Məhkəmə qərarları › İş №2(004)-1565/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1565/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1565/2021 11.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və tutulmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və tutulmanın girov predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Züffüqar oğlu və Cavabdeh3 xx.xx.2015-ci il tarixli, 127 saylı kredit müqaviləsi üzrə 3476,01 ABŞ dolları əsas borc, 221,99 ABŞ dolları faiz borc, 1943,25 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq hesablanan 507,84 ABŞ dolları, cəmi 6149,09 ABŞ dolları kredit borcunun müştərək qaydadada tutulması, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 126 saylı kredit müqaviləsi üzrə 4712,98 ABŞ dolları əsas borc, 1893,43 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 687,70 ABŞ dolları məbəğində faiz (5%) borcu, cəmi 8130,49 ABŞ dolları məbləğində xredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan “Lexus GS 300” markalı, ağ met. rəngli, buraxılış ili 2007-ci il olan, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmuna uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, iddiaçının nümayəndəsi məhkəməyə ünvanlanan ərizədə, iddianın tam təmin olunmasını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbinin əsassız olduğunu bildirmiş və məhkəmədən mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 126 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 24 ay müddətinə, illik 22 % olmaqla 5000 ABŞ dolları kredit verilmişdir. xx xxxxxx 2015-ci il tarixli ödəniş qrafikinə əsasən Cavabdeh1 4999,98 ABŞ dolları pulu və 1225,38 ABŞ dolları faiz məbləğini xx.xx.2017-ci il tarixədək aylıq 259,39 ABŞ dolları olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 126 saylı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi İpoteka qoyan Lexus GS 300 markalı, **- DC-*** buraxılış ili 2007-ci il olan avtomobili İpoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq Dövlət Orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürür. xx xxxxxx 2015-ci il tarixli 126 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli 126 saylı kredit müqaviləsinə əsasən verilmiş 5000 ABŞ dolları məbləğində kreditin illik faiz dərəcəsi 22%-dən 16%-ə endirilmiş, xx xxxxxx 2015-ci il tarixli 126 saylı ipoteka müqaviləsinə 1 saylı əlavəyə əsasən girov müqaviləsinin 2.1 bəndinə dəyişiklik edilərək müqavilədə qeyd olunmuş illik faiz dərəcəsi 22%-dən 16%ə endirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş xx xxxxxx 2015-ci il tarixli, AA seriyalı, 130121 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar danışar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışından görünür ki, Cavabdeh1 mülkiyyətində olan Lexus GS 300 minik markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı ASC-nin “Uğur” filialı qarşısında ipoteka ilə yüklü edilməsinə dair müqavilə qeydiyyata alınmışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 127 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 24 ay müddətinə, illik 22 % olmaqla 8000 ABŞ dolları kredit verilmişdir. xx xxxxxx 2015-ci il tarixli ödəniş qrafikinə əsasən Cavabdeh1 8000,11 ABŞ dolları pulu və 1960,61 ABŞ dolları faiz məbləğini xx.xx.2017-ci il tarixədək aylıq 415,03 ABŞ dolları olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 127 saylı zaminlik müqaviləsinə əsasən zamin özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 127/1 saylı zaminlik müqaviləsinə əsasən zamin özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx xxxxxx 2015-ci il tarixli 127 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli 127 saylı kredit müqaviləsinə əsasən verilmiş 8000 ABŞ dolları məbləğində kreditin illik faiz dərəcəsi 22%-dən 16%-ə endirilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş arayışlardan görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixə xx xxxxxx 2015-ci il tarixli UGR**********6890001 saylı kredit müqaviləsi üzrə olan borcu əsas məbləğ üzrə 4712,98 ABŞ dolları faiz üzrə 836,38 ABŞ dolları, cərimə üzrə 1893,43 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 687,70 ABŞ dolları cəmi 8130,49 ABŞ dolları, xx xxxxxx 2015-ci il tarixli UGR**********6890002 saylı kredit müqaviləsi üzrə olan borcu əsas məbləğ üzrə 3476,01 ABŞ dolları, faiz üzrə 221,99 ABŞ dolları, cərimə üzrə 1943,25 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 507,84 ABŞ dolları cəmi 6149,09 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası DİN BDYPİ-nə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Lexus GS 300 minik markalı, **-DC- *** dövlət qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2020ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh1 3 gün müddətində borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə bunun əksinə olaraq öz öhdəliklərini yerinə yetirməmişdirlər. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. Belə ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyi lazımınca icra etmədiyinə görə banka ödənilməmiş xx.xx.2015-ci il tarixli, 127 saylı kredit müqaviləsi üzrə 3476,01 ABŞ dolları əsas borc, 221,99 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu, 507,84 ABŞ dolları müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 4305,84 ABŞ dolları, 126 saylı kredit müqaviləsi üzrə 4712,99 ABŞ dolları əsas borc, 836,38 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu, 687,70 ABŞ dolları müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 6337,06 (altı min üç yüz otuz yeddi dollar 6 sent) ABŞ dolları (ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla) borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli, 126 saylı kredit müqaviləsi üzrə tutma ipoteka predmeti olan “Lexus GS 300” markalı, ağ metal rəngli, buraxılış ili 2007-ci il olan, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərrac yolu ilə satılmalı, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməli və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcu müştərək qaydada zaminlər Cavabdeh2 və Cavabdeh3 tutulmasına dair hissəsi ilə razılaşmır. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla tətbiq edilməlidir. Qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, bankla Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 127 saylı zaminlik müqaviləsi və bankla Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 127/1 saylı zaminlik müqaviləsi üzrə zaminlik müddət müəyyən edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bundan başqa İddiaçı ASC-nin “Uğur” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015 il tarixli kredit müqaviləsinə əsasən borcalan aldığı krediti 24 (iyirmi dörd) ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci xx xxxxxx 2017-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı bank zaminlərə qarşı xx xxxxxx 2018-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş, zaminlik müqaviləsi üzrə öhdəliyin və eləcə də, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı bank tərəfindən zaminlərə qarşı hər hansı iddia irəli sürülmədiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri baxımından zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir və iddia tələbi zaminə aid hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli, 127 saylı kredit müqaviləsi üzrə 1943,25 ABŞ dolları və xx.xx.2015-ci il tarixli, 126 saylı kredit müqaviləsi 1893,43 ABŞ dolları məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni hər müqavilə üzrə 100 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi maddələrinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 127 saylı kredit müqaviləsi üzrə 3476,01 ABŞ dolları əsas borc, 221,99 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu, 507,84 ABŞ dolları müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 4305,84 ABŞ dolları, 126 saylı kredit müqaviləsi üzrə 4712,99 ABŞ dolları əsas borc, 836,38 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu, 687,70 ABŞ dolları müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərər (əldən çıxmış fayda) olmaqla, cəmi 6337,06 (altı min üç yüz otuz yeddi dollar 6 sent) ABŞ dolları (ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla) borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. 126 saylı kredit müqaviləsi üzrə tutma ipoteka predmeti olan “Lexus GS 300” markalı, ağ metal rəngli, buraxılış ili 2007-ci il olan, ** DC *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərrac yolu ilə satılsın, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar