Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1682/2020 16.06.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxx” ASC-yə qarşı maddi zərər tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxxxx” ASC-yəqarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi olaraq 222 manat, 50 manat müstəqil ekspert üçün ödəniş, 120 gün ödənişdən imtina etdikləri üçün dəbbə olaraq 30 manat, məhkəmənin hazırlıq və baxış iclaslarına gedib-gəlmək üçün 10 manat yol xərci, 20 manat dövlət rüsumu, iki dəfə işdən ayrılıb məhkəmə iclaslarına getdiyi üçün gəlirindən itirəcəyi 40 manat, ümumilikdə 372 manat məbləğində dəymiş zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, “Mercedes BENZ 270” minik markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil AC № 024996 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsusdur. Bakı şəhəri BPİ Dövlət x5 tərəfindən verilmiş 23 avqust 2019-cu il tarixli nəqliyyat vasitələrinin zədələnməsi barədə AYP seriyalı № 042581 saylı arayışa əsasən 22 avqust 2019-cu il tarixdə “Toyota Prius” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə zərər dəymişdir. Həmin avtomobil “avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsinə əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən PXA********** saylı müqaviləyə əsasən sığortalanmışdır. Avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi dəvət olunmuşdur. Bütün sənədləri 02 sentyabr 2019-cu il tarixədək təqdim olunandan sonra cavabdehin işçiləri onu cuzi zərər məbləği ilə razı salmağa çalışmışlar. Buna görə də cavabdehə pretenziya məktubu ilə müraciət etmişdir. Əsasən narazılığı cavabdeh tərəfdən heç bir sənəd təqdim etmədən dəymiş zərərin məbləğinin təyin olunması və mövcud olmayan ekspertlərin rəy verməsi olmuşdur. x1 Nəzarət Palatasına müraciət etmişdir. x2 Palatası iki dəfə yazılı şəkildə “xxxxxxxxxxxx” ASC-dən müstəqil ekspertin təyin olunmasını tələb etsə də, bu rəsmi şəkildə baş verməmişdir. Belə ki, ekspert kimi ona zəng edən və zərərin müəyyən olunması üçün onu dəvət edən şəxsdən onun buna səlahiyyətinin olmasını tələb etsə də, belə bir sənədlər ona təqdim edilməmiş və onun bu tələbindən sonra həmin ekspert yoxa çıxsa da, sonradan rəy təqdim etmişdir ki, güya iddiaçı dəyərləndirmənin aparılmasına mane olmuşdur. Növbəti dəfə x2 Palatasına müraciətinə cavab olaraq ona Palatada qeydiyyatdan keçmiş müstəqil ekspertlərdən birinə müraciət etməsi və dəymiş zərərin müəyyən edilməsi tövsiyyə olunmuşdur. “xxxxxxxxxxxx” ASC-yə müstəqil ekspert ilə bağladığı müqaviləni, müqavilə üçün ödənilən məbləğin qəbzini və müstəqil ekspert tərəfindən tərtib edilmiş qüsur aktını Palataya təqdim etmişdir. “xxxxxxxxxxxx” ASC-dən qüsur aktı üzrə nəqliyyat vasitəsinə dəymiş zərəri ödəməyə hazır olduqları barədə cavab almışdır. Lakin sığortaçının əvəzinə müstəqil ekspertə ödədiyi xidmət haqqının ödənilməsindən cavabdeh imtina etmişdir. Sığortaçı rəsmi ekspert təyin etməmiş, “xxxxxxxxxxxx” ASC-nin fəaliyyətsizliyi nəticəsində ona maddi zərər dəymişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki,iddiaçının müraciət etdiyi müstəqil ekspert Ə.T. Talıblı tərəfindən iddiaçıya məxsus avtomobilə şirkətin sığortalısı “Toyota Prius” markalı avtomobilin sahibi tərəfindən vurduğu zərər məbləği ilə cavabdehin razı olduğunu, lakin iddiaçı tərəfindən müstəqil ekspertə ödənilmiş 50 manat xidmət haqqı ilə cavabdehin razı olmadığını bildirdi və bunu onunla izah etdi ki, iddiaçı cavabdeh tərəfindən müəyyən edilmiş zərərin miqdarı ilə razı olmadığından iddiaçının tələbi ilə cavabdeh tərəfindən müstəqil ekspert təyin edilmiş, lakin iddiaçı dəymiş zərərin müstəqil ekspet – “xxxxxxxxxxxxxxxxx” MMC tərəfindən qiymətləndirilməsinə maneə yaratmış, baxış üçün avtomobili təqdim etməkdən imtina etmişdir. Odur ki, hesab edir ki, cavabdeh tərəfindən hərəkətsizliyə yol verilməmiş, yəni müstəqil ekspertin təyin edilməsi tələbi sığortaçı tərəfindən yerinə yetirilmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.-ci maddəsinə əsasən İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 13.1. -ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 13.2. -ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 20.2.-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Həmin Məcəllənin 925.3-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Həmin Məcəllənin 926.1 maddəsinə əsasənsığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasənzərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasənmülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasəndelikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.4cümaddəsinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Həmin Qanunun 24.1.6-cı maddəsinə əsasən zərərçəkəninsığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda x2 orqanına və məhkəməyə şikayət etmək hüququ vardır. Həmin Qanunun 24.1.4-cü maddəsinə əsasən zərərçəkənin müvafiq hallarda, o cümlədən sağlamlığa və (və ya) əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, bu məqsədlə müstəqil ekspertin təyin edilməsini tələb etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş 04 sentyabr 2019-cu il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı “xxxxxxxxxxxx” ASC-yə müraciət edərək, şirkət tərəfindən müəyyən edilmiş onun avtomobilinə dəymiş zərər məbləği ilə razı olmadığını və zərərin miqdarının qiymətləndirilməsi üçün müstəqil ekspertin dəvət olunmasını tələb etmişdir. x2 Palatasının 05 sentyabr 2019-cu il tarixli və 01 noyabr 2019-cu il tarixli məktublarından müəyyən olunur ki, “xxxxxxxxxxxx” ASC-dən iddiaçıya məxsus avtomobilə dəymiş zərərin miqdarı barədə əldə olunmuş razılığın, razılıq əldə olunmadığı təqdirdə isə müstəqil ekspertizanın keçirilməsi və keçirilmiş ekspertizanın nəticəsi barədə məlumatın 5 iş günü müddətində İddiaçı təqdim olunması xahiş olunmuşdur. Avtomobilin qiymətləndirilməsinə dair İddiaçı ilə müstəqil ekspert x3 arasında bağlanmış 09 saylı müqavilədən müəyyən olunur ki, həmin müqaviləyə əsasən müstəqil ekspert İddiaçı məxsus avtomobilin texniki vəziyyətinin araşdırılmasını və qiymətləndirilməsini öhdəsinə götürmüş, avtomobilin qiymətləndirilməsi üçün xidmət haqqı olaraq 50 manat müəyyən edilmişdir. Həmin ekspert tərəfindən tərtib edilmiş 19 oktyabr 2019-cu il tarixli qüsur aktından müəyyən olunur ki, iddiaçıya məxsus avtomobilə dəymiş zərərin məbləği 222 manat məbləğində müəyyən edilmişdir. 19 oktyabr 2019-cu il tarixli BEB seriyalı № 431131 saylı qəbzdən görünür ki, İddiaçı müstəqil ekspertə 50 manat xidmət haqqı ödəmişdir. “xxxxxxxxxxxx” ASC-nin 28 noyabr 2019-ci il tarixli 05/01-1122 saylı məktubundan məlum olur ki, “xxxxxxxxxxxx” ASC iddiaçı tərəfindən təyin edilmiş müstəqil ekspert tərəfindən müəyyən olunmuş 222 manat məbləgində zərər məbləği ilə rarılaşmış, lakin qiymətləndirmə xərci olan 50 manat xərcin ödənilməsindən imtina etmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, zərərçəkən İddiaçı və sığortaçı “xxxxxxxxxxxx” ASC arasında sonuncunun sığortalısı tərəfindən iddiaçıya məxsus avtomobilə vurulmuş zərərin məbləği barədə razılıq əldə edilməmiş, iddiaçı zərərin miqdarının qiymətləndirilməsi üçün müstəqil ekspertin təyin edilməsini tələb etmiş, lakin cavabdeh “xxxxxxxxxxxx” ASC hərəkətsizlik göstərərək müstəqil ekspert təyin etməmiş, bununla əlaqədar iddiaçı özü müstəqil ekspertə müraciət etmiş, həmin ekspert tərəfindən onun avtomobilinə dəymiş zərər 222 manat məbləğində müəyyən edilmiş, cavabdeh “xxxxxxxxxxxx” ASC həmin müstəqil ekspert tərəfindən müəyyən edilmiş zərər məbləği ilə razılaşsa da, müstəqil ekspertə ödənilmiş qiymətləndirmə xərci olaraq 50 manatın ödənilməsindən əsassız olaraq imtina etmişdir. Belə ki, cavabdeh iddiaçının tələbi iıə həqiqətən müstəqil ekspertə müraciət etməsini, onunla bu barədə müqavilə bağlamasını və həmin ekspertə qiymətləndirmə xərcinin ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmin sübutları cavabdeh x2 Palatasının 05 sentyabr 2019-cu il tarixli və 01 noyabr 2019-cu il tarixli məktublarından göründüyü kimi, x2 Palatasına təqdim etməmişdir. Cavabdeh sığorta şirkətinin hərəkətsizliyi nəticəsində iddiaçıya zərər dəymişdir. Belə ki, iddiaçı cavabdehin hərəkətsizliyi nəticəsində müstəqil ekspertə müraciət etmiş, ona 50 manat məbləğində qiymətləndirmə xərci ödəmişdir. Bundan əlavə iddiaçı pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmiş və məhkəmə iclaslarına gəlməsi üçün “Bolt” taksi xidməti tərəfindən təqdim olunmuş 13 fevral 2020-ci il tarixli hesablardan görünür ki, iddiaçı məhkəməyə gedib-gəlməsi üçün ümumilikdə 7,70 manat yol xərci ödəmişdir. Bundan əlavə “xxxxxxxx” MMC tərəfindən təqdim olunmuş 12 fevral 2020-ci il tarixli arayışdan görünür ki, iddiaçı “xxxxxxxx” MMC-də aparıcı mühəndis vəzifəsində işləyir və onun fevral ayı üçün bir iş saatının dəyəri 24,17 manat təşkil edir. Göründüyü kimi, məhkəmə iclaslarında iştirak etmək üçün iddiaçı işdən ayrılıb məhkəmə iclaslarına gəlmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının iki dəfə işdən ayrılıb məhkəmə iclaslarına getdiyi üçün gəlirindən itirəcəyi 40 manat tələbi də əsaslıdır və təmin edilməldir. Məhkəmə hesab edir ki, iddiaçının dəbbə pulu tələbi qismən təmin edilməlidir. Belə ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. İddiaçı 120 gün üçün 30 manat dəbbə pulu tələb edir, lakin məhkəmə hesab edir ki, 120 gün üçün dəbbə pulu 26,64 manat (222 x 0,1%) x 120 gün) təşkil etidiyindən dəbbə pulu həmin məbləğdə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 20 manat dövlət rüsumunun 19,80 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxxxxxxxxxx” ASC-dən 222 (iki yüz iyirmi iki) manat sıgorta ödənişi, 50 (əlli) manat müstəqil ekspert üçün ödəniş, dəbbə olaraq 26,64 (iyirmi altı manat altmış dörd qəpik) manat, 7,70 (yeddi manat yetmiş qəpik) manat yol xərci, 19,80 (on doqquz manat səksən qəpik) manat dövlət rüsumu, iki dəfə işdən ayrılıb məhkəmə iclaslarına getdiyi üçün gəlirindən itirdiyi 40 (qırx) manat, ümumilikdə 366,14 (üç yüz altmış altı manat on dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1682/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1682/2020
16.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver