Məhkəmə qərarları › İş №2(004)-1645/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1645/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1645/2022 19.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “əldən çıxmış fayda” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi ilə 11.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh əldən çıxmış fayda olaraq 10000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, o, Cavabdeh ilə oğlu Ramiz vasitəsilə tanış olmuşdur. Cavabdeh ondan borc pul istəmişdir. O də evini satıb 50000 manat məbləğində pulu Cavabdeh vermişdir. Cavabdeh ondan 50000 manat məbləğində pulu alması barədə 24 dekabr 2016-cı il tarixdə Abşeron rayon 1 saylı Notariat Ofisində müqavilə bağlanmışdır. Sonradan o, cavabdeh tərəfindən aldadıldığını başa düşmüş və verdiyi 50000 manat pulu cavabdehdən geri istəsə də, Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırtmış və götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Onu da qeyd edir ki, 08.09.2020-ci il tarixli hökmü ilə Cavabdeh 306.1-ci maddəsini ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdeh ondan aldığı 50000 manat məbləğində pulu bu günədək ona qaytarmamışdır. O də bu vaxta kimi bu məbləğdən başqa gəlirlər əldə edə bilərdi, lakin o, bu gəlirlərdən məhrum olmuşdur. Bu səbəbdən də mövcud tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Suala cavab olaraq bildirir ki, qətnamənin icra olunmaması nəticəsində illik azı 5% məbləğində gecikmə faizini tələb edir. Dörd il üçün bu məbləğ 10000 manat edir. İddianın təmin olunmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Yasamal rayon Məhkəməsinin 2(004)-4778/2018 saylı, 19.07.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 50000 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 24 manat məbləğində pul İddiaçı xeyrinə tutulmuşdur. İş materiallarında olan Yasamal rayon İcra Şöbəsinin 17/72-192844/5 saylı, 18.04.2022-ci il tarixli məktubuna əsasən 2(004)-4778/2018 saylı icra sənədi 24.09.2018ci il tarixdə şöbənin icraatına daxil olmuş və icra sənədi üzrə icra tədbirləri davam etdirilir. İşin mübahisəsiz halları odur ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə 50000 manat məbləğində pul tutulmuşdur. Hazırda iddiaçı cavabdehdən 50000 manat borcun gecikdirilmiş müddət üçün illik 5 faizi olaraq 10000 manat məbləğində pulun ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, Yasamal rayon məhkəməsinin 19.07.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ödənilməli olan 50000 (əlli min) manatın gecikdirilmiş 3 illik müddət üçün illik 5% olmaqla, (1 il üçün beş faiz 50000x5:100=2500, 3 il üçün 2500x3=7500) ümumilikdə 7500 (yeddi min beş yüz) manat məbləğində pulun tutulması hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Belə ki, 19.07.2018-ci il tarixli qətnaməsi 24.09.2018-ci il tarixdə icra şöbəsinə daxil olaraq icraata başlanmışdır. Yasamal Rayon İcra şöbəsinin 18.04.2022-ci il tarixli məktubundan da müəyyən olunduğu kimi icra tədbirləri görülür, yəni icra sənədi üzrə icraat dayandırılmamış, lakin icra sənədi icra şöbəsinə göndərildiyi vaxtdan 3 il keçməsinə baxmayaraq pulun ödənilməsinə dair icra sənədi hələ də icra olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7500 (yeddi min beş yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7500 (yeddi min beş yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar