Məhkəmə qərarları › İş №2(004)-1548/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1548/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1548/2021 18.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əliyev X1 Anar Nifti oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il tarixli borcun etirafı müqaviləsi üzrə 51800 ABŞ dolları ödənilməmiş hissə və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək bildirir ki, iddiaçı Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə notarial qaydada borcun etirafı müqaviləsi bağlanmışdır. həmin müqaviləyə əsasən cavabdeh 2010-cu ilin sentyabr ayında iddiaçıdan 65600 ABŞ dolları məbləğində borc aldığını etiraf etmişdir. Cavabdeh isə borcundan əvvəlcə 6100 ABŞ dolları məbləğində, 2017-2020-ci illərdə isə hissə-hissə ödəniş etmişdir. Hazırda cavabdehin iddiaçıya 51800 ABŞ dolları borcu vardır. Cavabdehə dəfələrlə xəbərdarlıq olunsa da o, qalan borcu ödəməkdən imtina edir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirir ki, iddiaçı ilə cavabdeh birlikdə qızıl işi görmüşdür, borc da belə yaranmışdır. Cavabdeh borcu pandemiyaya görə ödəyə bilmir. Sonuncu ödənişi keçən ilin mart ayında etmişdir. Pandemiya fors-major hal kimi nəzərə alınmalıdır. Həmçinin mülki məcəllənin 742-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. İddia qismən təmin edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış xx.xx.2017-ci il tarixli borcun etirafı müqaviləsinə əsasən Cavabdeh İddiaçı 2010-cu ilin sentyabr ayında 65600 ABŞ dolları məbləğində pul borc aldığını və həmin borca 6100 ABŞ dolları məbləğində ödəniş etdiyini etiraf etmişdir. Cavabdeh öhdəsinə götürmüşdür ki, ümumi borc məbləğinin ödənilməmiş hissəsini – 59500 ABŞ dollarını müqavilə imzalanan tarixdən sonrakı təqvim ayının eyni günündə olmaqla hər ay 200 ABŞ dolları məbləğində İddiaçı təqdim edəcəyi bank hesabına köçürəcək. Beləliklə, işin mübahisəsiz halıdır ki, İddiaçı ilə Cavabdeh arasında borcun etirafı müqaviləsi bağlanmışdır. Cavabdeh borcu etiraf etməklə yanaşı borcundan hər ay 200 ABŞ dolları ödəniş etməyi öhdəsinə götürmüşdür. Axırıncı dəfə ödənişi bir il bundan qabaq, yən xx.xx.2020-ci il tarixdə etmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Çünki tərəflər arasında borcun etirafı müqaviləsi bağlanmışdır və cavabdeh hər ay ödəniş etməyi öhdəsinə götürsə də, bir il müddət ərzində ödəniş etməmiş, öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 51800 ABŞ dolları məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli borcun etirafı müqaviləsi üzrə 51800 (əlli bir min səkkiz yüz) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar