Məhkəmə qərarları › İş №2(004)-1514/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1514/2021

18.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1514/2021 18.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi Xəlilova Təhminə Cəmil qızı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mirhadı qızına qarşı kredit müqaviləsinin ləğvi, əsas kredit borcunun, faizlərin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 Mirhadı qızına qarşı kredit müqaviləsinin ləğvi, əsas kredit borcunun, faizlərin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı kredit müqaviləsinin ləğvi ilə bağlı cavabdehlərə təklif göndərilməsinə və həmin təklifin cavabdehlər tərəfindən alınmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı qanunla nəzərdə tutulmuş, cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət etməmişdir. Beləliklə, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı İKB ASC-nin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal rayon məhkəməsinə şikayət verə bilərlər. Hakim: Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar