Məhkəmə qərarları › İş №2(004)-1588/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1588/2022

28.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1588/2022 28.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası ilə məhkəməyə müraciət edərək, 28.04.2011-ci il təvəllüdlü X1 üçün, o yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artılaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-304/2013 nömrəli iş üzrə 24 oktyabr 2013-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuşdur və birgə nikahdan doğulmuş qızının 28 aprel 2011-ci il təvəllüdlü X2 iddiaçıyla qalması, habelə yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 93 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hazırda qızları İbrahimova Ayselin 10 (on) yaşı vardır. Cavabdehlə İddiaçı ilə ayrıldıqları vaxtdan Azərbaycana gəlməmiş, eyni zamanda uşağı ilə maraqlanmamışdır. Cavabdeh hazırda Rusiya Federasiyasının Stavropol şəhərində yaşayır. Qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Ümumi dünyada olan qiymət artımları, inflyasiyalar, eyni zamanda ölkədə də özünü göstərmiş və nəticədə etibarı ilə hazırki qiymətlərlə 2013-cü ildə olan qiymətlər arasında 3-4 qat fərq yaranmaqla qalxmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişilmişdir ki, 2021-ci il üzrə 175 (yüz yetmiş beş) manat, 2022-ci il üçün isə “2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 193(yüz doxsan üç) manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh gecikmələrlə olsa da alimenti köçürməsinə baxmayaraq övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Tərəflərin ayrıldığı vaxtdan iddiaçı qızıyla birlikdə valideynlərinin yanında, onlarla birlikdə qalırlar. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın yüksək mənafelərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Stavropol diyarı Stavropol şəhəri üzrə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsi tərəfindən verilmiş İİ-ДН seriyalı 674038 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 28.04.2011-ci ildə, Stavropol şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydi kitabında 1141 saylı akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 oktyabr 2013ci il tarixli 2(010)-304/2013 nömrəli qətnaməsinin surətindən görünür ki, Stavropol şəhəri Stavropol diyarı vətəndaş vəziyyəti aktlarının qeydiyyatı idarəsinin VVAQ şöbəsi tərəfindən 419 nömrəli qeydlə 20.04.2011-ci ildə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah ləğv edilməsi, 28 aprel 2011-ci il tarixində anadan olmuş X2 iddiaçı anası İddiaçı yanında qalması, Cavabdeh 28.04.2011-ci ildə anadan olmuş Ayselin saxlanılması üçün İddiaçı xeyrinə 19 noyabr 2012-ci il tarixindən başlayaraq uşaq yetkinlik yaşına çatanadək 93 (doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 oktyabr 2013-cü il tarixli 2(010)-304/2013 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan 28 aprel 2011-ci il təvəllüdlü X2 ananın yanında saxlanılması, Cavabdeh uşağın saxlanması üçün hər ay 93 (doxsan üç) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Uşaq hal-hazırda da ananın himayəsindədir. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (93 manat) isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, uşağın yaşına uyğun olaraq tələbatları da artdığından iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27.07.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “ Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8- 2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, yetkinlik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu tələbini, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq, valideynləri ilə birlikdə yaşadığı müddətdə maddi təminatının maksimal dərəcədə saxlanılması hüququnu nəzərə alıb, iddia qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 oktyabr 2013-cü il tarixli 2(010)-304/2013 nömrəli qətnaməsi ilə uşağın saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilməli, Cavabdeh 28 aprel 2011-ci il təvəllüdlü X1 üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 oktyabr 2013-cü il tarixli 2(010)- 304/2013 nömrəli qətnaməsi ilə uşağın saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilsin. Cavabdeh 28 aprel 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar