Məhkəmə qərarları › İş №2(004)-1684/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1684/2023

25.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1684/2023 25.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin dəyişdirilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı 5 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli, MŞB/5-00608 saylı barışıq sazişi ilə xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay 250 manat sabit pul məbləğində müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı 5 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli, MŞB/5-00608 saylı barışıq sazişi ilə xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh tərəfindən hər ay 190 manat sabit pul məbləğində alimentin iddiaçıya verilməsi barədə razılıq əldə olunmuşdur. Qeyd olunan aliment məbləği uşağın tələbatlarının təmin edilməsi üçün hazırkı vəziyyətdə iqtisadi göstəricilər ilə uzlaşmır. Belə ki, ərzaq qiymətlərinin qalxması və uşağın böyüməsi onun maddi tələbatının artmasına səbəb olmuşdur. Uşağın saxlanılmasında iddiaçının valideyn kimi iştirak etməsinə baxmayaraq, uşağın maddi tələbatının tam təmin edilməsində o, bəzi problemlərlə üzləşmişdir. Uşağın maddi tələbatının təmini iddiaçı ilə yanaşı həmçinin cavabdehin də valideyn kimi vəzifəsidir. X1 9 yaşı var və o, orta məktəbdə təhsil alır. Bu səbəbdən, cavabdeh tərəfindən ödənilən 190 manat aliment məbləği uşağın tələbatlarını tam ödəmək üçün kifayət etmir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək izahatında göstərmişdir ki, o, iddiaçı ilə ayrıldıqdan sonra yeni nikaha daxil olmuş və həmin nikahdan da bir övladı dünyaya gəlmişdir. Hal-hazırda 500 manat əmək haqqı alır, hər ay 250 manat aliment ödəməyə maddi imkanı yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı onunla cavabdeh arasında bağlanmış sazişin alimentin miqdarına dair bəndinə dəyişiklik edilməsi və alimentin artırılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 424. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri 424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. İş materiallarına əlavə edilmiş: Bakı 5 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli, MŞB/5-00608 saylı barışıq sazişindən müəyyən olunur ki, həmin barışıq sazişi (sazişin 2.1-ci bəndi) ilə xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tərəfindən hər ay 190 manat sabit pul məbləğində alimentin İddiaçı verilməsi barədə tərəflər arasında razılıq əldə olunmuşdur. Sazişin 3.1-ci bəndinə əsasən tərəflər razılığa gəlmişlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Bakı 11 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, tərəflər sazişə dəyişiklik edilməsi və sazişlə müəyyən edilmiş alimentin miqdarının artırılması barədə razılığa gələ bilməmişlər. Məhkəmə barışıq sazişi ilə alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətinin yaxşılaşmasını və onun hər ay 250 manat miqdarında alimenti ödəməsinə maddi imkanının olmasına dair sübutların məhkəməyə təqdim edilməməsini, uşağı saxlamağın hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq hesab edir ki, barışıq sazişinə dəyişiklik edilməsi və barışıq sazişi ilə razılaşdırılmış alimentin miqdarının artırılması tələbi təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçılar aliment alınması barədə iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddia rədd edildiyindən dövlət rüsumu tərəflərdən tutulmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar