Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1523/2023 01.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “vurulmuş zərərin əvəzi olaraq 47.125 (qırx yeddi min yüz iyirmi beş) manat və əldən çıxmış fayda kimi 96.000 (doxsan altı min) manat olmaqla, ümumilikdə 143.125 (yüz qırx üç min yüz iyirmi beş) manat pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin əvəzi olaraq 47.125 (qırx yeddi min yüz iyirmi beş) manat və əldən çıxmış fayda kimi 96.000 (doxsan altı min) manat olmaqla, ümumilikdə 143.125 (yüz qırx üç min yüz iyirmi beş) manat pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, 2013-cü ildə Yasamal RPİ-yə ərizə ilə müraciət edərək bir neçə şəxs tərəfindən ona məxsus olan külli miqdar dəyərində olan kariyer avadanlıqlarının dələduzluq yolu ilə keçirilməsi barədə məlumat vermişdir. Cavabdeh2 barəsində isə cinayət işinə Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilmişdir. Digər Cavabdeh1 məsuliyyətə cəlb edilərək barəsində olan cinayət işi məhkəməyə göndərilmişdir və sonuncu məhkum edilmişdir. Bu səbəbdən, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 1523/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı “vurulmuş zərərin əvəzi olaraq 47.125 (qırx yeddi min yüz iyirmi beş) manat və əldən çıxmış fayda kimi 96.000 (doxsan altı min) manat olmaqla, ümumilikdə 143.125 (yüz qırx üç min yüz iyirmi beş) manat pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 1523/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı “vurulmuş zərərin əvəzi olaraq 47.125 (qırx yeddi min yüz iyirmi beş) manat və əldən çıxmış fayda kimi 96.000 (doxsan altı min) manat olmaqla, ümumilikdə 143.125 (yüz qırx üç min yüz iyirmi beş) manat pulun ödənilməsi” tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 1523/2023 nömrəli qərardadından İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4344/2023 nömrəli qərardadı ilə iddiaçının şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(004)-1523/2023 nömrəli qərardadı ləğv edilərək mülki iş üzrə sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə geri qaytarılmışdır. Mülki iş üzrə yenidən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən müvafiq araşdırma aparılmışdır. Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-4344/2023 nömrəli qərardadında qeyd olunan hüquqi mövqe ilə razıdır. Belə ki, hazırki iddia tələbi üzrə iddia predmetini maddi zərərdən əlavə, mənəvi zərərin ödənilməsi də təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli 2(004)-1718/2021 nömrəli qətnaməsinin predmetini isə “pul” tələbi təşkil edir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli 2(004)-1718/2021 nömrəli qətnaməsinin hüquqi əsasını müqavilə münasibətləri təşkil etsə də, həmin müqavilənin məzmunundan və mahiyyətindən aydın olur ki, sözügedən müqavilə sanki öhdəlik xarakterli olmaqla məhz cinayət əməlləri nəticəsində yaranmış zərəri müəyyən edir. Nəticə etibarilə, tərəflər arasında müqavilə mövcud olsa da, həmin müqavilə öhdəlik götürmə, etiraf xarakterli olmaqla zərərin əvəzini müəyyən edir. Fərz etsək ki, iddiaçının maddi zərərlə bağlı iddia tələbi təmin ediləcək, onda belə nəticə çıxır ki, faktiki olaraq eyni münasibət üzrə Cavabdeh1 sırf hüquqi əsasın fərqli olması səbəbindən eyni əməl üzrə iki ayrı qətnamə əsasında iki dəfə zərər ödəməli olacaqdır. Məhkəmə qəbul edir ki, hazırki iddia tələbinin predmetini təkcə maddi zərər deyil, həmçinin mənəvi zərər də təşkil edir. Bu səbəbdən, iki ayrı mülki iş üzrə tərəflər eyni olsa da, predmet tam olaraq eynilik təşkil etmir. Bu səbəbdən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1523/2023 nömrəli qərardadı üzrə məhkəmə yanlış hüquqi nəticəyə gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(002)-81/2019 nömrəli hökmünə əsasən müəyyən olunur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qabaqcadan əlbir olmaqla İddiaçı məxsus ümumi dəyəri 47125 manat təşkil edən əmlakın dələduzluq yolu mənimsənilməsi öz təsdiqini tapmamaqla ittihamın həmin hissəsi əsaslandırılmamış ittiham kimi qəbul edilmiş və Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən Cavabdeh1 qarşı irəli sürülmüş ittihamdan çıxarılmışdır (hökmün 10-cu vərəqinin 6-cı abzası). Hökmə əsasən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 qabaqcadan əlbir olmaqla İddiaçı məxsus ümumi dəyəri 47125 manat təşkil edən əmlakın dələduzluq yolu mənimsənilməsi sübuta yetirilməmişdir (hökmün 9-cu vərəqinin 3-cü abzası). Cavabdeh1 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(002)-81/2019 nömrəli hökmündən zərərçəkmiş İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinın Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(002)-81/2019 nömrəli hökmü dəyişdirilmiş, Cavabdeh1 tanışı Cavabdeh2 ilə qabaqcadan əlbir olmaqla zərərçəkmiş İddiaçı məxsus ümumi dəyəri 47125 manat təşkil edən əmlakını dələduzluq yolu ilə ələ keçirib hər hansı formada mənimsəməsi hadisəsi sübuta yetirilmədiyindən, eyni zamanda təqsirləndirilən şəxs Cavabdeh1 tanışı Cavabdeh2 ilə qabaqcadan əlbir olmaqla digər zərərçəkmiş şəxs X1 münasibətdə təkrarən dələduzluq etməsi hadisəsi üzrə 46500 manat deyil, 8000 manat məbləğində pulun mənimsənilməsi hissəsində sübut edildiyindən, irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinın Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından zərərçəkmiş İddiaçı tərəfindən kasasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(102)-247/2020 nömrəli qərarı ilə Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Cavabdeh1 barəsində apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəmədinin xx.xx.2020-ci il tarixli 1(103)-566/2020 nömrəli qərarı ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(002)-81/2019 nömrəli hökmündən zərərçəkmiş şəxs İddiaçı vermiş olduğu apellyasiya şikayətindən imtina etməsi ilə iş üzrə apellyasiya şikayətinə baxılmasına xitam verilmiş və qərar qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli 2(004)-1718/2021 nömrəli qətnaməsinə əsasən müəyyən olunur ki, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 9008 manat borc pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi zərər (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı əsas götürülməklə 3 (üç ) dispozitiv şərtin heç biri ödənilmir. Bundan əlavə, iddia tələbinin tərkib hissəsini təşkil edən əldən çıxmış fayda kimi 96000 manat pul vəsaitinin ödənilməsina dair İddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş xx.xx.2012-ci il tarixli İcarə müqaviləsinə münasibətdə İddiaçı izahatında qeyd etmişdir ki, həmin müqavilə 2023-cü ilin aprel ayının əvvəlində tərtib edilərək imzalanmışdır. Buna səbəb, müqavilənin ilkin versiyası mövcud olmamasıdır. Beləliklə, təqdim olunmuş xx.xx.2012-ci il tarixli İcarə müqaviləsinin mötəbər sübut qismində qiymətləndirilməsi qanuni və əsaslı ola bilməz. Sözügedən müqavilənin vizaul müşahidəsi zamanı aşkar formada görünür ki, vərəqlərin, imzaların və möhürün keyfiyyəti, rəngi və digər xüsusatlar nəzərə alınmaqla 2012-ci il tarixə aid olan müqavilə ola bilməz, məhkəməyə təqdim edilməmişdən bir neçə gün əvvəl hazırlanmışdır. Həmin xüsusatlar izahat formasında İddiaçı tərəfindən etiraf edilərək məhkəməyə bildirilmişdir. Bu səbəbdən, xx.xx.2012-ci il tarixli İcarə müqaviləsinə məhkəmə tərəfindən mötəbər sübut qismində qiymətləndirilmir. Məhkəmə qeyd edir ki, iddia tələbinə dair İddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, İddiaçı Cavabdeh2 qarşı “vurulmuş zərərin əvəzi olaraq 47.125 (qırx yeddi min yüz iyirmi beş) manat və əldən çıxmış fayda kimi 96.000 (doxsan altı min) manat olmaqla, ümumilikdə 143.125 (yüz qırx üç min yüz iyirmi beş) manat pulun ödənilməsi” iddiası təmin edilməməlidir. Beləliklə, məhkəmə işdə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır, iddiaçı tərəfindən əsaslı sübutlarla sübuta yetirilməmişdir və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh1 qarşı “vurulmuş zərərin əvəzi olaraq 47.125 (qırx yeddi min yüz iyirmi beş) manat və əldən çıxmış fayda kimi 96.000 (doxsan altı min) manat olmaqla, ümumilikdə 143.125 (yüz qırx üç min yüz iyirmi beş) manat pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-1523/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1523/2023
01.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver