Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1618/2021 05.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “sahiblik, istifadə hüququnun tanınması və maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “sahiblik, istifadə hüququnun tanınması və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının İddiaçı 30 aprel 2020-ci il tarixli, 162003 saylı müqaviləsinə əsasən həmin binanın 2-ci blokunun 18-ci mərtəbəsindəki ümumi sahəsi 141 kv.m. olan, 162 saylı, 3 otaqlı mənzilinə sahiblik və istifadə hüququ tanınması, mənzilin açarlarının iddiaçıya təhvil verilməsi və maneələrin aradan qaldırılmasının “xxxx” MMC-yə həvalə edilməsi, 30 aprel 2020-ci il tarixli, 162003 saylı müqaviləsinin 4.4 və 4.5-ci bəndlərinin etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mənzil almaq istəyirdi, bir çox tikilən binalara baxsa da, "xxxx" MMC-nin Yasamal rayonunda inşa etdiyi yüksək mərtəbəli binadan almaq qərarına gəlmişdir. Daha doğrusu, tanışları da həmin binadan mənzil almağı ona məsləhət bilmişlər. Binaya baxmış, onu qane etdiyinə görə razılaşaraq həmin MMC-nin işçisi ilə görüşmüşdür. O, ondan tələb olunan sənədləri təqdim etmişdir. Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blokunun 18-ci mərtəbəsindəki ümumi sahəsi 141 kv.m. olan, 162 saylı, 3 otaqlı mənzilin almaq barədə razılığa gəlmişlər. Bundan sonra, MMC-nin rəhbərliyi ilə 30 aprel 2020-ci il tarixli, 162003 saylı müqaviləni imzalamış, mənzilin dəyəri olan 119850 manatı 30 aprel 2020-ci il tarixdə tam ödəmişdir. Buna görə ona arayış da verilmişdir. Tərəflər arasında bağlanmış 30 aprel 2020-ci il tarixli, 162003 saylı müqavilənin şərtlərinə əsasən MMC Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində ümumi sahəsi 141 kv.m.-dən ibarət olan 3 otaqlı mənzili, xarici tərtibatla, daxili arakəsmələr hörülməklə, mənzilə elektrik enerjisi, qaz, su, kanalizasiya ana xətlərinin alıcıya təhvil verməyi, alıcı isə hər kv.m.-nə görə 850 manat ödəməyi şərtləndirmişlər. O, üzərinə götürdüyü öhdəliyi müqavilə bağlanan zaman tam icra etmişdir. Lakin, qeyd olunanlara baxmayaraq cavabdeh qanunvericiliyin normalarını pozaraq mənzili payçı iddiaçıya təhvil verməkdən imtina edir. Bu barədə dəfələrlə şifahi müraciətlər etməsinə baxmayaraq müraciətlərinə müsbət cavab ala bilməmişdir. Mənzilin dəyərinin iddiaçı tərəfindən tam ödənilməsi həm bağlanmış müqavilədə, həm də ona təqdim edilmiş 30 aprel 2020-ci il tarixli arayışda göstərilmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etdi. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, iddiaçı cavabdehin tikdirdiyi binadan 141 kv metr sahəlik, 162 saylı mənzili almışdır. Mənzilin pulu ödənilmiş, müqavilə bağlanılmış və maliyyə arayışı da təqdim edilmişdir. Lakin iddiaçı cavabdeh tərəfindən müxtəlif səbəblərdən mənzilə buraxılmır. O, bununla bağlı iddiaçının özü ilə də əlaqə saxlamışdır. İddiaçı bildirdi ki, MMCdən ona bildiriblər ki, binaya mərmərdən üzlük döşənilməlidir, ondan sonra mənzilə buraxıla bilər. Düzdür, müqavilədə belə bir bənd var. Orda qeyd olunur ki, mənzilin dəyəri tam ödənilmişdi və bir bənd də vardır ki, binaya mərmər üzlük vurulmalıdır. Bu bir az anlaşılmazdır ki, həm mənzilin qiyməti ödənilsin, həm də binaya üzlük vurulsun. Çünki həmin üzlük çox böyük bir miqdarda vəsait tələb edir və o müqaviləyə belə bir bəndin daxil edilməsi də anlaşılmazdır. İddiaçı bir nəfər vasitəsi ilə qarşı tərəflə əlaqə saxlayıb və müqavilə bağlayıblar. Sonradan bu işlə bağlı ona müraciət edərkən o, müqaviləni oxumuş və həmin bəndlə bağlı iddiaçıya sual vermişdir ki, görüləcək işlər nədən ibarətdir və hansı həcmdə görülməli idi. Onda iddiaçı ona bildirdi ki, onun bu bənddən ümumiyyətlə xəbəri yoxdur. Ödənişin edilməsi ilə bağlı maliyyə arayışı verilib. Müqavilənin 4.3-cü bəndində də göstərilir ki, bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsi, müqavilə qiymətindən 100 faiz miqdarında, yəni 119850 manat məbləğində ödənilib. Ona görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək, izahatında bildidi ki, cavabdeh tərəfindən həmin çoxmərtəbəli mənzil inşa edilərkən müəyyən maddi çətinliklər baş verib və belə olan halda bununla bağlı müəyyən tanış şəxslərə müraciət olunub. Ümumi praktikadan bəllidir ki, inşaat şirkətləri müxtəlif şəxslərlə binanın materiallar müqabilində həmin şəxslərə həmin binadan mənzillər verməklə razılığa gəlirlər. İddiaçı xanım da qeyd edilən binada müəyyən sahələrdə mərmər-qranit işlərinin görülməsini təmin etməli idi. O, dəqiq olaraq bilmir ki, iddiaçı xanımın belə bir şirkəti var, ya yox. Müqavilə xanımın adına yazılıb, lakin mərmər-qranit işlərini başqa bir şəxs görməli idi. Sadəcə olaraq bu xanım o şəxsin etibarlı adamı olduğuna görə müqavilə iddiaçının adına yazdırılmışdır və xanıma maliyyə arayışı verilir ki, bəli, pul ödənilib. Bundan sonra onlar işləri görməyə başlayırlar. 1-ci və 2-ci mərtəbələrdə işlər görülüb, təxminən 10.000 manat dəyərində iş görülüb. Lakin bir müddət sonra qarşı tərəf işləri dayandırır. Həmin dövrdə onların əməkdaşları müqavilədə konkret bənd qeyd ediblər və həmin bənddə göstərilir ki, ödəniş yalnız kassa mədaxil qəbzi olduqda etibarlı sayılır. Bu müqaviləni həmin vaxt hüquqşünaslar yox, mühasiblər tərtib ediblər. Onlar da müqavilənin bəndinin dəyişdirilməsini bilmir, sadəcə olaraq, göstəriş verilir və ona uyğun əlavələr edirlər. Və əməkdaşlar 4.4-cü bənd qeyd ediblər. Həmin bənddə də deyilir ki, payçı binada mərmərqranit işləri görəcəkdir. Bu bənddə məsələ açıq-aydın şəkildə göstərilib. İnandırıcı deyildir ki, iddiaçı müqavilə imzalasın, 120.000 manata yaxın pul versin, amma bu bənddən xəbəri olmasın. İndi də xanım bir ildən artıq müddət keçməsinə baxmayaraq indi gəlib məhkəmədə müqavilənin bəndini mübahisələndirir. Maraqlısı odur ki, müqavilənin 10 bəndi var, qarşı tərəf onların hamısını qəbul edir, yalnız bir bəndi mübahisələndirir. Lakin bununla belə cavabdeh şirkətin rəhbəri həmin işləri görəcək şəxslə danışıb və bildirib ki, ya işləri davam etdirsin və yekunlaşandan sonra mənzili təhvil alsın, ya da ki, gördüyü işlərin əvəzi olaraq 10.000 manat haqqı cavabdeh ona ödəsin. Müqavilənin 4.3-cü bəndi isə sadəcə olaraq şablon olaraq göstərilib. Əgər həmin dövrdə bağlanılmış müqavilələrə baxılsa, görüləcək ki, bu bənd bütün müqavilələrdə var. Bu da az öncə qeyd kimi, onunla bağlıdır ki, həmin dövrdə müqavilələri hüquqşünaslar tərtib etməyib. Tərtib edənlər mühasiblər olduğu üçün müvafiq bəndlərə dəyişikliklər etməyib, yalnız əlavə bəndlər daxil ediblər. Həmin binada görülən mərmər qranit işlərinin dəyəri 119850 manatdır. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 162003 saylı, 30.04.2020-ci il tarixli “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış müqavilənin 1.1-ci bəndindən görünür ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 18-ci mərtəbə, ümumi sahəsi 141 kv.m olan, 162 saylı mənzil izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi verir. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahəsi üçün 850 manat təyin edilir. Cəmi 141 kv.m sahəsi üçün 119850 manat təşkil edir. 4.2-ci bəndə əsasən bu müqavilənin ödənişi yalnız kassa mədaxil qəbzi ilə əsas sayılır. 4.3-cü bəndindən görünür ki, bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsinin, müqavilə qiymətindən 100% miqdarında, yəni 119850 manat məbləğində ödənilib. Bundan əlavə həmin müqavilənin 4.4-cü bəndinə əsasən payçı bu mənzilin dəyərində “xxxx” MMC-nin inşa etdiyi yüksək mərtəbəli yaşayış binalarında mərmər-qranit işlərini görəcəkdir. 4.5-ci bəndə əsasən payçı bu müqaviləyə əsasən razılaşdırılmış işləri başa çatdıqdan sonra müqavilə qüvvəyə minəcəkdir. İş materiallarında olan 30.04.2020-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı “xxxx” MMC-nin ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 18-ci mərtəbədə ümumi sahəsi 141 kv.m olan, 162 saylı mənzil izolə olunmuş 3 otaqlı mənzilinin dəyərini 30.04.2020-ci il tarixli 162003 saylı müqavilənin şərtlərinə əsasən tam ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasında pay alması barədə 30.04.2020-ci il tarixdə 162003 saylı müqavilə bağlanmışdır. Hazırda iddiaçı X1 cavabdeh “xxxx” MMC-yə qarşı “sahiblik, istifadə hüququnun tanınması və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin ünvan 3 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının İddiaçı 30 aprel 2020-ci il tarixli, 162003 saylı müqaviləsinə əsasən həmin binanın 2-ci blokunun 18-ci mərtəbəsindəki ümumi sahəsi 141 kv.m. olan, 162 saylı, 3 otaqlı mənzilinə sahiblik və istifadə hüququ tanınması, mənzilin açarlarının iddiaçıya təhvil verilməsi və maneələrin aradan qaldırılmasının "xxxx" MMC-yə həvalə edilməsi, 30 aprel 2020-ci il tarixli, 162003 saylı müqaviləsinin 4.4 və 4.5-ci bəndlərinin etibarsız hesab olunmasını xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.4-cü bəndinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İş materiallarında olan tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən görünür ki, 4.4-cü bəndə əsasən payçı bu mənzilin dəyərində “xxxx” MMC-nin inşa etdiyi yüksək mərtəbəli yaşayış binalarında mərmər-qranit işlərini görəcəkdir. 4.5-ci bəndə əsasən payçı bu müqaviləyə əsasən razılaşdırılmış işləri başa çatdıqdan sonra müqavilə qüvvəyə minəcəkdir. Yuxarıda qeyd olunduğu kimi, qanunvericiliyə əsasən əqd – tərəfin iradə ifadəsidir, bununla belə fiziki və hüquqi şəxslər məzmununu və şərtlərini müəyyənləşdirməklə azad surətdə müqavilə bağlaya bilərlər. Bu halda həm iddiaçı həm cavabdeh göstərilən müqaviləni imza etməklə, həmin müqavilədə müəyyənləşdirilmiş şərtlərə dair razılıqlarını bildirmişlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, qeyd edilən müqavilənin hər hansı bəndinin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Buna görə də iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam yerinə yetirmədiyindən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi öhdəlikləri cavabdehin üzərinə qoymaqda və müqavilədə nəzərdə tutulmuş və tərəflər arasında razılaşdırılmış müəyyən bəndlərin etibarsız hesab edilməsini tələb etməkdə haqlı deyildir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-1618/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1618/2021
05.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver