Məhkəmə qərarları › İş №2(004)-1633/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1633/2023

13.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1633/2023 13.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2344/2021 saylı 08 aprel 2021ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin artırılaraq Cavabdeh 23 iyun 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikahdan 23 iyun 2007-ci il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 2764/2008 saylı xx.xx.2008-ci il tarixli qətnaməsi ilə cavabdehlə nikahları pozulmuş, birgə nikahdan anadan 23 iyun 2007-ci il təvəllüdlü X4 onun himayəsində saxlanılmış və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının 1/4 hissəsində aliment tutulması qət edilmişdir. Daha sonra, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6624/2015 savlı 16 iyul 2015 tarixli qətnaməsi ilə aliment miqdarı dəyişdirilərək cavabdehdən xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 108 manat tutulması qət edilmişdir. Alimentin artırılması tələbinə dair sonuncu dəfə onun tərəfindən məhkəməyə 2021-ci ildə müraciət edilmiş, sonuncu dəfə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2344/2021 saylı qətnaməsi ilə aliment miqdarı artırılaraq 175 manat məbləğində müəyyən edilmişdir. Uşaq böyüdükcə onun tələbatı da armaqda davam etdiyindən aliment miqdarının artırılmasına zərurət yaranmışdır. Mübahisənin məhkəmədən kənar həlli üçün onun tərəfindən Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin cavabdeh ilkin Mediasiya Sesiyasında iştirak etmədiyindən Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-00136 saylı arayış tərtib edilmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri, həmçinin “AZEMİS” vasitəsilə SMS xəbərdarlığı göndərilməklə və mobil telefon vasitəsilə əlaqə saxlanılaraq məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən 14 dekabr 2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı 200175 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 23 iyun 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında 17 iyul 2007-ci il tarixdə 1816 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2344/2021 saylı, 08 aprel 2018-ci il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 2431/2018 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X1 üçun Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi və Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çalanadək saxlanılması uçun hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin (bundan sonra – AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə, insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də, yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği isə hazırda uşaqların saxlanmaları üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin artırılması barədə qətnamənin qəbul edilməsindən 2 il müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Həmçinin nəzərə alınmalıdır ki, "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Bununla belə, yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, X1 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı hər ay 220 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək, cavabdeh X3 hər 175 manat məbləğində alimentin tutulması haqqında Yasamal Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 2 il müddət keçdiyini, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumunun 220 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2344/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə 23 iyun 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı və Cavabdeh 23 iyun 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2344/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə 23 iyun 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. 23 iyun 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar