Məhkəmə qərarları › İş №2(004)-167/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-167/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-167/2022 18.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 6883 manat əsas, 1197.54 manat faiz, 13.28 manat cərimə borcu olmaqla, cəmi 8093.82 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 15.09.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 40 ay müddətinə illik 21% ödəmək şərtilə 6883 manat məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 14.07.2021-ci il tarixinə "xxxx" KB ASC-yə 6883 manat əsas, 1197.54 manat faiz, 13.28 manat cərimə borcu olmaqla, cəmi 8093.82 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onlar ekspertin rəyi ilə razıdırlar. Belə ki, onların tələbi ilə ekspert rəyi bir-birinə uyğundur. Cavabdeh demək olarki kredit aldıqdan sonra ödəniş etməmişdir. Əsas borc olduğu kimi qalmışdır. Cərimə borcu da, demək olarki hesablanmamışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən etiraf edərək bildirdi ki, o, bank ilə bağladığı 15.09.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 21% ödəmək şərtilə 6883 manat məbləğində kredit götürmüşdür. Düzdür kredit ödənişlərində axsamalar olmuşdur. Belə ki, o müharibədə iştirak etmiş və müharibədə olduğu üçün imkan edib kredit borcundan ödəniş edə bilməmişdir. Bankın tələb etdiyi məbləği birdəfəlik ödəmək iqtidarında deyildir. O, özü hazırda işləmir. Qətnamə çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 15.09.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, bank cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 21% ödəmək şərtilə 6883 manat məbləğində kredit vermişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyıraraq, nəticədə onun 14.07.2021-ci il tarixinə "xxxx" KB ASC-yə 6883 manat əsas, 1197.54 manat faiz, 13.28 manat cərimə borcu olmaqla, cəmi 8093.82 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbinin cavabdehdən 6883 manat məbləğində əsas borcun tutulması hissəsinə münasibətdə hesab edir ki, bu hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan maliyyə arayışı və 17.12.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə əsas borc üzrə borcu 6883 manat təşkil edir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə 1197.54 manat faiz borcun tutulması hissəsinə münasibət bildirərək hesab edir ki, 17.12.2021-ci il tarixli ekspert rəyinə əsasən cavabdehin 23.07.2021-ci il tarixinə (iddia qaldırılan günə) 1236.65 manat faiz borcunun olması müəyyən edilsə də, həmin hissədə iddia tələbi irəli sürülmüş tələb həcmində təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə faiz borc üzrə 1197.54 manat məbləğində pul vəsaiti tutlmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu üzrə 13.28 manatın tutulması hissəsəsində qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə əsas borc üzrə 6883 (altı min səkkiz yüz səksən üç) manat, faiz borcu üzrə 1197 (bir min yüz doxsan yeddi) manat 54 (əlli dörd) qəpik, 13 (on üç) manat 28 (iyirmi səkkiz) qəpik cərimə məbləği olmaqla, cəmi 8093 (səkkiz min doxsan üç) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 150 (bir yüz əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə əsas borc üzrə 6883 (altı min səkkiz yüz səksən üç) manat, faiz borcu üzrə 1197 (bir min yüz doxsan yeddi) manat 54 (əlli dörd) qəpik, 13 (on üç) manat 28 (iyirmi səkkiz) qəpik cərimə məbləği olmaqla, cəmi 8093 (səkkiz min doxsan üç) manat 82 (səksən iki) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İş üzrə məhkəmə məsrəfi olan 150 (bir yüz əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar