Məhkəmə qərarları › İş №2(004)-1485/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1485/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1485/2021 25.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Kommersiya Bankı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il tarixli 04B/15 nömrəli kredit müqaviləsi üzrə yaranmış 4.560.119,20 ABŞ dolları əsas borc, hesablanmış 1.067.275,78 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 5.627.394,98 ABŞ dolları (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” Kommersiya Bankı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” Kommersiya Bankı ASC illik 12% faiz hesablanmaqla 12 ay müddətinə borcalan Cavabdeh 4.575.000 ABŞ dolları kredit vermişdir. xx.xx.2016-cı il tarixli əlavə saziş üzrə kreditin qaytarılması müddəti xx.xx.2017-ci ilədək uzadılmışdır. Sonradan xx.xx.2017-cı il tarixli 2 saylı əlavə saziş üzrə kreditin qaytarılması müddəti xx.xx.2018-ci ilədək təyin edilmişdir Borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətə borcu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borclu Cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə banka 4.560.119,20 ABŞ dolları əsas borc, hesablanmış 1.067.275,78 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 5.627.394,98 ABŞ dolları borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcunu ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məlum olan sonuncu yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan 1 ünvana bildiriş göndərmişdir. Lakin cavabdeh orada yaşamadığına görə bildirişi ona təqdim etmək mümkün olmamışdır. Bu barədə AZ 1065 nömrəli poçt tərəfindən müvafiq qeyd yazılmaqla, bildiriş məhkəməyə qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2015-ci il tarixli 04B/15 nömrəli kredit müqaviləsinə əsasən “xxxx” Kommersiya Bankı ASC borcalan Cavabdeh illik 12% faiz hesablanmaqla 12 ay müddətinə 4.575.000 ABŞ kredit vermişdir. xx.xx.2015-ci il tarixli 01 nömrəli kassa məxaric orderinə imza etməklə Cavabdeh 4.575.000 (dörd milyon beş yüz yetmiş beş min) ABŞ dolları məbləğində nağd pulu “xxxx” KB ASCdən xx.xx.2015-ci il tarixdə şəxsən almışdır. “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 04B/15 nömrəli kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2016-cı il tarixdə 01 saylı əlavə sazişə əsasən kreditin qaytarılması müddəti xx.xx.2017-ci il tarixə qədər uzadılmışdır. Daha sonra isə xx.xx.2017ci il tarixdə kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 02 saylı əlavə saziş imzalanmış və kreditin qaytarılması müddəti xx.xx.2018-ci il tarixə qədər uzaldılmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. “xxxx” KB ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 4.560.119,20 ABŞ dolları əsas borc, hesablanmış 1.067.275,78 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 5.627.394,98 ABŞ dolları borcu vardır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2015-ci il tarixli 04B/15 nömrəli kredit müqaviləsi üzrə yaranmış 4.560.119,20 ABŞ dolları əsas borc, hesablanmış 1.067.275,78 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 5.627.394,98 ABŞ dolları (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq “xxxx” KB ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli 04B/15 nömrəli kredit müqaviləsi üzrə yaranmış 4.560.119,20 ABŞ dolları əsas borc, hesablanmış 1.067.275,78 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 5.627.394,98 (beş milyon altı yüz iyirmi yeddi min üç yüz doxsan dörd ABŞ dolları doxsan səkkiz sent) ABŞ dolları (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” Kommersiya Bankı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar