Məhkəmə qərarları › İş №2(004)-1586/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1586/2025

07.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1586/2025 07.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: maddi zərər) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş maddi ziyana görə 2435 manat, evakuatora görə ödədiyi 30 manat, dayanacağa görə ödədiyi 10 manat olmaqla, ümumilikdə 2475 manat məbləğində və dövlət rüsumu kimi ödənilmiş 44 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə Zabrat-Maştağa yolunda ona məxsus **-DJ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid) minik” markalı avtomobili etibarnamə ilə idarə edərkən yol hərəkəti qaydalarını pozaraq 2 avtomobil ilə toqquşmuşdur. Hadisə ilə bağlı Sabunçu Rayon Dövlət X6 araşdırma aparılmış və Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli olduğu sübuta yetirilərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə 2435 manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin avtomobilinin cərimə meydançasına aparılmasına görə evakuatora 30 manat, həmçinin dayanacaqda qalmasına görə 10 manat pul ödəmişdir. Cavabdehə ona dəyən maddi ziyanın ödənilməsi ilə bağlı dəfələrlə müraciət etməyə çalışsa da, nə zənglərinə, nə də mesajlarına cavab verir. Nəticədə ona dəyən maddi zərərin cavabdehdən onun xeyrinə tutulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

İİ. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

İİİ Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. “Express Servis” tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən müəyyən olunur ki, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2435 manat məbləğində zərər dəymişdir.

8. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərara əsasən Əsgərov X3 Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

9. Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2024-cü il tarixli etibarnaməyə əsasən İddiaçı tərəfindən Cavabdeh “Toyota Prius (Hibrid) minik” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə etmək səlahiyyəti verilmişdir.

10. xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən müəyyən olunur ki, evakuator xidməti məqsədilə X2 30 manat məbləğində ödəniş edilmişdir.

11. xx.xx.2024-cü il tarixli dayanacaq haqqı qəbzinə əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin RPİ-nin “Siqnal-İxtisaslaşdırılmış Layihə- İstehsalat İdarəsinə “Toyota” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 10 manat ödəniş edilmişdir.

12. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.

13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir.

19. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir;törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024cü il tarixdə yol nəqliyyat hadisəsi törətmiş, onun təqsiri xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarla öz təsdiqini tapmış, Əsgərov X3 Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh tədbiri tətbiq edilmişdir. Hazırda iddiaçı ona dəymiş maddi ziyana görə 2435 manat, evakuatora görə ödədiyi 30 manat, dayanacağa görə ödədiyi 10 manat olmaqla, ümumilikdə 2475 manat məbləğində ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sübutlarla X1 İddiaçı 2435 manat maddi ziyan, evakuatora ödənilmiş 30 manat, dayanacağa görə ödənilmiş 10 manat olmaqla, ümumilikdə 2475 manat məbləğində maddi ziyan vurması sübuta yetirilmişdir.

22. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehdən 2475 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 44 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V Nəticə:

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 2475 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 44 manat olmaqla, ümumilikdə 2519 (iki min beş yüz on doqquz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar