Məhkəmə qərarları › İş №2(004)-157/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-157/2022

14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-157/2022 14.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, İlk iddia üzrə Cavabdeh2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İlk iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi və s.” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 33610,92 manat, faiz borcu üzrə 12106,50 manat, cəmi 45717,42 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, ilk iddia üzrə iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMCdən müştərək qaydada iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 33610,92 manat, faiz borcu üzrə 14965,25 manat, cəmi 48576,17 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 29.05.2014-cü il tarixli, 8476 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə illik 12 % dərəcəsi ilə hesablanmaqla, 69283 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla "xxxx" MMC arasında 29.05.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilələr üzrə müəyyən edilmiş öhdəliklər yerinə yetirilməmişdir. Daha sonra, cavabdeh "xxxx" MMC qızı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.05.2014-cü il tarixli 8476 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 33610.92 manat məbləğində borcun müqabilində 08.04.2014-cü il tarixli ABB/194 nömrəli müqavilə üzrə təminat predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF Park” yaşayış massivinin 12 saylı küçəsində inşa edilmiş 10 nömrəli binanın ümumi sahəsi 125.4 kv.m. olan 3 otaqdan ibarət 5 nömrəli mənzilə dair bütün hüquqların "xxxx" ASC-yə ötürülməklə əvəzləşdirilməsi; Abşeron Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF Park” yaşayış massivinin 12 saylı küçəsində inşa edilmiş 10 nömrəli binanın ümumi sahəsi 125.4 kv.m. olan 3 otaqdan ibarət 5 nömrəli mənzilə dair bütün hüquqların "xxxx" ASC-nə ötürüldükdən sonra "xxxx" ASC və "xxxx" MMC arasında bağlanmış 29.05.2014-cü il tarixli 1176 saylı zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin iddia tələbinin əsasını Cavabdeh2 8476 nömrəli 29.05.2014-cü il tarixli Kredit müqaviləsi üzrə illik 12 faiz dərəcəsi ilə 120 ay müddətinə verilmiş 69283 manat kredit vəsaiti təşkil edir. Həmin kredit vəsaiti "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 23.09.2012-ci il tarixli C(b)/013 nömrəli alqı-satqı müqaviləsi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr.167, “AAAF Park” yaşayış massivinin 12 saylı küçəsində inşa edilmiş 10 nömrəli binanın ümumi sahəsi 125.4 kv.m. olan 3 otaqdan ibarət 5 nömrəli mənzilin alınması üçün verilmişdir. 29.05.2014-cü il tarixli 8476 nömrəli Kredit müqaviləsinin 4.1-ci bəndinə görə müqavilə ilə müəyyən edilən kredit öhdəliklərin icrasının təminat üsulu müqavilənin 4.3-cü maddəsində göstərilən qaydada ipoteka predmeti və həmin yaşayış sahəsi üzrə hüququn girovu çıxış edirlər. Hüquq girov qoyularkən girov predmeti özgəninkiləşdirilə bilən hüquq, o cümlədən torpaq sahəsinin, binanın, qurğunun, yaşayış evinin (mənzilin) icarəsi hüququ, mülkiyyətdəki paya hüquq, borc tələbidir. 29.05.2014-cü il tarixli 8476 nömrəli Kredit müqaviləsinin 4.3-cü bəndinə görə, kredit müqaviləsi üzrə təminat kimi çıxış edən mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış alındıqdan sonra borcalan bu barədə 10 (on) iş günü ərzində borc verənə məlumat verməli və 30 (otuz) iş günündən gec olmamaq şərti ilə qeyd olunan mənzili Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmiləşdirməlidir. 29.05.2014-cü il tarixli 8476 nömrəli Kredit müqaviləsinin 11.7-ci bəndinə görə, borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda borcalan 08.04.2014-cü il tarixli ABB/194 nömrəli Mənzilin alqı-satqısı haqqında müqavilənin predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park" yaşayış massivinin 12 saylı küçəsində inşa edilmiş 10 nömrəli binanın ümumi sahəsi 125.4 kv.m. olan 3 otaqdan ibarət 5 nömrəli mənzili boşaltmalıdır. Həmin müqavilənin 12.9-cu bəndinə əsasən, borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda borc verən borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 08.04.2014-cü il tarixli ABB/194 nömrəli müqavilənin predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 12 saylı küçəsində inşa edilmiş 10 nömrəli binanın ümumi sahəsi 125.4 kv.m. olan 3 otaqdan ibarət 5 nömrəli mənzilin boşaldılmasını tələb edir, borc alan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. Şərh olunan müddəalardan göründüyü kimi kredit öhdəliyi vaxtında və lazımi qaydada icra olunmadıqda kredit vəsaitinin təminatı olan daşınmaz əmlak əldə olunur. Hazırki daşınmaz əmlak tam olaraq Cavabdeh2 istifadəsində və sərəncamındadır. Cavabdeh2 kredit öhdəliklərini icra etməməsi tələbin daşınmaz əmlaka yönəltmək üçün əsas yaranır. Həmin müqavilənin 14.7-ci bəndinə görə, borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün Cavabdeh2 və "xxxx" MMC arasında 08.04.2014-cü il tarixli ABB/194 nömrəli müqavilənin predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 12 saylı küçəsində inşa edilmiş 10 nömrəli binanın ümumi sahəsi 125.4 kv.m. olan 3 otaqdan ibarət 5 nömrəli mənzil üzərində olan hüquqlar borc verənə keçir. Beləliklə, iddiaçı "xxxx" ASCnin cəmi 45717.42 manat məbləğindən ibarət iddia tələbinin Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, ‘AAAF Park” yaşayış massivinin 12 saylı küçəsində inşa edilmiş 10 nömrəli binanın ümumi sahəsi 125.4 kv.m. olan 3 otaqdan ibarət 5 nömrəli mənzilə dair bütün hüquqları Azərbaycan Beynəlxalq Bank ASC-nə ötürülməsi ilə əvəzləşdirilməsi daha ədalətli olardı. Çünki 29.05.2014-cü il tarixli 8476 nömrəli Kredit müqaviləsinin təyinatı adından göründüyü kimi daxili ipoteka krediti olaraq mənzilin alınmasına yönəlmiş vəsaitdir. Ayrılmış kredit vəsaitinin geri qaytarılması mümkün olmadıqda həmin kredit vəsaitinə alınmış daşınmaz əmlak hesabına realizə olunması daha məqsədə müvafiqdir. Bu səbəbdən də, sözügedən mənzilə dair bütün hüquqların ilkin iddia üzrə iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ötürülməsi daha düzgündür. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında ilk iddia ərizəsinin məzmununa uyun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Cavabdeh2 29.05.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 04.04.2022-ci il tarixə əsas borc üzrə 33610,92 manat, faiz borcu üzrə 14965,25 manat olmaqla, cəmi 48576,17 manat borcu vardır. Odur ki, məhkəmədən ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, kredit müqaviləsi üzrə banka borcunun olmasını qəbul edir. Lakin tələb olunan faiz borcu ilə razılaşmır. Ekspert rəyində göstərilən faiz borcunun məbləği ilə razıdır. Odur ki, ilkin iddia tələbinin qismən təmin edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 29.05.2014-cü il tarixli, 8476 nömrəli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən cavabdehə 08 apel 2014-cü il tarixli, ABB/194 nömrəli müqavilənin predimeti olan mənzilin alınması üçün 120 ay müddətinə illik 12% dərəcəsi ilə 69283 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış 29.05.2014-cü il tarixli, 1136 nömrəli zaminlik müqaviləsindən görünür ki, "xxxx" MMC borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 29.05.2024-cü il tarixədək hər ay 994 (doqquz yüz doxsan dörd) manat ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan 04.04.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, həmin tarixə Cavabdeh2 29.05.2014-cü il tarixli, 8476 nömrəli kredit müqaviləsi üzrə 33610,92 manat əsas borc və 14965,25 manat faiz borcu olmaqla, cəmi 48576,17 manat məbləğində borcu yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" ASC və Cavabdeh2 ünvanlanmış 19 may 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehlərə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borclarını 5 gün müddətində ödəməyəcəkləri təqdirdə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 mart 2022-ci il tarixli, 9/7509 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh2 29.05.2014-cü il tarixli, 8476 nömrəli kredit müqaviləsi üzrə 15.07.2021-ci il tarixə əsas borc üzrə 33610,22 manat və faiz borcu üzrə 12258,98 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə ilk iddia tələbi ilə bağlı qeyd edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun və ona hesablanmış faizin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, 29.05.2014-cü il tarixli, 8476 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh2 120 ay müddətinə illik 12% ilə 69283 manat məbləğində kredit verilmişdir. Cavabdeh "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış 29.05.2014-cü il tarixli, 1136 nömrəli zaminlik müqaviləsinə əsasən "xxxx" MMC borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyaraq, nəticədə onun bank qarşısında 33610,92 manat əsas boc və 33610,92 manat faiz borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, ekspert tədqiqatı zamanı cavabdehin kredit müqaviləsi üzrə 15.07.2021-ci il tarixə olan əsas və faiz borcu hesablanmış və rəydə göstərilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin qüvvədə olma müddəti bitməmişdir. İddiaçının nümayəndəsi isə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, 04.04.2022-ci il tarixə yaranmış əsas və faiz borcunu tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, 33610,92 manat əsas borc və 33610,92 manat faiz borcu olmaqla, cəmi 48576,17 manat pul Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda digər cavabdeh "xxxx" MMC-nin mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin məzmunundan görünür ki, Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF Park” yaşayış massivinin 12 saylı küçəsində inşa edilmiş 10 nömrəli binanın ümumi sahəsi 125.4 kv.m. olan 3 otaqdan ibarət 5 nömrəli mənzili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra Azərbaycan Respublikası MÜlki Məcəlləsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun tələbinə uyğun olaraq müvafiq qaydada rəsmişdirilməlidir. Ancaq bundan sonra qeyd edilən mənzil ipoteka predimeti olaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat üsulu kimi çıxış edir. Lakin mübahisə predimeti olan mənzil dövlət qeydiyyatına alınmamışdır. Bu səbəbdən də kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi çıxış etmir. "xxxx" MMC "xxxx" ASC arasında bağlanmış zaminlik müqaviləsinə əsasən "xxxx" MMC borclu Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə qarşılıqlı iddia tələbinin zaminlik müqaviləsinin ləğvinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, zaminlik müqaviləsinin şərtlərinə əsasən bu müqavilə kredit müqaviləsi üzrə öhdəliklər icra edilənə qədər qüvvədə olduğundan, kredit müqaviləsinin şərtlərinə əsasən isə həmin müqavilə öhdəliklər tam həcmdə və ya vaxtından əvvəl tam həcmdə icra edildiyi təqdirdə xitam olunduğundan, həmçinin müqavilənin ləğv edilməsini tələb etmək hüququna malik olan subyekt bank olduğundan qarşılıqlı iddia tələbi bu hissədə də təmin edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ilk iddia tələbi təmin edilməli, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada 33610,92 (otuz üç min altı yüz on manat doxsan iki qəpik) manat əsas borc və 14965,25 (on dörd min doqquz yüz altmış beş manat iyirmi beş qəpik) manat faiz borcu olmaqla, cəmi 48576,17 (qırx səkkiz min beş yüz yetmiş altı manat on yeddi qəpik) manat pul tutularaq ilk iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, ilk iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da ilkin iddia üzrə cavabdehlərə aid edilərək, "xxxx" ASC-nin xeyrinə cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutulmalıdır. Həmçinin, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaiti ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. İlk iddia üzrə cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada 33610,92 (otuz üç min altı yüz on manat doxsan iki qəpik) manat əsas borc və 14965,25 (on dörd min doqquz yüz altmış beş manat iyirmi beş qəpik) manat faiz borcu olmaqla, cəmi 48576,17 (qırx səkkiz min beş yüz yetmiş altı manat on yeddi qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq ilk iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “zaminlik müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar