Məhkəmə qərarları › İş №2(004)-1526/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1526/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1526/2021 18.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyinin, X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” mülki işə Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 40000 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona müraciət edərək borc istəmiş, ona 40.000 manat məbləğində borc verməyə razılaşmış, aralarında Bakı şəhəri 19 saylı Notariat kontorunda təsdiq edilməklə xx.xx.2017-ci il tarixdə borc müqaviləsi bağlanmış və həmin pulu cavabdehə vermişdir. Borc müqviləsinə görə cavabdeh pulu ona xx.xx.2017-ci ilə qədər qaytarmalı idi. Lakin, cavabdeh bu vaxtda qədər müqavilə üzrə borcdan heç bir ödəniş etməyərək götürdüyü öhdəliyi icra etməmişdir. Məhkəmə iclasının iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasına gəlməmiş və işə onun itirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə verərək işə iddiaçının iştirakı olmadan baxılmasını və yekun məhkəmə aktının qəbul olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddia ərizəsinin iddia müddəti ötürülməklə verildiyini göstərmiş və məhkəmədən iddia tələbinə iddia müddəti tətbiq etməklə onun rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borcverən tərəfindən borcalana xx.xx.2017-ci il tarixinədək qaytarılmaq şərti ilə 40000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 10 gün təşkil edir və həmin müddət xx.xx.2017-ci il tarixdə bitmişdir. Buna baxmayaraq, iddiaçı mülki qanunvericiliyin iddia müddətinə dair tələblərini nəzərə almadan xx.xx.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Qanunvericilikdə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil etdiyindən və Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə hesab edir ki, hazırki iddia müddəti ötürülmüş sayılıb iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi vtələbinə dair” iddia ərizəsi rədd edilsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar