Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3618/2024 17.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı Həsənova (Kakşa) Gülnarə Nizami qızının "xxxx" MMC-ni üçüncü şəxs qismində cəlb etedilməklə cavabdeh "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına qarşı "kredit bürosundan borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Həsənova (Kakşa) Gülnarə Nizami qızı "xxxx" MMC-ni üçüncü şəxs qismində cəlb etedilməklə cavabdeh "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına qarşı "kredit bürosundan borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC BOKT-da Həsənova (Kakşa) Gülnarə Nizami qızının adına olan borcun silinməsi və bununla bağlı məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatının üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC X2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia icraatı qaydasında məhkəməyə müraciət etmişdir. Qazax rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(023)-774/2022 saylı məhkəmə qətnaməsi ilə iddiaçının iddiası iddia müddəti üzürsüz səbəbdən ötürüldüyündən rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh QSC şikayət vermiş və 08 avqust 2022-ci il tarixli 2(023)-777/2022 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Onun borcunun silinməsi barədə Azərbaycan Respublikası Mərkəzi bankına ünvanlamış olduğu cavab məktubunda bildirilmişdir ki, onunla bağlanmış kredit müqaviləsindəki öhdəliyə əsasən krediti vaxtında ödəmədikləri üçün hər iki borclu barədə 08 aprel 2022-ci il tarixində iddia ərizələri ilə Qazax Rayon Məhkəməsinə müraciət edilmişdir. Qazax Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(023)-773/2022 saylı və 31 may 2022-ci il tarixli 2(023)-774/2022 saylı qətnamələri ilə iddia ərizələri təmin edilməmişdir. Məhkəmənin sözügedən qətnamələri ilə iddia tələbi təmin edilməsə də borcluların kredit borcunun silinməsi barədə vəzifə qoyulmamışdır. Bu səbəbdən borcalanların adlarının kredit reyestrindən çıxarılması mümkün olmadığı qeyd edilmişdir. Bank tərəfi cavabdehin borcunun olması barədə göndərmiş olduğu xəbərdarlıq məktubdan sonra müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən) bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmədiyindən sözügedən həmin mübahisəli kreditlərlə bağlı iddia təmin edilməmişdir. Bank tərəfi vaxtında bizə xəbərdarlıq göndərsə də lakin vaxtında məhkəməyə müraciət etməmişdir. Belə ki, iddianın təmin edilməməsi barədə mövcud qanunvericiliyə əsasən qətnamənin icra vərəqəsi verilmir. Cavabdehi müəyyən hərəkətləri etməyə məcbur edən qətnamə qəbul edilərsə qətnamənin icrası barədə icra vərəqəsi verilir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı vardır. Ölkəmizdə yaranmış devalivasiya və maddi çətinlik nəticəsində əmələ gələn problemli kreditləri olan ailələrdən biri də onların ailəsi olmuşdur. Hər bir şəxsin müəyyən problemləri olduğu kimi kreditə müraciət etdiyi kimi o da müraciət edən hər zaman imtina edilir. Həmin, problemli kredit üzrə Cavabdeh QSC iddiaçı tərəf vaxtında mövcud qanunvericiliyə əsasən məhkəmədə iddia qaldırmış olsaydı, onların bugünkü gündə həmin problemi davam etməzdi. Hər bir bank problemli vətəndaşların kreditlərinin həllini vaxtında həll edilməsi üçün vaxtında iddia müddəti bitmədən məhkəməyə müraciət edir və qanunamüvafiq qaydada öz həllini tapır. Beləliklə hesab edir ki, "xxxx" ASC-nin Qazax filialı ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli 983 nömrəli kredit müqaviləsi üzrə borca məhkəmə qətnamələri ilə münasibət bildirildiyindən ümüdsüz borc kimi xitam verilməlidir və həmin müqavilə üzrə hesablanmış borc silinməlidir. Eyni zamanda, tələb hüququ "xxxx" ASC-dən Cavabdeh QSC-yə ötürülmüş və adında qalmış borclarla bağlı qeyd "xxxx" MMC-dən silinməlidir. Nümayəndəsi olduğu bacısı X1 AKR-dan çıxarışı olmadığından həmin məlumatları tam olaraq yaza bilmədi. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, bildirmişdir ki, iddia tələbi tam əsassızdır. Belə ki,"xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC- nin Kakşa (Həsənova) Gülnarə Nizami qızma qarşı 1526,0 manat əsas borc, 960,91 manat faiz borcu olmaqla, cəmi 2486,91 (iki min dörd yüz səksən altı manat 91 qəpik) manat məbləğində problemli borcu üzrə tələb hüququ 23.04. 2018-ci il tarixli S-FK-QAZ-266 saylı təhvil-təslim Aktı əsasında Cavabdeh QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin Qazax filialı ilə cavabdeh X3 arasında bağlanmış 30 iyul 2013-cü il tarixli 903 saylı kredit müqaviləsinə əsasən X2 24 ay müddətinə illik 24 %-lə 3000,0 (üç min ) manat kredit verilmişdir. Kredit müqaviləsinin 5.2. və 6.1- ci bəndinə əsasən Borc alan bu Müqavilənin tələblərini vaxtında və lazımı qaydada yerinə yetirilməsini öz üzərinə götürür. Müqavilənin 6.5-ci bəndinə əsasən kredit üzrə öhdəliklər icra edilmədikdə Borc alan dəbbə pulu və Borc verənə dəymiş zərəri tam həcmdə ödəməlidir. Kredit müqaviləsinin 9.1-ci bəndinə əsasən Bu müqavilə bağlandığı andan qüvvəyə minir. Müqavilə Borc verən və Borc alan tərəfindən üzərinə götürülmüş öhdəliklərin yerinə yetiriləcək müddətə qədər öz qüvvəsini saxlayır. Kakşa( Həsənova) Gülnarə Nizami qızı tərəfindən müqavilənin şərtlərinə əməl olunmamış, kredit və ona hesablanmış faiz borcu "xxxx"’ QSC-yə qaytarılmamışdır. Son nəticədə Cavabdeh QSC iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qazax rayon Məhkəməsi Gülnarə Həsənovanın iddia müddətinin tətbiqi barədə verdiyi ərizəyə istinad edib həmin mübahisəyə iddia müddətini tətbiq edərək iddianı rədd etmək barədə 3 1 may 2022- ci il tarixli 2(023)774/2022 saylı qətnamə qəbul etmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı Kakşa (Həsənova) Gülnarə Nizami qızının adından etibarnamə əsasında bacısı Nümayəndə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun adında olan kredit borcunun silinməsi vəzifəsinin cavabdeh olaraq Cavabdeh QSC-nin üzərinə qoymağı xahiş edir. İlk növbədə nəzərə alınmalıdır ki, "xxxx" ASC-dən Nümayəndə və digər problemli borcu olan şəxslərlə bağlı borc öhdəlikləri və bununla bağlı tələb hüququ Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar “ “Aqrarkredif’ QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Sözügedən Fərmanla həmin borcların qaytarılması vəzifəsi Cavabdeh QSC-nin üzərinə qoyulmuşdur. Cavabdeh QSC səhmləri 100 faiz dövlətə məxsus olmaqla, əsas səhmdarı Azərbaycan Respublikasının Maliyyə Nazirliyidir. Kredit borclarının silinməsi səlahiyyətinə Cavabdeh QSC- nin özü deyil, onun səhmdarı malikdir. İkincisi, qeyd olunmalıdır ki, iddia müddətinin keçməsinə görə kredit borcununun Təşkilatın balansından silinməsi ilə bağlı qanunvericilikdə hər hansı bir göstəriş yoxdur. Üçüncüsü, İddiaçı Qazax rayon Daş Salahlı kəndində müəllim işləyərkən həmin krediti götürmüş və ondan yararlanmışdır. Aldığı krediti qaytarmaq onun vəzifəsi, öhdəliyi olsa belə, o kredit borcunu ödəməkdən yayınmış, bilərəkdən həmin borcu qaytarmamış, son nəticədə aldığı vəsaitin bir hissəsinin özü tərəfindən mənimsənilməsinə nail olmuşdur. "xxxx" QSC-nin Qazax filialının mütəxəssisləri Gülnarə Həsənova ilə əlaqə yarada bilmədiklərini, onun 2015- ci il tarixindən etibarən Türkiyə Respublikasında yaşadığını bildirmişlər. Yəni iddiaçının maddi imkanı kifayət qədər borcu ödəməyə imkan verməsinə baxmayaraq, onun aldığı borcu dövlət təşkilatına qaytarmaq niyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1 -ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərin hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazimi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, İddiaçı Həsənovanın kredit borcunun onun adından silinməsi üçün heç bir qanuni əsas yoxdur. İddiaçı Həsənova (Kakşa) Gülnarə Nizami qızı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materillarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Qazax Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(023)-774/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh QSC BOKT-nın cavabdeh X2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası iddia müddəti üzürsüz səbəbdən ötürüldüyündən rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həsənova (Kakşa) Gülnarə Nizami qızının müraciətinə cavab olaraq, "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının 20 fevral 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “...Qazax Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(023)-773/2022 saylı və 31 may 2022-ci il tarixli, 2(023)-774/2022 saylı qətnamələri ilə iddia ərizələri təmin edilməmişdir. Məhkəmənin sözügedən qətnamələri ilə iddia tələbi təmin edilməsə də borcluların kredit borcunun silinməsi barədə vəzifə qoyulmamışdır. Bu səbəbdən borcalanların adlarının kredit reyestrindən çıxarılması mümkün deyildir...” Həsənova (Kakşa) Gülnarə Nizami qızının Azərbaycan Respublikasının Mərkəzi Bankının müraciətinə cavab olaraq, Azərbaycan Kredit Bürosunun 23 fevral 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “...qeyd etdiyiniz məsələnin araşdırılması üçün məlumat təchizatçısına (bank, bank olmayan kredit təşkilatı və s.) müraciət edilmişdir. Məlumat təchizatçısı tərəfindən Büroya göndərilən rəsmi məktubda Qazax Rayon Məhkəməsinin 31 may 2022- ci il tarixli 2(023)-773/2022 saylı və 31 may 2022-ci il tarixli 2(023)-774/2022 saylı qətnamələri ilə məlumat təchizatçısının borcun ödənilməsi ilə bağlı iddia ərizələrinin təmin edilmədiyi, habelə müvafiq iddia ərizələrində borcluların kredit borcunun bağlanılması üçün vəzifə qoyulmadığı və bu səbəbdən məlumatların bağlı statusda Büroya ötürülməsinin mümkün olmadığı qeyd edilmişdir. Əlavə olaraq biildiririk ki, məlumat təchizatçısının rəsmi məktubunda hal-hazırda borc öhdəliyinizin mövcud olduğu qeyd edilmişdir. Nəzərinizə çatdırırıq ki, Büroya məlumat təchizatçıları tərəfindən təqdim edilən məlumatlar yalnız texniki emal edilir və onların üzərində dəyişikliklərin aparılması Büronun səlahiyyətləri xaricindədir. Kredit hesabatınızın məlumatlarında hələ də yanlışlıq olduğunu iddia etdiyiniz halda, təsdiqləyici sənədlərlə müvafiq məlumatı təqdim etmiş məlumat təchizatçısına və ya məhkəməyə müraciət edə bilərsiniz.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. “Kredit büroları haqqında” Azərbaycan Respublikasının 16.1-ci maddəsinə əsasən məlumat təchizatçıları kredit bürosuna aşağıdakı məlumatları təqdim edirlər: borcun ilkin məbləği; cari borc məbləği;borcun məqsədi; müqavilə üzrə borcun yaranması və ödənilməsi (əsas borcun və faizlərin) tarixləri, borc üzrə aparılmış ödənişlər; vaxtı keçmiş borc məbləği (əsas borc və/və ya faizlərin tam və ya bir hissəsinin ödənilməsi müqavilədə nəzərdə tutulmuş müddətdən 30 təqvim günündən artıq gecikdirilmiş borc); borcun ödənilməsi müddətinin uzadılması; borc öhdəliyinin təminatı; borcun təminat hesabına ödənilməsi; balansdan silinmiş ümidsiz borc; ödənilməli olan cərimənin və digər sanksiyanın, alimentin, vergilərin və sosial sığorta haqlarının, digər icbari ödənişlərin, dəbbə pulunun, sığorta haqqının, notariat qaydada təsdiq olunmuş borc müqavilələrindən irəli gələn borcun, kommunal borcların məbləği və onun ödənilmə müddəti; kredit tarixçəsi subyektinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsinə təsir edən hər hansı digər məlumat, bu şərtlə ki, həmin məlumatların kredit tarixçəsinə daxil edilməsi qanuna zidd olmasın. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Qazax Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2(023)-774/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh QSC BOKT-nın X2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası iddia müddəti üzürsüz səbəbdən ötürüldüyündən rədd edilmişdir. Buna baxmayaraq, iddiaçı X1 hal-hazıradək adı kredit reyestrindən çıxarılmamışdır. Səbəb qismində Cavabdeh QSC BOKT bildirmişdir ki, məhkəmənin sözügedən qətnaməsi ilə iddia tələbi təmin edilməsə də borclunun kredit borcunun silinməsi barədə vəzifə qoyulmamışdır. Hazırki mülki iş üzrə iddia tələbi ilə əlaqədar Cavabdeh QSC BOKT etirazının əsasları kimi X1 bilərəkdən kredit borcunu qaytarmadığını, habelə iddia müddətinin keçməsinə görə kredit borcununun Təşkilatın balansından silinməsi ilə bağlı qanunvericilikdə hər hansı bir göstərişin olmadığını göstərmişdir. Halbuki, mülki qanunvericiliyə əsasən öhdəliyə müddətin keçməsi nəticəsində xitam verilir. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, qanunvericiliklə məlumat təchizatçılarının kredit bürosuna təqdim etməli olduqları məlumatlar sırasında balansdan silinmiş ümidsiz borc da göstərilir. Ümidsiz borc dedikdə, iddia müddəti keçmiş və icrası mümkün olmadığına görə mülkü qanunvericiliyə görə öhdəliyə xitam verilmiş borclar başa düşülür. Odur ki, hazırki iddia tələbi tam əsaslı olub təmin ediməli, Cavabdeh QSC BOKT tərəfindən iddiaçı Həsənova (Kakşa) Gülnarə Nizami qızından 30 iyul 2013-cü il tarixli, 983 saylı kredit müqaviləsi üzrə tələb olunan 1509,44 manat əsas kredit borcu, 960,91 manat faiz borcu olmaqla, cəmi 2470,35 manat (iki min dörd yüz yetmiş manat 35 qəpik) məbləğində borc silinməli; iddiaçı Həsənova (Kakşa) Gülnarə Nizami qızının 30 iyul 2013-cü il tarixli, 983 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh QSC BOKT tərəfindən iddiaçı Həsənova (Kakşa) Gülnarə Nizami qızından 30 iyul 2013-cü il tarixli, 983 saylı kredit müqaviləsi üzrə tələb olunan 1509,44 manat əsas kredit borcu, 960,91 manat faiz borcu olmaqla, cəmi 2470,35 manat (iki min dörd yüz yetmiş manat 35 qəpik) məbləğində borc silinsin. İddiaçı Həsənova (Kakşa) Gülnarə Nizami qızının 30 iyul 2013-cü il tarixli, 983 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatının üzərinə qoyulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3618/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3618/2024
17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver