Məhkəmə qərarları › İş №2(004)-1523/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1523/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1523/2025 03.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı X2, Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inziabti binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 600 (altı yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq, onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əvvəllər tanıdığı Cavabdeh xx.xx.2022-ci il tarixdə 600 manat pulu bir neçə ay ərzində qaytarmaq şərtilə ondan borc almışdır. Cavabdeh borcu bir neçə ay ərzində qaytaracağına söz versə də, sözünü tutmamış, ondan aldığı borcu bu günə kimi qaytarmamışdır. Cavabdeh öz xətti ilə borcun alınmasına dair qəbz yazmışdır. Ona görə də pullarının geri qaytarılması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, 2022-ci ilin sentyabr ayında cavabdeh pulu uşaqlarının məktəb xərclərini qarşılamaq üçün ondan istəmiş, o da tanışı olduğu üçün 600 manat pulu cavabdehə qəbzə qol çəkdirməklə vermişdir. O vaxtdan cavabdeh pulunu qaytarmır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, o, iddiaçını pulu götürəndə birinci dəfədir görürdüm, iddiaçını deyil, onun yanındakı qadını tanıyırdı. Onun atası xəstə olduğundan müalicəsi üçün pul lazım olduğundan iddiaçıdan xahiş etmişdi ki, borc versin. Şəhidin puludur deyib ona 15 faizlə qəbzə qol çəkdirərək borc vermişdilər. Qəbzdə 600 manat yazılsa da, əslində 500 manat pul vermiş və demişdilər ki, 500 manatı tam qaytarandan sonra 100 manatı özləri çıxacaqlar. O, iki ay ərizndə bir dəfə 75 manat, ikinci dəfə 50 manat ödəniş etdikdən sonra imkanı çatmadığından bildirdi ki, tam qaytara bilmir, hissə-hissə ödəsin, lakin iddiaçı razılaşmadı və ondan borcu tam qaytarmağını tələb etdi. O, hazırda da borcu qaytarmaqdan imtina etmir, ayda 50 manat olmaqla hissə-hissə ödəməyə razıdır. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh X1 600 (altı yüz) manat borc almış, bunu öz imzası ilə təsdiq etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə baxışında araşdırılmış CD disk-də olan tərəflər arasındakı danışıqlara dair video görüntüdən müəyyən edilir ki, cavabdeh iddiaçıya 500 manat pulu 15 faizlə ona borca verməsini, lakin qəbzə 600 manat yazmasını bildirmişdir. İddiaçı isə pulu faizə verdiyini təsdiq edərək qeyd etmişdir ki, vaxtında ağıllı davranıb qəbzə də 500 manat yazdırardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 742.1-ci maddəsinə əsasən, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.2-ci maddəsinə əsasən Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında 500 manat məbləğində pulun borc verilməsinə dair razılaşma olmuş, lakin verilən pula münasibətdə faiz də ödənilməsi məqsədilə cavabdeh tərəfindən 600 manat borc pulun iddiaçıdan alınması barədə qəbz verilmişdir. İş materialında olan sənədlərlə və cavabdehin məhkəmədə verdiyi izahatı ilə sübuta yetirilmişdir ki, qeyd olunan imza cavabdeh tərəfindən icra olunmuşdur. Cavabdeh borc müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdehin iddiaçıya olan borcundan 75 manat və 50 manat pul ödəməsi ilə bağlı izahatında qeyd etdiklərinə münasibətdə məhkəmə bildirir ki, cavabdeh tərəfindən borcun ödənilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İşin hallarından, məhkəmə baxışında tədqiq olunmuş video görüntüdən və cavabdehin məhkəmədə verdiyi izahatından onun iddiaçıdan 500 manat borc alması öz təsdiqini tapır. Odur ki, məhkəmə sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh 500 (beş yüz) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul tutularaq iddiaçı X3 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul tutularaq iddiaçı X3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar