və borcunu hissə-hissə ödəyir. Bankla kredit müqaviləsini özü imzalamış və kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi zamin qismində qardaşı Cavabdeh3 və həyat yoldaşı Cavabdeh4 zaminlik müqaviləsi bağlamışlar. "xxxx" MMC isə zaminlik müqaviləsinin tərəfi olmamışdır. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Digər cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 7003 nömrəli, 06.05.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə illik 12% dərəcəsi ilə hesablanmaqla, 32.060 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC (Kreditor) ilə Cavabdeh1 (Borclu) və "xxxx" MMC (Zamin) arasında bağlanmış 532 nömrəli, 06.05.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən, 7003 nömrəli, 06.05.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi Zamin Borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Göstərilən müqavilə "xxxx" MMC (Zamin) tərəfindən imzalanmamışdır. İş materiallarında olan "xxxx" ASC (Kreditor) ilə Cavabdeh1 (Borclu) və Cavabdeh4 (Zamin) arasında bağlanmış 532/2 nömrəli, 06.05.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən, 7003 nömrəli, 06.05.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi Zamin Borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC (Kreditor) ilə Cavabdeh1 (Borclu) və Cavabdeh3 (Zamin) arasında bağlanmış 532/1 nömrəli, 06.05.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən, 7003 nömrəli, 06.05.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi Zamin Borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh1, "xxxx" MMC-yə, Cavabdeh3 və Cavabdeh4 ünvanlanmış 24.05.2021-ci il tarixli, 22-6327/2021 saylı bildirişdən görünür ki, 06.05.2013-cü il tarixli kredit müqaviləsi üzrə 21.05.2021-ci il tarixə 15.781,42 manat əsas borc və ona hesablanmış cərimə borcu mövcuddur. Öhdəliyin yerinə yetirilməsi tələb olunmuşdur. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2022-ci il tarixli 9/7512 saylı ekspert rəyindən müəyyən olunur ki, borcalan Cavabdeh1 tərəfindən "xxxx" ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu 28.07.2021-ci il tarixə əsas borcu 15.799,66 manat, faiz borcu 173,79 manat, 11.03.2022-ci il tarixə əsas borcu 15.799,66 manat, faiz borcu 1348,24 manat təşkil edir. Həmçinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 150 manat təşkil etmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəizini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1. və 443.5.-ci maddəsinə əsasən borclu icranı gecikdirdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər borcları iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını və digər borcları ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 da zaminlik müqaviləsi əsasında üzərinə götürdüyü öhdəliklərə görə borclu Cavabdeh1 ilə eyni məsuliyyəti daşıyır. Bundan əlavə məhkəmə qeyd edir ki, iş materiallarında olan "xxxx" ASC (Kreditor) ilə Cavabdeh1 (Borclu) və "xxxx" MMC (Zamin) arasında bağlanmış 532 nömrəli, 06.05.2013-cü il tarixli zaminlik müqaviləsi "xxxx" MMC (Zamin) tərəfindən imzalanmamışdır. Bu baxımdan iddia tələbi borcun "xxxx" MMC-dən də müştərək qaydada tutulması hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Odur ki, məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas, faiz borcunun tutulması hissələrində qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 9776,39 manat əsas borc, 13,94 manat faiz borcu olmaqla, cəmi 9790,33 manat pul tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının cavabdehlərdən tutulması hissəsi üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 9776,39 (doqquz min yeddi yüz yetmiş altı manat otuz doqquz qəpik) manat əsas borc, 13,94 (on üç manat doxsan dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 9790,33 (doqquz min yeddi yüz doxsan manat otuz üç qəpik) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-146/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-146/2022
23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver