Məhkəmə qərarları › İş №2(004)-1539/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1539/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1539/2022 11.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 29 yanvar 2016-cı il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 19 faizlə 02 ay müddətinə 35000 ABŞ dolları kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il dekabrın 20-dək Cavabdeh banka 29 yanvar 2016-cı il tarixli kredit müqaviləsi üzrə 33981.25 ABŞ dolları əsas borc, 9746.16 ABŞ dolları faiz, 10429.55 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə 29.03.2016-cı il tarixdən 14.01.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 9862.3 ABŞ dolları olmaqla ümumilikdə cəmi 64019.26 ABŞ dolları borcu vardır. Cavabdeh 29 yanvar 2016-cı il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 10429.55 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 10%-i miqdarında olmaqla, yəni 1042.96 ABŞ dollan məbləğində tələb olunur. 29 yanvar 2016-cı il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı ASCnin xeyrinə 29 yanvar 2016-cı il tarixli kredit müqaviləsi üzrə 33981.25 ABŞ dolları əsas borc, 9746.16 ABŞ dolları faiz, 1042.96 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə 29.03.2016-cı il tarixdən 14.01.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 9862.3 olmaqla, ümumilikdə cəmi 54632.67 ABŞ dolları və 368.63 manat ödənilmiş dövlət rüsumunun tutulması; Cavabdeh ilə Yelo Bank” ASC arasında bağlanmış 29 yanvar 2016-cı il tarixli kredit müqaviləsininin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehə kredit müqaviləsi üzrə dəfələrlə borcun ödənilməsi təklif olunsa da, cavabdeh bundan imtina etmiş və ödəniş etməkdən yayınmışdır. Cavabdeh tərəfindən verilmiş vəsatət də, işin uzadılmasına hesablanmışdır. Belə ki, bank tərəfindən məhkəməyə kredit müqaviləsinin qüvvədə olma tarixinə arayış da verilmişdir və cavabdehin əsas, faiz və cərimə borcu qeyd edilmişdir. Ümumiyyətlə kredit qısa müddətə götürülmüş və təminatsız verilmişdir. Hesab edirlər ki, bu cavabdeh tərəfindən hesablanmış, məqsədli şəkildə atılmış bir addım olmuş və cavabdeh bundan sui-istifadə edərək krediti götürərək çox az məbləğdə ödəniş etmişdir. Odur ki, bu məsələlər araşdırma tələb etdiyin iş üzrə xüsusi qərardad da çıxarılmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, iddiaçının göstərdiyi rəqəmlərin onların hesablarına uyğun gəlmədiyini, onların iddiaçının hesablamalarına şübhə yarandığını bildirərək iş üzrə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinin xahiş etmiş, məhkəmənin yerində müşavirə edərək, protokola qeyd edilməklə qərarı ilə vəsatət təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh ilə bağlanmış 29.01.2016-cı il tarixli, 2-BİZ-1-0-9-16 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən sonuncuya illik 19 faizlə, 02 ay müddətinə 35000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməmiş, nəticədə cavabdehin bank qarşısında borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməmişdir. Cavabdehin hal-hazırda 33981.25 ABŞ dolları məbləğində əsas borcu vardır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 439.1 və 439.2-ci maddələrinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, o manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılmalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmasıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Qeyd edilənlərə əsasən cavabdehdən iddiaçının xeyrinə 33981.25 ABŞ dolları məbləğində əsas borc tutulmalıdır. Məhkəmə eyni zamanda iddia tələbinin faiz borcuna münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də, qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 490 ABŞ dolları məbləğində pul vəsaiti tutuklmalıdır. Belə ki, iş materiallarında olan 14.01.2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 29.01.2016-cı il tarixli kredit müqaviləsi üzrə 29.03.2016-cı il tarixə (kredit müqaviləsinin qüvvədə olma tarixinə) "xxxx" ASC-yə faiz borcu üzrə 490 ABŞ dolları məbləğində borcunun olması müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə 29.01.2016-cı il tarixli kredit müqaviləsi üzrə 1042.96 ABŞ dolları məbləğində cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə həmçinin iddia tələbinin Cavabdeh ilə iddiaçı "xxxx" ASC (Nikoyl İKB ASC) arasında bağlanmış 29.01.2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iş materialları ilə tərəflər arasında bağlanmış 29.01.2016-cı il tarixli kredit müqaviləsinin 02 ay müddətində bağlanması, müqavilənin 29.03.2016-cı il tarixdə qüvvədə olması və tərəflər arasında bağlanmış müqavilənin müddətinin artıq bitdiyi müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin 29.01.2016-cı il tarixli müqavilə üzrə 29.03.2016-cı il tarixdən 14.01.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 9862.3 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissələrdə təmin edilməməlidir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şəhr edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Müfaviq qərardan da, göründüyü kimi kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi iddiaçı, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödəməli olduğu məbləği ödəmədiyi və kredit müqaviləsinin qüvvədə olma müddəti bitdiyi halda məhkəməyə müraciət etməmiş, kredit müqaviləsinin qüvvədə olma müddəti bitdikdən sonra da, iddia müddətini gözləyərək məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi bu halı bankın öz hüquqlarından istifadəsi kimi qiymətləndirmişdir. Məhkəmə qeyd edir ki, belə olan halda iddiaçı məsuliyyəti özü daşımış və eyni zamanda əldən çıxmış faydanın nədən ibarət olmasına dair məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Məhkəmə bu hissədə iddianı təmin etməyərkən həm də iddiaçının kredit müqaviləsi üzrə tələb olunan borc məbləğini vaxtında icra etməməsi nəticəsində hesablanmış cərimə borcu üzrə iddia tələbinin təmin edilməsini də nəzərə alır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 33981 (otuz üç min doqquz yüz səksən bir) ABŞ dolları 25 (iyirmi beş) sent əsas, 490 (dörd yüz doxsan) ABŞ dolları faiz borcu, 1042 (bir min qırx iki) ABŞ dolları 96 (doxsan altı) sent cərimə borcu olmaqla, cəmi 35514 (otuz beş min beş yüz on dörd) ABŞ dolları 21 (iyirmi bir) sent məbləğində (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) pul vəsaiti pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 368 (üç yüz altmış səkkiz) manat 63 (altmış üç) qəpik məbləğində dövlət rüsumunun 35% yəni, 129 (bir yüz iyirmi doqquz) manat 02 (iki) qəpiyi iddiaçıya aid edilsin, qalan 65% yəni, 239 (iki yüz otuz doqquz) manat 61 (altmış bir) qəpik məbləğində pul vəsaiti isə Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 33981 (otuz üç min doqquz yüz səksən bir) ABŞ dolları 25 (iyirmi beş) sent əsas, 490 (dörd yüz doxsan) ABŞ dolları faiz borcu, 1042 (bir min qırx iki) ABŞ dolları 96 (doxsan altı) sent cərimə borcu olmaqla, cəmi 35514 (otuz beş min beş yüz on dörd) ABŞ dolları 21 (iyirmi bir) sent məbləğində (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) pul vəsaiti pul İddiaçı ASC-nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 368 (üç yüz altmış səkkiz) manat 63 (altmış üç) qəpik məbləğində dövlət rüsumunun 35% yəni, 129 (bir yüz iyirmi doqquz) manat 02 (iki) qəpiyi iddiaçıya aid edilsin, qalan 65% yəni, 239 (iki yüz otuz doqquz) manat 61 (altmış bir) qəpik məbləğində pul vəsaiti isə Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar