Məhkəmə qərarları › İş №2(004)-1481/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1481/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1481/2021 31.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X4 oğlunun katibliyi ilə Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.01.2014-cü il tarixli, 14R000012218 saylı kredit razılaşması üzrə 18 iyun 2019-cu il tarixli mədaxil orderi əsasında artıq ödənilmiş 3400,89 ABŞ dolları məbləğində pul məbləğinin və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh QSC ilə bağladığı 14 yanvar 2014-cü il tarixli 14R000012218 saylı kredit razışlaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh QSC ilə aralarında bağlanmış 17 sentyabr 2015-ci il tarixli sazişə əsasən kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, o, götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin 2015-ci il baş vermiş 2 devalvasiya nəticəsində onun ödəniş cədvəli üzrə ödəmələrində çətinlikləri yaranmışdır. Buna görə də, Cavabdeh QSC ona və X1, Abdullayev Kamil Məhkəmə oğluna, X2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Kürdəmir rayon Məhkəməsində iddia qaldırmışdır. Kürdəmir rayon məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli qətnaməsi iddiaçı Cavabdeh QSC-nin cavabdehlər X1, Abdullayev Kamil Məhkəmə oğluna, X3ma və ona qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada bankın xeyrinə cəmi 13.224,55 ABŞ dollarının tutulması və tutmanın ipoteka predmeti olan ona məxsus Badamdar qəsəbəsində yerləşən mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılaraq borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait kifayət etmədikdə qalan borcun cavabdehlərdən ümumi qaydada tutulması, mənzil satıldıqdan 1 ay sonra onun və Ə.M.Qədirovanın mənzilə istifadə hüququnun itirilməsi, mənzilin boşaldılıb banka təhvil verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Göstərilən məhkəmə qətnaməsində apellyasiya şikayəti verilmişdir. İşə apellyasi qaydasında baxmış Şirvan Apellyasiya Məhkəməsi iş üzrə mühasibətlaıq ekspertizası keçirmiş və ekspertizaın nəticələrini əsas tutaraq 17 iyul 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı və Ə.M.Qədirovanın apellyasiya şikayətlərini qismən təmin ediərək Kürdəmir rayon məhkəməsinin 17 oktyabr 2016-cı il tarixli qətnaməsini cavabdehlərdən müştərək qaydada cəmi 13.224,55 ABŞ dollarının tutulması hissəsində ləğv edilib iddia tələbinin qismən təmin edilməsi və cavabdehlərdən müştərək qaydada bankın xeyrinə cəmi 7683,45 ABŞ dollarının tutulması , mənzilin ilkin satış qiymətinin 115.000 manat məbləğində müəyyən edilməsi, qətnamənin apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Onun məhkəmə mübahisəsi dövründə ödədiyi pul məbləği isə 11084,34 ABŞ dolları təşkil etmişdir. Hazırda məhkəmə qətnamələri qanuni qüvvəsini aldığından və həmin qətnamələrlə iddiaçının 3400,89 ABŞ dolları məbləğində pulun banka artıq ödənilməsi öz təsdiqini tapmışdır. Buna görə də, o, 30 mart 2020-ci il tarixdə Cavabdeh QSC-yə müraciət edərək 14 yanvar 2014-cü il tarixli, 14R000012218 saylı kredit razılaşması üzrə artıq ödənilmiş 3400,89 ABŞ dolları məbləğində pul məbləğinin ona geri qaytarılması üçün göstəriş verilməsini xahiş etmişdir. Lakin bu günə qədər müraciətə bank tərəfindən cavab verilməmiş və artıq ödənilmiş pul məbləği geri qaytarılmamışdır. Göstərilənlərə əsasən hesab edir ki, 3400,89 ABŞ dolları məbləğində pul məbləği ona geri qaytarılmalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı tərəfindən sonradan edilmiş ödənişlər cəriməyə hesablanmışdır. Daha sonra bank humanistlik edərək sözügedən borcu cəriməyə yox, əsas borca hesablamışdır. Lakin həmin borc mədaxil qəbzində 2 dəfə göstərilmişdir. Qətnamənin icrasından qabaq könüllü gəlib ödəniş edib. İcra öhdəliyi üzrə ödənilmiş məbləğ tələb edilə bilməz. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçınnı iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqdim ollunmuş sübutlarla – Şirvan Apelyasiya Məhkəməsinin 17.06.2019-cu il tarixli, 2(106)-19/2019 saylı qətnaməsi ilə iddiaçının bankla bağlanmış 14.01.2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun cəmi 7683.45 ABŞ dolları olması, lakin iddiaçının 18.06.2019-cu il tarixli mədaxil orderinə əsasən banka 11084.34 ABŞ dolları, yəni öhdəlikdən kənar 3400,89 ABŞ dolları məbləğinin ödənilməsi təsdiq edildiyindən iddia əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Məhkəmə hesab edir ki, təqdim olunmuş sübutlarla iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərindən kənar ödəniş etməsi və bunun nəticəsində cavabdehin əsassız varlanması təsdiq edildiyindən iddia təmin edilməli və 14.01.2014-cü il tarixli, 14R000012218 saylı kredit müqaviləsi üzrə artıq ödənilmiş 3400,89 ABŞ dolları Cavabdeh QSC-dən tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh QSC-dən 14.01.2014-cü il tarixli, 14R000012218 saylı kredit müqaviləsi üzrə 18 iyun 2019-cu il tarixli mədaxil orderi əsasında artıq ödənilmiş 3400,89 (üç min dörd yüz ABŞ dolları səksən doqquz sent) ABŞ dolları məbləğində pul məbləği və 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar